525.Az

Nazim Hikmətin 120 illik yubileyi AYB-də qeyd olunub - Foto


 

Nazim Hikmətin 120 illik yubileyi AYB-də qeyd olunub -<b style="color:red"> Foto</b>

Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Filologiya elmləri doktoru, Azərbaycanın əməkdar elm xadimi Tofiq Məliklinin təşəbbüsü ilə Nazim Hikmətin 120 illiyinə həsr olunmuş tədbir keçirilib. 

Tədbirin açılışında AYB-nin sədr müavini Rəşad Məcid qonaqları salamlayaraq şairin həyatı və yaradıcılığı ilə bağlı fikirlərini səsləndirib. Daha sonra birliyin sədri, Xalq yazıçısı Anarın Nazim Hikmətə həsr etdiyi "Kərəm kimi" romanı haqqında danışaraq yazıçının salamını qonaqlara çatdırıb. 

Tofiq Məlikli öz çıxışında Nazim Hikməti "Azərbaycan şairi" adlandıraraq onun poeziya inqilabçısı olduğunu, Azərbaycan gənc nəslinin formalaşmasında xüsusi rol oynadığını vurğulayıb. 

"Azərbaycanda sərbəst şeirin banisi Nazim Hikmətdir. XX əsrdə Süleyman Rüstəm, Rəsul Rza, Səməd Vurğunla möhkəm dostluqlar qurub. Təsadüfi deyil ki, Səməd Vurğunun yazdığı ilk şeirlər sərbəst şeirlər idi. Nazim Hikmət Sovet ədəbiyyatı üçün bütövlüklə yeniliyə açılmış pəncərədir. Onu yenidən kəşf etməliyik, çünki indiyədək oxuduğumuz Nazim Hikmət, əslində Nazim Hikmət deyil" - deyən Tofiq Məlikli, çıxışında Nazim Hikmətin üç şeirini səsləndirib, şairin həyatı ilə bağlı maraqlı faktları sadalayıb. 

Tədbir zamanı filologiya elmləri doktoru, professor Vaqif Sultanlı, Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə, ədəbiyyatşünas və esseist Rüstəm Kamal, şair, publisist Qəşəm Nəcəfzadə də çıxış edərək Nazim Hikmətlə bağlı düşüncələrini bölüşüb, onun Azərbaycan və türk poeziyasındakı rolundan bəhs ediblər. 

El Roman


 

 





26.01.2022    çap et  çap et