525.Az

"Mən insanların ümidlə yaşamasını istəyirəm" - Teymur Kulov


 

REJİSSOR TEYMUR KULOV: "ARAQARIŞDIRANLARLA, XƏBİS VƏ NANƏCİB VARLIQLARLA ÜNSİYYƏT İNSANLARIN YAŞAMAQ EŞQİNİ MƏHV EDİR"

"Mən insanların ümidlə yaşamasını istəyirəm" -<b style="color:red"> Teymur Kulov</b>

Rejissor Teymur Kulov 1987-ci ildə Tatarıstanda doğulub. Bu istedadlı insanı yaxından tanımaq istəyirsinizsə, ya onun  Rusiyanın müxtəlif teatrlarında quruluş verdiyi tamaşalara baxmalısınız, ya da bir qədər səbrli olub, Teymurla Azərbaycan Dövlət Akademik Musiqili Teatrın yaradıcılıq əməkdaşlığının bəhrəsi olacaq yeni əsərin oynanılacağı günü gözləməlisiniz. Hələliksə sizlərə ilk dəfə Bakıya gələn rejissorla eksklüziv müsahibəmizi təqdim edirik.

***

- Teymur, xoş gəlmisiniz. Qonşu respublikalar olsaq da, deyəsən yolunuz heç Azərbaycana düşməyib.

- Təəssüf  ki, elədir.  Etiraf edim ki, mən bir cənub şəhərinin bu qədər müasir, cazibədar, gözəl və tolerant olduğunu ağlıma belə gətirməzdim. Hava limanından yaşayacağım otelə gələnəcən ürəyimdə özümü danladım ki, niyə mənim yolum  indiyədək Bakıya düşməyib, onun mehriban, səmimi, istiqanlı, qonaqpərvər, gülərüz, işıqlı insanları ilə yaxından tanış  olmamışam. Şəhəriniz göz qamaşdırır, yeni tikililər, yolboyu gördüyüm çox müasir arxitekturaya malik inzibati mərkəzlər, qədimliklə müasirliyin çuğlaşdığı memarlıq cizgiləri ilə zəngin binalar adamı valeh edir. Hələ qədim və qocaman memarlıq abidələrinin qayğı ilə qorunduğu İçərişəhəri demirəm. Bir sözlə, mükəmməl bir şərq gözəli şəhər - bu gözəlliklərə hər gün tamaşa etmək, hər gün bu şəhərin necə dəyişdiyinin şahidi olmaq məncə, hər bir şəhər sakini üçün xoşbəxlikdir. Hələ insanlarınız - adamı yüz ilin tanışı kimi qarşılayır, ünsiyyət qururlar. Mən özümü burada qərib hiss eləmədim.

- Bakıya ilk səfəriniz  işgüzar tanışlıq xarakterlidir, əminəm ki, növbəti gəlişinizdə bu şəhərdə sizi heyrətləndirən çox maraqlı məqamlar görəcəksiniz. Hələliksə, gəlin səfərinizin məqsədindən danışaq. 

- Bir müddət əvvəl bizim Kazan şəhərində keçirlən teatr festivalına Azərbaycandan Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayev də dəvət edilmişdi. Biz orada daha yaxından tanış olduq, o bizim tamaşalarımıza baxdı, mənimlə əməkdaşlıq etmək istədiyini bildirdi və Bakıya dəvət etdi. Budur, indi mən Bakıdayam. Bir neçə gündə Lalayevin rəhbərlik etdiyi teatrın kollektivi ilə yaxından tanış oldum, həm Azərbaycan, həm rus bölməsində oynanılan əsərlərə baxdım və açıq etiraf edim ki, teatrda hökm sürən yaradıcılığ ab-havasına heyran qaldım. Əliqismət Lalayev əsl peşəkardır, teatrda çox qibtəedici işgüzar şərait yaratmağa nail olub. Bütün sexlər saat kimi işləyir, balet, xor, güclü səs tembrinə, aktyorluq  qabiliyyətinə  malik yaradıcı heyətlə, orkestrlə çalışmaq çox maraqlıdır. Hələ möhtəşəm teatr binasını demirəm. Bu bina barədə mənə məlumat verəndə düşündüm ki, öz mədəniyyətinə sahib çıxan, onun inkişafı üçün çalışan bir xalqın təbii ki, çox zəngin tarixi köklərə, böyük mədəniyyətə malik olduğunu deməyə ehtiyac yoxdur. Baxdığım həm milli, həm də klassik əsərlərin rejissor yozumu da xoşuma gəldi, inanıram ki, biz bərabər maraqlı bir tamaşa hazırlaya bilərik.

