525.Az

Ey "hörmətsiz" müəllim! - Şahanə Müşfiq yazır


 

Ey "hörmətsiz" müəllim! -<b style="color:red"> Şahanə Müşfiq yazır</b>

Yadıma gəlir illər öncə idi, təxminən anam yaşlarında bir qadınla belə bir dialoqumuz olmuşdu. Qadın 5-6 nəfərin içərisində təhsillə bağlı söhbətin ortasında demişdi:

- Qələt eliyər bircə müəllimin mənim övladıma barmağı dəyər. Müəllim kimdir ki, uşağımla kobud rəftar etsin?! Canı çıxsın öyrətsin uşağımı...

Onda məktəbli idim, son siniflərdə oxuyurdum, valideynim də vardı, müəllimlərim də. Özümdən böyüklərə sərt cavab qaytarmağı sevməsəm də, deyəsən, ömrümdə ilk dəfə idi əsəblərimi cilovlaya bilməmişdim. Ən çox təsir edən isə ətrafdakıların onu təsdiqləməsi olmuşdu:

- Bağışlayın, amma çox səhv danışırsız.

Qadın təəccübdən bərəlmiş gözləriylə üzümə baxdı. Mənsə, davam edirdim:

- Əgər müəllim sizin uşağınızın üstünə qışqırırsa, demək ki, uşağınız nəyisə səhv edib. Əgər müəllim sizin uşağınızı vurmaq məcburiyyətində qalıbsa, deməli, siz hardasa, səhv etmisiniz.

- Məəəəənnn?

- Əlbəttə siz! O uşağa tərbiyəni verən valideyndir. Məktəbdə müəllimini incidən uşağa, deməli, valideyn tərbiyə verə bilməyib. Siz evdə bir, ən çoxu iki uşağınızla bacara bilmirsiniz, amma müəllim bir sinifdə 25-30 uşaqla bacarmalı olur. Müəllim insan deyil?

- Pah, o, buna görə maaş alır, canı çıxsın, uşağa tərbiyə də versin.

- Məhəmməd Peyğəmbərin yanına bir qadın gəlir, deyir uşağım beş günlükdür, mən ona nə vaxtdan tərbiyə verməyə başlayım? Peyğəmbər deyir: "5 gün gecikmisən". Siz uşağınızı 6-7 yaşında məktəbə göndərirsiz. Əgər uşağa 6 yaşından sonra məktəbdə müəllim tərbiyə verəcəksə, siz bir valideyn kimi bu 6 ildə nə işlə məşğul olmusuz? Qaldı ki, maaşa, müəllimin maaşı göz önündədir. Bunu onların başına vurmaq vicdansızlıqdır. Mənim anam da müəllimdir, özü də çətin tərbiyə olunan uşaqlarla işləyir. Düzdür, o, bu vaxta kimi heç bir tələbəsinə əl qaldırmayıb, qaldırmaz da, amma hərdən elə tərbiyəsiz uşaqlar olur ki, onlar qarşısında müəllimin necə səbr etdiyinə mən belə təəccüblənirəm. Zəhmət çəkin, uşağınıza tərbiyə verib sonra göndərin məktəbə. Onda sizin əzizinizə güldən ağır söz də deyən olmaz.

Cavabını gözləmədən uzaqlaşmışdım ordan. Amma ona olan əsəbim saatlarla keçməmişdi. Hələ o vaxtdan başa düşürdüm ki, bu düşüncədə olan valideynlərin sayı artsa, bizi bir cəmiyyət olaraq heç də yaxşı şeylər gözləmir.

