525.Az

"İşıqfor" hökumətdə fikir ayrılığı


 

"İşıqfor" hökumətdə fikir ayrılığı <b style="color:red"></b>

Ukrayna ətrafında Rusiya ilə Qərb arasında yaranmış gərginlik Almaniyanın yeni hökumətində ilk fikir ayrılığına səbəb olub. Üç partiya - Sosial Demokrat, Yaşıllar və Azad Demokratlar tərəfindən qurulan hökumətdə ölkənin xarici siyasət kursu ilə bağlı fikir ayrılığının olduğu üzə çıxıb.

Hökumətə rəhbərlik edən Almaniya Sosial Demokrat Partiyasının (SPD) lideri Olaf Şolts xarici siyasətdə vərəsiliyin davam edəcəyini bəyan edib. Bu isə Angela Merkelin 16 illik iqtidarı dövründə formalaşmış xarici siyasət kursunun davam edəcəyi anlamına gəlir. Deməli, Rusiya ilə Qərb arasında gərginliyin son həddə çatmasına baxmayaraq, Berlin Moskva ilə əməkdaşlıq etməkdə davam etmək istəyir. Aydın görünür ki, Olaf Şolts Almaniyanın maraqları naminə Rusiyaya münasibətdə Qərb blokundan fərqli siyasət aparmağa cəhd edir. Bu vəziyyət isə hökumətdə fikir ayrılığı yaradıb.

Azad Demokratlar Partiyasının sədrliyinə əsas namizədlərdən biri İran əsilli siyasətçi Bijan Djir-Sarai hökumətin xarici siyasətini kəskin tənqid edib. Djir-Sarai hesab edir ki, Almaniya xarici siyasət addımlarında daha inamlı olmalı, dəyərlərini müdafiə etməlidir. Onun fikrincə, Almaniya öz dəyərlərini müdafiə etməsə Putin, Ərdoğan və ya Çin Administrasiyası Berlin hökumətini ciddi qəbul etməyəcək. Djir-Sarai hökuməti qətiyyətli xarici siyasət aparmağa çağırıb. Almaniya Sovet İttifaqının son zamanlarından başlayaraq Moskva ilə fəal əməkdaşlıq edir. İki alman dövlətinin birləşməsi prosesindən başlayaraq "Şimal axını-2" qaz kəmərinin çəkişinə kimi bütün böyük siyasi və iqtisadi layihələr Almaniyanın Moskva ilə əməkdaşlığı şəraitində həyata keçirilib. Ümumiyyətlə, almanlarla ruslar iki dünya müharibəsinin ikisində də cəbhə xəttinin əks tərəflərində yer alan düşmən dövlətlər olsalar da, iki xalq arasında bir-birinə dərin bağlılıq var. Hətta faşist Almaniyasının təbliğat naziri Yozef Göbbels Rusiyaya rəğbət bəsləyirdi. İndi də Almaniya Rusiya ilə münasibətlərini qorumağa çalışır. Ancaq Rusiya ilə Qərb arasında münasibətlər gərginləşdikcə Almaniya qəti seçim etmək məcburiyyəti qarşısında qalır.

Almaniya Hərbi Dəniz Qüvvələrinin rəisi Kay-Axim Şönbax Ukraynanın Krımı geri qaytarılmasının mümkünsüzlüyünü dilə gətirdikdən sonra vəzifəsindən istefa vermək məcburiyyətində qaldı. Vitse-admiral Kay-Axim Şönbaxın bu fikirlərinə Ukrayna sərt etiraz etmişdi. Almaniya Hərbi Dəniz Qüvvələrinin rəisinin düşünlməmiş sözlərinin Berlinin Qərb tərəfdaşlarında narazılıq yaradacağından ehtiyatlanan Almaniya Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi problemin böyümədən həll olunmasını üstün tutdular. Kay-Axim Şönbax Almaniya Hərbi Dəniz Qüvvələrinin rəisi vəzifəsindən könüllü istefa verdi. Lakin bu istefa hökumətdəki fikir ayrılığını həll etmir. Almaniyanın Qərblə yanaşı, Rusiya ilə də eyni zamanda uğurla əməkdaşlıq etməsi hər ötən gün daha da çətin olur. ABŞ başda olmaqla Qərb müttəfiqləri Almaniyadan Rusiyaya qarşı sərt mövqe tutmağı tələb edirlər. Rusiya ilə əlverişli ticarət imkanlarından faydalanan alman biznesi isə Moskva ilə münasibətləri korlamağın əleyhinə çıxış edir. Belə bir vəziyyətdə Berlinin seçim etməsi çətinləşir. Ancaq Olaf Şoltsın başçılıq etdiyi hökumətdə təmsil olunan hər üç partiya Qərblə münasibətlərin Almaniya üçün həyatı əhəmiyyət daşıdığını anlayırlar. Buna görə NATO və Avropa Birliyi ilə birgə hərəkət edəcəklərini bəyan edirlər. Əgər Berlin Moskvaya münasibətdə yumşaq mövqe tutmağa çalışsa, bu, hökumətin istefası ilə yanaşı, Almaniyanın da mövqelərinin zəifləməsinə gətirib çıxaracaq. 

 





26.01.2022    çap et  çap et