- Konkret bir əsər seçdinizmi? Onun janrını müəyyənləşdirdinizmi? Çünki siz indiyədək daha ciddi rejissor yozumlu tamaşalar hazırlamısınız.

- Yaxşı iş, çox böyük zəhmət, ciddi əmək, yaradıcılıq axtarışı, yeni yanaşma və fikir aydınlığı tələb edir. Mən bir daha təkrar edirəm ki, bu teatrla işləmək arzum onun işgüzar heyəti, xüsusilə də teatrla nəfəs alan, onun inkişafı, təbliği üçün bütün çətinlik və problemləri operativ, həm də yüksək səviyyədə həll etməyi bacaran istedadlı bir rəhbərlə və onun komandası ilə çalışmaq mənim üçün həm bir yaradıcılıq zövqü, həm də rejissor kimi özünü yeni bir ampluada təsdiq etmək fürsətidir.

- Sizi oxucularımıza necə təqdim edək? Beş filmdə fərqli obraz yaratmaq imkanını təsdiqləyən kino aktyor kimi, modern səpkili işləri ilə gündəmdən düşməyən fotoqraf kimi, yoxsa rejissorluğu böyük bir sənət sayıb bu sahədə çox ciddi işləri ilə imzasını təsdiq etməyə nail olan sənətkar kimi? Sizcə, rejissor, aktyor, fotoqraf Teymur Kulov müasir dünyada nəyi dəyişmək və ya nəyi qoruyub saxlamaq istəyir? Kazandan doğulsanız da istedadlı insan kimi daha çox Rusiyanın müxtəlif şəhərlərində tamaşaya qoyduğu orijinal quruluşları ilə fərqlənən, təəccübləndirən, sevindirən bir rejissor, istedadlı yaradıcı şəxs kimi tanınırsınız. Əslində, siz kimsiniz, rejissor, aktyor, yoxsa fotoqraf?

- Mən sərbəst və müasir düşüncəli bir insanam. Hansı işə başlayıramsa, çalışıram onu mükəmməl tamamlayım. O mənim işim olsun. Kiminsə nə vaxtsa elədiklərinin klişesi olmasın.  2013-cü ildə Boris Şukin adına Teatr İnstitutunu bitirəndə elə bilirdim ki, dünya mənim ovuclarıma sığacaq qədər kiçikdir. Sonra Moskavada, Lipetskdə, Novokuznetskdə, Abakanda, Tümendə tamaşalar hazırladım, müxtəlif teatr kollektivləri ilə tamam fərqli məzmunlu əsərlər tamaşaya qoydum. Açığını deyim ki, bəzən dönə-dönə hər şeyi sıfırdan başladığımı hiss eləsəm də, ruhdan düşmədim, daha çox öyrənməyə can atdım, heç kəsi təkrarlamamağa, yamsılamamağa çalışdım. Hər dəfə yeni bir işi planlaşdıranda  fikirləşdim ki, bizdən əvvəl də mənim kimi insanlar yenilik həvəsində olublar, nələrsə yaradıblar, nələrisə dəyişdiriblər. İndi hər kəsin eşitdiyi və söylədiyi fikirlərin çoxu deyilib, keçdiyi yolların nə vaxtsa çoxları keçib. Hər dəfə yeni bir əsər üzərində işə başlayanda fikirləşirəm ki, hamar asfalt yolla yüyürməyə nə var ki. Məncə, ustalıq və bacarıq öz açdığın cığırla, öz saldığın yolla irəliləməkdir.  Mən Tatarıstanda, Buinski Dövlət Dram Teatrında on tamaşa hazırlamışam. Bütün tamaşalar da fərqli quruluşda. Təkrarı sevmirəm. Bu mənim həm özümə, həm aylarla bərabər çalışdığım  aktyorlara, həm də tamaşaçılara hörmətimdən və məhəbbətimdən yaranan bir tələbkarlığımdır. Hətta mövzu etibarı ilə ən yeknəsək, ən tragik və ya ən komik əsərlər üçün belə, təkrar quruluş, mizan, musiqi, səs effektindən istifadə etmirəm, edə bilmirəm. Çelyabinsk Kamera Teatrına dəvət olunanda, o vaxt  üçün bəlkə də, klassik teatr tənqidçilərinin qəbul etməyə çətinlik çəkdikləri bir əsər üzərində işləməyə başladım. Biz bu böyük və zəngin teatr ənənələri olan şəhərdə yaradıcı heyətlə birgə  yazıçı Fyodr Soloqubun "Kiçik şeytan" əsərini seçdik.

