525.Az

Sarkisyanın qəfil istefası: Proseslər necə inkişaf edəcək?


 

Sarkisyanın qəfil istefası: <b style="color:red"> Proseslər necə inkişaf edəcək? </b>

Məlum olduğu kimi, Ermənistan prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verib. Sarkisyan istefasını onunla əsaslandırıb ki, prezidentin hazırda xarici və daxili proseslərə təsir etmək üçün müəyyən səlahiyyətləri və imkanları yoxdur. Konstitusiya ona potensialından sistemli daxili və xarici siyasət problemlərini həll etmək üçün istifadə etməyə imkan vermir. Prezidentin sözlərinə görə, ona xarici siyasətə, iqtisadi siyasətə, diasporla münasibətlərə təsir mexanizmlərinin yaradılacağı ilə bağlı vədlər verilsə də bu baş tutmayıb.

Qeyd edək ki, Armen Sarkisyan 2018-ci ildə, Serj Sarkisyan Ermənistanın baş naziri seçiləndə  prezident vəzifəsinə gətirilib. Bundan əvvəl isə o, Böyük Britaniyada səfir idi. Sarkisyanın prezidentliyi dövründə baş nazir Nikol Paşinyanla daim fikir ayrılığında olub. Həmçinin, o, ölkə əhəmiyyətli bir sıra məsələlərdə fikir bildirməkdən yayınaraq, bir növ prosesin iştirakçısı olmamağa çalışıb. 

Bəs Sarkisyanın istefasının əsl səbəbi nədir? Ermənistanın özündə bununla bağlı müxtəlif tezislər irəli sürülür. Məsələn, politoloq Stepan Danielyan ortada bir sıra müəmmalı və maraqlı sualların qaldığını deyib: "Ermənistanda ciddi və sistemli diskussiyalar aparılmır. Armen Sarkisyanın istefası zamanı məni onun qiymətləndirilməsi yox, bəzi suallar maraqlandırır. Prezident niyə məhz indi istefa verdi? Onun razı olmadığı və prezident kimi məsuliyyəti üzərinə götürmək istəmədiyi hansı hadisələr gözlənilir? Hansı mümkün sənəd hazırlanırdı ki, Sarkisyan o kağızdakı mətnin altında imzasını görmək istəmir? Bu mühüm vəzifəni atıb getməyin mənası nədir? Nələr oldu və hansı yeni hadisələr gözlənilir? Bəlkə yeni hakim qüvvə onun istefası ilə yeni ssenarini pozmağa çalışır? O, "prezidentin təsir etmək imkanı olmadığı" hansı "köklü siyasi dəyişikliklərdən" danışırdı? Hər halda bu istefa ciddi qəbul edilməlidir".

Konstitusiya Məhkəməsinin keçmiş Aparat rəhbəri Edqar Kazaryan Qərbə yaxınlığı ilə seçildiyini söyləyib: "Armen Sarkisyan erməni xalqının tarixində Kremlin divarları arxasında qalan və ora daxil olmayan yeganə Ermənistan prezidenti oldu. O, işlədiyi 4 il ərzində heç vaxt Rusiya prezidenti tərəfindən rəsmi şəkildə qəbul edilmədi. Hətta 2021-ci il mayın 9-da Qızıl meydanda Böyük Vətən Müharibəsinin Qələbə gününə həsr edilən parada belə dəvət edilmədi. Ümumiyyətlə, Moskvaya rəsmi tədbirlərə çağırılmayaraq Kremlin divarlarından kənar saxlanıldı".

Azərbaycanlı politoloq İlyas Hüseynov isə söyləyib ki, əslində Armen Sarkisyanın istefası bir qədər təəccüblüdür: "Çünki Sarkisyan xarici siyasət və diaspor sahəsində çalışan, eyni zamanda Ermənistanın ərəb ölkələri ilə əlaqələrini inkişaf etdirən siyasətçi idi. Digər tərəfdən, onun Britaniya, Vatikan və bir sıra ərəb ölkələri ilə yaxşı münasibətləri vardı. Buna baxmayaraq, prezident kimi səlahiyyətləri kifayət qədər məhdud idi və dövlət idarəçiliyi, qərarların qəbulu kimi məsələlərdə səlahiyyətlər əsasən Paşinyanın əlində cəmləşdiyi üçün Sarkisyan yetərsiz görünürdü".

Onun sözlərinə görə, Paşinyan özünün prezidentliyə yolunu açmaq üçün Sərkisyanı müxtəlif vasitələrlə istefaya məcbur edib: "2018-ci ildə hakimiyyətə gələn Paşinyanın Serj Sarkisyan zamanında təyinat alan Armen Sarkisyanı da vəzifədən uzaqlaşdıracağı gözlənirdi. Lakin onlar birlikdə dövlətin idarəçilik aparatının yenidən qurulması haqqında razılaşdılar. 44 günlük müharibədə isə Ermənistanın məğlubiyyəti, Paşinyanın uğursuz addımları həm də onun nüfuzunu aşağı salırdı. Fikrimcə, Sarkisyanın istefasında Paşinyanın da rolu var. Paşinyan artıq özü üçün prezidentliyə namizədləri müəyyən edib. Bunlardan ən önəmliləri Ermənistan parlamentinin sədri Alen Simonyan, Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyandır. Prosedura görə, hazırda Simonyan prezident vəzifələrini icra edir. Simonyanla da bağlı cəmiyyətdə birmənalı fikir yoxdur. O, müharibə zamanı Yunanıstanda istirahət etməsi ilə məşhurlaşıb. Paşinyanın ətrafındakı kadrların məhdud olduğunu nəzərə alsaq, Simonyanın prezidentliyə ən uyğun namizəd olduğunu deyə bilərik. Ermənistan Konstitusiyasına görə, prezident seçkiləri ilə bağlı 25 gündən tez və 35 gündən gec olmayaraq fəaliyyət həyata keçirilməlidir. Qarabağ klanının da seçki marafonunda fəallaşması müşahidə oluna bilər. Çünki parlamentdə prezidentin seçilməsi üçün 80 səsə ehtiyac var, hakim partiya isə 79 yerə sahibdir. Seçkinin ikinci mərhələyə qalacağını düşünürəm. İkinci mərhələdə isə yalnız 65 səs Paşinyana öz istədiyi namizədi seçdirməyə kifayət edəcək. Fikrimcə, baş nazir son nəticədə prezident kürsüsündə özünü görür. Bu isə ilkin mərhələdə qarışıq rejimə, sonrakı dövrdə isə super prezident sisteminə keçidlə mümkün ola bilər".

PƏRVANƏ
 

 





26.01.2022    çap et  çap et