Son günlər baş verən hadisələr yenidən o əhvalatı xatırlatdı mənə və anladım ki, qorxumda, narahatlığımda nə qədər haqlıyammış. Əlinə bir telefon alan düşüb müəllimlərin canına. Bir müəllimin səsi bir balaca hündürdən çıxan kimi çəkib yerləşdirir sosial şəbəkələrə. Bilən də, bilməyən də, tanıyan da, tanımayan da "hurreeyy" deyib düşür müəllimin üstünə. O vaxtacan ki, o müəllim ya işdən qovulur, ya da ən yaxşı halda şiddətli töhmət alır. Yəni, bizim bir vaxtlar idealımız kimi, əlçatmazımız kimi baxdığımız, bircə sərt baxışından yerimizdə tir-tir əsdiyimiz, onu əsəbləşdirməyi özümüzə ən böyük ayıb hesab etdiyimiz müəllimə bu gün nə cəmiyyət sahib çıxır, nə də dövlət. Bir Allah bəndəsi soruşmur "o uşaq nə iş görmüşdü?" Deyəcəksiniz, bu, ona haqq vermir. Amma yanılırsınız. Elə bu gün səhər (25 yanvar) qarşıma çıxan bir video ətimi ürpərtdi. Bir sinifdə müəllim jurnal yazarkən uşaqlar o qədər tərbiyəsiz, o qədər ədəbsiz hərəkətlər edirlər ki. Ekrandan baxarkən mənim əsəblərim gərildi, bəs o müəllim neyləsin? Lakin o müəllim heç bir şey etmir, sakitcə jurnalı yazmağa davam edir. Çünki bilir, tanıyır öz cəmiyyətini. Bilir ki, uşağa "yerində otur" belə desə, sabah onun valideyni, sonra nəsli-kökü, sonra da bütün ictimaiyyət töküləcək üstünə: müəllim şagirdə səsini qaldırdı! Bax, buyuq biz!

Hamı bir ağızdan müəllimlərin işə qəbul olarkən psixoloji yoxlanışlardan keçməsini tələb edir. Buna narazı deyiləm, əslində, psixoloji yoxlanışdan təkcə müəllim deyil, vaxtaşırı hamımız keçməliyik. Belə bir cəmiyyətdə normal psixologiyada qalmaq qəhrəmanlıq işidir axı. Amma bir gənc 4 il bakalavr, əksərən, 2 il magistraturada pedaqoji təhsili aldıqdan sonra (təhsil müddətində verdiyi imtahanların sayını siz hesablayın) bir də imtahan verib hansısa kəndin hansısa təmirsiz, uçuq-sökük məktəbinə min bir minnətlə işə qəbul olduqdan sonra üstəlik, ondan psixoloji yoxlanış da tələb etmək nə dərəcədə ədalətlidir? Axı bu uşaq universitetdə psixologiya fənni keçib. Axı bu gənc qapı-qapı düşüb nə qədər imtahanlar verib. İcazə verin soruşum: siz gələcəyin müəlliminə verdiyiniz təhsilə güvənmirsiniz, yoxsa cəmiyyətinizin vətəndaşı normal psixologiyada saxlaya biləcəyinə? Əgər müəllim potensialı çox, vakansiyalar azdırsa, nəyə lazımdır hər universitetdə bu qədər pedaqoji fakültə? Bu uşaqları sabaha müəllim hazırlayırsınız, yoxsa, başıqapazlı, gözüqıpıq "dərs verməyə çalışan"?

"Dərs vermək"... Bu günümüzün bir bəlası da məhz bu "dərs verməkdir". Nə zaman ki, təhsil, təlim tərbiyənin önünə keçdi, bax onda dəyişdi bütün düzən. Adicə bağçalar belə artıq tərbiyədən daha çox təlim verirlər. Müəlliminin qarşısında adicə oturuş qaydasını bilməyən övladımın atom kəşf eləməsi bir valideyn kimi mənə başucalığı gətirərmi? Sizi bilmirəm, mənə yox!

Mən demirəm şagird müəllimindən qorxsun, müəllim şagirdə nə istədi eləsin! Əsla! Mən deyirəm ki, hadisələrə yanaşmada obyektivliyinizi qoruyun. Xalq yazıçısı, akademik Kamal Abdullanın rektor kimi dediyi sözlər indiyə kimi yadımdadır: "Mən heç bir tələbəni heç bir müəllimin ayağına verməyəcəyəm. Amma heç bir müəllimi də heç bir tələbənin ayağına verməyəcəyəm!" Budur, balansı qoruyub saxlamaq!

Hər dəfə bu cür xəbərlər oxuyanda yadıma həmin o məşhur misralar düşür: "Ey hörmətli müəllim, hər könüldə yerin var..."

Hörmətli? Doğrudan da, indi müəllimlərdə hörmət qoymuşuqmu qala?!

 

 

 





26.01.2022    çap et  çap et