525.Az

Ustad - Cahangir Məmmədlinin 80 yaşına


 

Ustad - <b style="color:red"> Cahangir Məmmədlinin 80 yaşına</b>

Ustadımızın - professor Cahangir Məmmədlinin anadan olmasının 80 illiyini qeyd edirik. 

Mən özümü, sözün əsl mənasında, şanslı tələbələrdən sayıram ki, bu tədbirdə iştirak edib, ustadım haqqında düşüncələrimi bölüşə bilmişəm. 
Cahangir müəllimi fakültədə "Müəllimlərin müəllimi" adlandırmaq yerinə düşər. Bu gün qələmiylə öz sözünü demiş, öz üslubuyla tanınmış neçə-neçə qələm sahibləri də ustadımız Cahangir müəllim haqqında düşüncələri bir daha buna isbatdır. 

Vüqar Zifəroğlu, BDU-nun Jurnalistika fakültəsinin dekanı: “Onu ifadə edə biləcək ən dəqiq və konkret söz “ustad”dır. Cahangir müəllim bizdən əvvəlkilərin, bizim və bizdən sonrakıların ustadıdır”.

Allahverdi Məmmədli, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor: “Cahangir müəllim sözün böyük və həqiqi mənasında mənim müəllimim olub. Həm təhsildə, həm elmdə, həm də həyatda”. 

Aygün Əzimova, Milli mətbuat tarixi kafedrasının dosenti: "Cahangir müəllim mənim üçün böyük alim, öz metodu ilə seçilən ustad pedaqoq, nəinki tələbələrinin, eləcə də əhatəsində olan kəslərin həm mənəvi, həm də maddi tələblərini ödəməyi özünün vətəndaşlıq borcu bilən insandır. Ürəyində Qarabağ boyda bir ağrısı olan Cahangir müəllimə ən böyük arzum Şuşanın Cıdır düzündəki sevinc dolu göz yaşlarını bizimlə bölüşməsidir".  Esmira Rövşənova, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi: “Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir” - deyirdi Ümummilli liderimiz Heydər Əliyev. Həyatının böyük bir qismini müəllimliyə həsr etmiş Cahangir müəllimin saysız-hesabsız əsərləri arasında mən də yer aldığım üçün çox qürurluyam”. 

Yuxarıda da vurğuladığımız kimi, qazandığı uğurlara görə çoxları Cahangir müəllimə qibtə ilə yanaşa bilər. Onun ən böyük qazanclarından biri isə, yəqin ki, tələbə sevgisidir. Fakültədə hansı tələbəni didirirsən-dindir, hər biri onun haqqında ən xoş sözlər deyir.

Bizim Cahangir müəllimin ən böyük zənginliyi tələbələrinin qəlbində qurduğu taxtdır.  Bu gün mediada, mətbuatda öz sözünü demiş jurnalistlərin böyük bir qismi Cahangir müəllimin məktəbini məktəbini keçmişdi. 

Əsl jurnalistlərin imzasının sonunda bir Ustad imzası - Cahangir müəllimin imzası yatır.

Sözün açığı, qələmimin Cahangir Məmmədlidən yazacaq qədər güclü olduğunu düşünmürəm, amma öz növbəmdə çıxış etməkdən qürur duyuram.  Fəxrlə deyə bilərəm ki,mənim yazılarımın sonunda Cahangir müəllimin imzası yer alır. 

Həyatımızda baş verənlərin heç biri təsadüf deyil. Hər şeyin bir mənası, bir səbəbi var. Cahangir müəllimlə tanışlığımız 1-ci kursun 2-ci yarımilindən başladı. Bu tanışlıq mənim həyatımda dönüş nöqtəsi idi. 

Cahangir müəllimin mühazirələri hər zaman seçilirdi. Onun mühazirələri bir növ xoş, şirin söhbət təsiri bağışlayırdı. Hər bir dərsin sonunda müəllim auditoriyaya müraciət edir, "kimə hansı mövzu qaranlıq qaldısa, soruşa bilər" deyirdi. Auditoriyada demək olar ki, ən çox sualları mən ünvanlayırdım. Bunun da başlıca səbəbi professorla daha çox ünsiyyətdə ola bilmək arzusu idi. Müəllim hər bir sualımı obyektiv, ətraflı şəkildə izah etməkdən yorulmazdı. Dərsdən əlavə mühazirələrimizi telefonda danışarkən davam etdirirdik. Hər yeni əsərimi qələmə alarkən ilk Ustadımla bölüşər, ətraflı müzakirə aparır, düzəlişlər edirdik. Ustadımla çox dərin və olduqca maraqlı klassik ədəbiyyatımızdan da söhbət açardıq. Bu xoş anların bitməsi mənim üçün içdən təəssüfləndirici bir hiss idi, müəllimlə həmsöhbət olarkən zamanın nə vaxt gəlib keçdiyinin fərqinə belə varmırdım. Mən yorulmadan Ustadımı uzun müddət ərzində dinləməkdən zövq alırdım. Müəllimlə xoş bir söhbətin sonu, sanki bitməsini istəmədiyim bir tamaşanın sonu kimidir. 

Cahangir müəllim sehirli qələmiylə bir çox tələbələrin həyatını aydınlatdıgı kimi mənim də həyatıma işıq oldu. Mənim qələmimi Cahangir müəllim kəşf etdi. Mənə bir yol, cığır açdı ki, o yolda daim irəliləyəcəm.  Bütün tələbələri kimi mənim də ən böyük şansım Cahangir müəllimin  tələbəsi olmaqdır. Bundan son dərəcə qürur duyur, fəxr edirəm.

Bu gün Ustadımızın 80 illik yubileyidir. 

Fakültəmizin müəllimləri sözün əsl mənasında, bizə dost və sirdaşdırlar. 

Düzü, o jurnalistə ki Cahangir müəllim dərs demədi, gələcəkdə onun əsl jurnalist olacağına inanmaq çətin məsələdir. 

Əsl jurnalistlərin imzasının sonunda bir Cahangir müəllim imzası yatır. Ustadımla hər söhbətim, sözün əsl mənasında bitməsini istəmədiyim bir tamaşa kimidir. 

Ustadım, mənim ən böyük şansım sizin tələbəniz olmaqdır. Bundan son dərəcə qürur duyur, fəxr edirəm. 

Ustadım, sizin haqqınızda yazmağa qələmimin gücünün yetməyəcəyini düşünürəm, amma öz növbəmdə çıxış etməkdən də qürur duyuram. 
Bu gün Ustadımızın məşəqqətlə keçdiyi və minlərlə qaranlıq qəlbləri işıqlandırdığı 80 illik ömür yolunun ildönümüdür. Cahangir müəllimlə bağlı xatirələrim bəlkə də, sonu bitmək bilməyən bir roman olar.  

Ustadım, Siz bizim nəinki fakültənin, həm də jurnalıstikamızın dayağısınız. İnşallah önümüzdəki uzun illərdə biz sizinlə əlamətdar günləri, məhz Ağdamın Novruzlu kəndində, Şuşada Cıdır düzündə, Xarıbülbül təravətli Qarabağın bahar çağında qeyd edəcəyik. Heç şübhəsiz, Çiçəyinizin (Müəllim daim mənə belə müraciət edər) uğurlarına baxıb daim qürur duyacaqsınız. Mən buna inanıram, ustadım. Mən sizin açdığınız çığırla addımlayacam. Və sizin tələbəniz olmaqdan bir ömür qürur duyacam.

Şəms HÜSEYNLİ
Jurnalistika fakültəsinin II kurs tələbəsi

 





25.01.2022    çap et  çap et