525.Az

Dövlət İmtahan Mərkəzi imtahanlara başlayır


 

MƏLEYKƏ ABBASZADƏ: "BURAXILIŞ İMTAHANLARI MÖVCUD QAYDALAR ƏSASINDA FƏNN KURİKULUMLARININ TƏLƏBLƏRİNƏ UYĞUN KEÇİRİLƏCƏK"

Dövlət İmtahan Mərkəzi imtahanlara başlayır<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzi tam (11 illik) və ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının vaxtını açıqlayıb. 11-ci siniflər üçün buraxılış imtahanları Qaradağ, Xəzər, Yasamal, Nərimanov, Gəncə (Kəpəz), Qazax, Qax, Balakən, Yevlax, Ağdam, Göyçay, Ağdaş, Lənkəran, İmişli, Şirvan, Qusar, Biləsuvar, Gürcü bölməsi üzrə martın 5-də, Nizami, Suraxanı, Binəqədi, Sumqayıt, Gəncə (Nizami), Ağstafa, Oğuz, Zaqatala, Beyləqan, Füzuli, Kürdəmir, Ucar, Cəlilabad, Saatlı, Neftçala, Şabran, Siyəzən, Xızıda isə martın 6-da keçiriləcək.

11-ci siniflər üçün buraxılış imtahanları Sabunçu, Səbail, Nəsimi, Naxçıvan Muxtar Respublikası, Goranboy, Naftalan, Göygöl, Daşkəsən, Tovuz, Gədəbəy, Şəki, Masallı, Astara, Bərdə, Tərtər, Ağsu, İsmayıllı, Sabirabad, Xaçmazda martın 12-də, Xətai, Abşeron, Pirallahı, Mingəçevir, Samux, Şəmkir, Qəbələ, Yardımlı, Lerik, Ağcabədi, Zərdab, Şamaxı, Salyan, Quba, Qobustan, Hacıqabul, Bakı (xüsusi məktəblər - internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər, Çilov), ingilis və fransız bölmələri üzrə isə martın 13-də olacaq.

9-cu siniflər üçün (I zona) 16 və 17 apreldə, II zona 23-24 aprel, III zonada isə 30 aprel- 1 mayda olması planlaşdırılıb.

Kolleclərə qəbul imtahanının vaxtı da məlumdir. Belə ki, 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı 2-3 apreldə keçiriləcək. Həmin tarixdə eyni zamanda əvvəlki illərin məzunları üçün I,II,III və IV qruplar üzrə qəbul imtahanının I mərhələsi, V qrup üzrə ali təhsil müəssisələrinə də qəbul imtahanı olacaq.

Bundan başqa müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən 11-ci sinif şagirdləri üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən (bölmədən) fərqli dil üzrə vermək istəyən 11-ci sinif şagirdləri üçün əlavə imtahan və eksternat qaydasında buraxılış imtahanı (11 illik) da 2-3 apreldə keçirilməsi nəzərdə tutulub.

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyir ki, cari dərs ilində buraxılış imtahanlarının ikinci yarımilin ortasında keçirilməsi nəzərdə tutulduğu üçün Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərindən tədrisi həmin dövrə təsadüf edən mövzular proqrama salınmayıb.  Onun sözlərinə görə, 2022-ci ildə də buraxılış imtahanları mövcud qaydalar əsasında fənn kurikulumlarının tələblərinə uyğun keçiriləcəkdir: "Bilik və bacarıqlar müvafiq fənn kurikulumlarına uyğun olaraq aşağı siniflərdən etibarən öyrədilir və formalaşdırılır. 1-ci sinifdən 11-ci sinifədək ayrı-ayrı fənlər, o cümlədən, tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə kurikulumların müəyyən etdiyi məzmun xətləri dəyişmir, tələbləri isə sadədən mürəkkəbə doğru dəyişir. Tədris proqramlarına görə xarici dil fənnindən 9-cu sinifdə, tədris dili və riyaziyyat fənləri üzrə isə 11-ci sinifdə dərs ilinin birinci yarımilində əsas bilik və bacarıqlar formalaşmış olur.  Cari dərs ilində buraxılış imtahanlarının ikinci yarımilin ortasında keçirilməsi nəzərdə tutulduğu üçün Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərindən tədrisi həmin dövrə təsadüf edən mövzular proqrama salınmayıb. Qeyd edim ki, həmin mövzular ali təhsil müəssisələrinə qəbul imtahanı proqramlarına daxil ediləcək".

