525.Az

Kassandranın lənəti - Gülşən Nail yazır


 

Kassandranın lənəti -<b style="color:red"> Gülşən Nail yazır</b>

Qədim yunan əfsanəsinə görə, işıq və incəsənət tanrısı Apollon Kassandra adlı qıza vurulur. Məhəbbətdən gözləri kor olan aşiq eşqi yolunda hər şeyi etməyə hazırdır. Onun vəziyyətini görən gözəl şəhzadə ən böyük arzusunun gerçəkləşəcəyi, yəni gələcəyi görmək bacarığının ona bəxş ediləcəyi halda Apollonla evlənəcəyini bildirir. Apollon Kassandranı əldə etmək üçün dərhal istəyini həyata keçirir. Böyük gücü əldə edən qız aşiqinin məhəbbətini rədd edir. Gülünc şəkildə aldadılmasından qəzəblənən tanrı isə onu lənətləyir. Ən böyük arzusu Kassandranın lənətinə çevrilir. Diləyi gerçəkləşən şəhzadə gələcəyi görərək qarşıdakı bəlalardan, müharibələrdən, müsibətlərdən xəbər versə də, dediklərinə əhəmiyyət verən, inanan olmur.

Özümüzə aydın bir baxış bucağı tapıb cəmiyyəti nəzərdən keçirsək, azmı Kassandra taparıq? Oxuyub, öyrənib, araşdıran, həqiqətlərə varan, insanları onlardan agah etməyə çalışan elm, maarif adamları da Kassandranın lənətinə tuş gəliblər. Onlar elə hey deyirlər, deyirlər, eşidən, eşitmək istəyən olmur. Yaramaz tilsimin qurbanına çevrilən alimlər nadan varlıqlara acıyırlar, onların az da olsa, çıxış yolunu tapmalarına çalışırlar. Bundan ötrü bütün qüvvələrini ortaya qoyurlar, lakin fəlakətlər baş verənədək insanlar onlara inanmaqdan boyun qaçırırlar. Bu,  optimist olmaqda deyil, biliklərinin kifayətsiz olması, müəyyən qədər də başısoyuqluqla əlaqədardır. Demək olar ki, bütün təbiblər paket məhsullarının - aylarla qalan cipslərin, şokoladların, şirniyyat qutularının, qazlı meyvə şirələrinin, dondurulmuş hazır yeməklərin insan sağlamlığı üçün zərərli olduğunu deyirlər. Bununla belə, demək olar ki, heç kəs xəstəlik tapana qədər onları istifadə etməkdən çəkinmir. Yəni başımıza bəla gələnədək şüurlu hərəkət etməkdən boyun qaçırırıq.

Yaxud da bütün dünyanı "çərlədən" koronavirusu misal göstərək. Bu xəstəlik ölkəmizə gələnə qədər insanlara gigiyena qaydalarına əməl etmələri tövsiyə olundu, virus gələndən sonra eyni məsləhətlər şiddətlə təkrarlandı, sərt karantin rejimi tətbiq edildi. Lakin yenə eyni şey baş verdi: "bizim qonşu da tutub", "mənim dayım da korona oldu", "yalan deyil, mən özüm də xəstələndim" kimi məlumatlar xəbər səhifələrinin şərhlərində oxunana, səs yazıları bir telefondan digərinə ötürülənədək inanan olmadı ki, olmadı. Sonra bunun cəzasını çəkən də yazıq "lənətlənmiş" elm adamları oldular. Xəstələnənlər həkimlərin "üstünə qaçdılar". Dünyada koronaviruslu xəstələrə qulluq edən nə qədər tibb işçisi bu bəlanın qurbanına çevrildi. Səbəb nədir? Bizim kimi "cəhənnəmi görmədən ona inanmayanlar", yoxsa hər düşünən beyinin Kassandranın tilsiminə məhkum olması?
 Bəlkə də, lənətlənən onların dili deyil, bizim qulaqlarımızdır...

 





26.01.2022    çap et  çap et