- Bu əsər geniş tamaşaçı kütləsinə yaxşı tanışdır, eyniadlı filmi milyonlarla adam izləyib. Bəs bu sizi  narahat etmədi?

 - Yox, əksinə. İkiqat əzmkarlıqla çalışdıq. 

- "Kiçik şeytan" əslində, 1890-cı ildə yazılmağa başlasa da, müəllif onu 1905-ci ildə oxuculara təqdim edib və o vaxtdan müasir tamaşaçını nə az-nə çox, düz 132 illik bir zaman kəsimi ayırır. Yeni dünyada yaşayan müasirləriniz üçün hər hansı informasiyanın bir telefon və ya internet düyməsindən asılı olduğunu bildiyiniz halda necə risk etdiniz?

- Bunu mənim inadkarlığım və özgüvənim kimi qəbul edin. Onda bu sözləri mənə etimad göstərib bu işi həvalə edənlərə də dedim və ...

- Və sonra yerli mətbuatın yazdığı kimi, gözlənildiyindən də işıqlı və ümid dolu bir iş alındı.

- Məncə, əsərin qayəsi də elə bu idi. Kiçik şeytanlarla, araqarışdıranlarla, xəbis  və nanəcib varlıqlarla ünsiyyət insanların içindəki işığı söndürür, yaşamaq eşqini məhv edir, hədəfindən yayındırır. Mən harada, hansı teatrda işləməyimdən asılı olmayaraq, ilk növbədə tamaşaçılara bir ümid qığılcımı verməyə, həyatın, insanların işıqlı üzünü göstərməyə çalışıram. Sadəcə indiyədək kimlərinsə hazırladığı tamaşalardakı quruluşu təkrarlamaq mənə özgənin şinelini geyinmək kimi arzuolunmaz bir cəhddir, "copy-past" deməkdir. Mən isə hər dəfə yeni işə başlayanda çalışıram ki, başqasının  interpretasiyası olan şleyflərdən bəhrələnməyim, bu artıq dünənin işləridir, keçmişdir. Biz müasir oxucu, tamaşaçı və dinləyici üçün maraqlı və aktual olan daha fərqli işlər görməliyik.

- Qayıdaq bu günümüzə. İndi  siz Bakıdasınız, qarşıda sizi çox böyük bir yaradıcılıq imtahanı gözləyir. Necə düşünürsünüz, bu teatrda bizim tələbkar tamaşaçıların imtahandan üzüağ çıxmaq üçün münbit bir zəmin gördünüzmü?

- Çox səmimi etiraf edim ki, əğər belə bir şərait olmasaydı, sakitcə bu maraqlı şəhərlə və gözəl insanlarla xudahafizləşib geri qayıtmaq barədə heç bir vəd verməzdim. Ancaq mən artıq indidən sizin bu yaraşıqlı və müasir teatrınızın salonunda əyləşən tamaşaçıların nəfəsini, onların səhnəyə zillənmiş baxışlarındaki marağı və sevinci gördüyüm üçün mütləq geri qayıdacağımı düşünürəm. Belə bir şəhərdə, belə mükəmməl bir səhnə imkanları olan teatrda, bu cür işgüzar və yaradıcılıq həvəsi ilə dop-dolu insanlarla, xüsusilə teatrı sevən, onun bütün nüanslarını dərindən bilən yaradıcı bir insanla - Əliqismət Lalayevlə bərabər çalışmaq mənim üçün çox xoşdur, həm də çox böyük etimaddır. Mənim ən böyük arzum bütün dünya üçün çətin və ağrılı olan bu keçid dövründə, həyatımızın yeni bir düzənə girdiyi dönəmdə insanlara ümid vermək, onların həyata daha böyük sevgi ilə sarılmağına kömək  etməkdir. İnanıram ki, bu istəyi  məhz burada, Azərbaycanda gerçəkləşdirmək mənə qismət olacaq. Ona görə də sizinlə sadəcə sağollaşıram və deyirəm: Salamat qalın,  tezliklə görüşənədək! 

- Yolunuz açıq olsun!

Telli PƏNAHQIZI
 

 





26.01.2022    çap et  çap et