Məleykə Abbaszadə bildirib ki, ümumtəhsil məktəblərində də tədris ilinin sonunda fənlər üzrə qiymətləndirmə aparılır və həmin qiymətlər attestatda qeyd olunur: "Abituriyent" jurnalının xüsusi buraxılışında sizə 11-ci sinif üzrə buraxılış imtahanı fənlərinin proqramlarını və tapşırıq modellərini təqdim edilib. Jurnalda, həm də dinləyib-anlama bacarığını yoxlamaq üçün tapşırıq nümunələri, DİM-in internet saytında isə müvafiq audiofayllar təqdim edilir. Hər kəs müvafiq  faylları öz telefonuna və ya kompüterinə yükləyib dinləməklə jurnalda təqdim edilən tapşırıqları cavablandıra bilər. İmtahan modelinə uyğun tapşırıq nümunələri siniflər üzrə "Qiymətləndirmə tapşırıqları" kitablarında da nəşr edilib. Abituriyentlərə DİM-in təqdim etdiyi materiallarla "Abituriyent" jurnalı, saytımız və rəsmi sosial media hesablarımız vasitəsilə tanış olmağınızı tövsiyə edirik. Abituriyentlərin  bütün suallarına cavab verməyə və təqdim olunan materialları şərh etməyə hazırıq".

Təhsil eksperti Elçin Əfəndi deyir ki, gələcək illərdə ola bilsin ki, imtahanlar il ərzində istənilən zaman keçirilsin. Dövlət İmtahan Mərkəzi tərəfindən bu məsələ barədə düşünülür.

Ekspertin dediyinə görə, buraxılış imtahanlarının attestat imtahanları hesab olunması ilə bağlı insanlarda çaşqınlıq yaranıb: "Buraxılış imtahanı cari ilin məzunlarının qəbul imtahanlarının I mərhələsidir. Əvvəlki illərin məzunlarının da qəbul imtahanıdır ki, həmin imtahanda əldə olunan 300 bal blok imtahanında (II mərhələ) əldə oluna biləcək maksimum bal 400 balın üzərinə toplanır. Beləcə abituriyentin hər iki imtahan nəticəsi əsasında ixtisas seçim mərhələsinə buraxılıb-buraxılmayacağına aydınlıq gəlir. İnsanlarımızda çaşqınlıq yaradan məqam buraxılış imtahanlarının attest imtahanı hesab olunmasıdır ki, bu əslində belə deyil. Attestat illik qiymətlər əsasında formalaşır ki, burada buraxılış imtahanı verilən fənlərin (Azərbaycan dili, (rus dili), riyaziyyat və xarici dil) də qiymətləri ilə yanaşı imtahanda əldə olunan nəticələr də öz əksini tapır. Bir daha qeyd edirəm ki, buraxılış imtahanı attestat imtahanı deyil. Attestat üçün imtahan keçirilmir. Attestat qiymətləri illik qiymətlər əsasında müəyyənləşir". Ekspert vurğulayıb ki, proqrama tam salınan mövzular əvvəlki illərin məzunlarını əhatə edir: "Məlum olduğu kimi, buraxılış imtahanları cari ildə əvvəlki illərə nisbətən erkən keçiriləcək. Bu imtahanda şagirdlərin bilik və bacarıqları onların müvafiq dövrədək (imtahanadək) keçdikləri mövzuları əhatə edəcək. Dövlət İmtahan Mərkəzinin Abituriyent jurnalının xüsusi buraxılışında mövzular barədə məlumat verilib və bəzi insanlar tərəfindən abituriyentlər yanlış istiqamətləndirilir ki, bəs bütün mövzular var. Bəli, mövzular var, amma onlar əvvəlki illərin məzunları nəzərə alınaraq yazılıb. Çünki əvvəlki illərin məzunları proqramı ötən il tam başa vurublar".

Elçin Əfəndi gələcəkdə imtahanların il ərzində istənilən zaman keçirilə biləcəyini qeyd edərək bu istiqamətdə xarici ölkələrin təcrübəsinə nəzər salıb: "Əslində imtahan zamanı şagirdlərin bilik və bacarıqlarının yoxlanılması əsas götürülür ki, bu zaman onların mənsimədikləri mövzular üzrə də bunu tətbiq etmək mümkündür. Biz xarici ölkələrə nəzərə saldıqda müəyyən edə bilərik ki, bir çoxunda imtahanlar dekabr ayından başlanır. Bir çoxunda fevral və ya mart. Hətta elə ölkələr var ki, onlarda il ərzində imtahan vermək mümkündür. Yeri gəlmişkən qeyd edim ki, Dövlət İmtahan Mərkəzi tərəfindən bu barədə düşünülür. Yəni gələcək illərdə, ola bilsin 5 ilə və ya daha çox  imtahanlar il ərzində istənilən zaman keçirilsin. Fikrimcə, bu məsələ bir az zaman alacaq".

Təhsil eksperti qeyd edib ki, cari ildə keçiriləcək buraxılış imtahanlarında cari ilin məzunları imtahanadək keçdikləri əsas mövzular üzrə, əvvəlki illərin məzunları isə tam proqram üzrə imtahan verəcəklər: "Buraxılış imtahanları istər cari ilin, istərsə də əvvəlki illərin məzunları (ilk dəfə müraciət edirlərsə) üçün ödənişsizdir".

Sevinc QARAYEVA

 





26.01.2022    çap et  çap et