525.Az

Ustadımızın 80 yaşına


 

Ustadımızın 80 yaşına<b style="color:red"></b>

Mənalı, məzmunlu, ətrafına, müasirlərinə örnək olan hər kəsin bir mənəvi müəllimi olur. Bu yerdə “mənəvi” epitetini ona görə işlədirəm ki, bu keyfiyyətlərə malik insan ona birbaşa dərs deyib deməməsindən asılı olmayaraq ömür yolundan, insanlıq fəlsəfəsindən daimi bir düz xətlə öyrəndiyi adamı özünə müəllim hesab edir. Deyirlər ki, hər kəsin taleyində müəlliminin öz yeri var. Cahangir Məmmədli məhz bir çoxumuzun taleyinə yazılmış həmin o müəllimdir. Cahangir Məmmədlinin bir ziyalı, alim, müəllim kimi şəxsiyyətinin xüsusiyyəti onun milliliyində, Vətən sevgisində, mənəvi dəyərlərə bağlılığında, yenilikçiliyindədir. Ənənə ilə yeniliyi, milliliklə bəşəriliyi, klassika ilə müasirliyi qovuşdura bilmək bacarığı məhz onun yaradıcılığının əsasını təşkil edir.

Uzun və gərgin fəaliyyət və yaradıcılığın nəticəsi olaraq Cahangir Məmmədli 20-yə yaxın kitabın, 500-dən artıq elmi və publisistik məqalənin müəllifidir. Cahangir Məmmədli Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktorudur. Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsüdür. 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Cahangir Məmmədlini bizim birinci kursda dərs deməyə başladığı andan tanımışam. Qrupumuzun bəzi tələbələrinin jurnalistikanı seçdiklərinə görə tərəddüd hissi keçirdikləri də gizli deyildi. Birinci kursun ikinci semestrinin lap başlanğıcında əvvəlki semestrdə az-çox kafedra müdiri kimi tanıdığımız, yazılarını az-çox izlədiyimiz, bizim üçün bu yeni müəllim nəzəriyyə və praktikanı elə birləşdirdi ki, tərəddüt keçirən tələbələr də özlərinə gəldilər. Cahangir müəllim elə ilk dərsdə nəzəriyyə ilə praktikanın vəhdətinin əhəmiyyətini, jurnalistika janrlarının nə olduğunu anlatdı. Bütün tələbələrinə olduğu kimi, bizə də ilk tövsiyyəsi: istər televiziyada olun, istər radioda, istər qəzetdə - unutmayın, hər şey mətndən başlayır. Yazmağı öyrənin. Burada ən vacib məqam hər kəsin öz üslubunun formalaşmasıdır. Üslub isə çox oxumağa, daimi mütaliəyə, bədii ədəbiyyatdan gələn leksik zənginliyə, sintaktik formata çox bağlıdır...– deməsi oldu. Biz onun dərslərində klassik jurnalistikanın müasir rənglərini, çağdaş dünya və milli yazıçıları, onların yaradıcılığını tanıdıq.

Magistr təhsilimi başa vurduqdan sonra tale elə gətirdi ki, mən Cahangir müəllimin rəhbərlik etdiyi kafedraya böyük laborant vəzifəsinə təyin olundum. O vaxtdan etibarən isə onunla müəllim-tələbə münasibətlərimiz yeni bir müəllimlik mərhələsinə qədəm qoymuş oldu. Artıq ancaq auditoriyadan müəllim kimi tanıdığım, jurnalistikanın incəliklərini öyrəndiyim Cahangir müəllimdən müəllimlik peşəsinin sirlərini də öyrənməyə başladım. Təkcə müəllimlikmi? Hər söhbətindən, örnəklərindən həyat dərsi aldım. Anladım ki, o da özünə bənzərləri sevir: təvazökar, qayğıkeş, fədakar və iddiasız! Öyrəndim ki, professor Nəsir Əhmədlini fakültəmizin ən yaxşı alimi, müəllimi, insanı kimi özünə örnək tutur, professor Qulu Məhərrəmlini geniş diapozonlu savad sahibi, alim kimi qiymətləndirir, professor Allahverdi Məmmədlini dostluqda ən sədaqətli adam kimi dəyərləndirir və s. Beləcə hər gün  böyük həvəslə gəldiyim iş otağım gələcək fəaliyyətimdə, xüsusən də müəllimliyə gedən yolda hər gün nələrisə öyrəndiyim “auditoriyaya” çevrildi.

Cahangir Məmmədli ədəbi-ictimai fikir məkanında həm də ədəbi tənqidçi kimi tanınır. Akademik İsa Həbibbəyli, Anar, Elçin kimi yazıçılar ona bir ədib kimi yüksək qiymət verirlər.

Adam var ki, idarə etdiyi sahədə sərt qaydalara üstünlük verir, adam da var mehriban, qayğıkeş davranışları ilə. Cahangir müəllim məhz ikinci xüsusiyyətləri ilə hər zaman tələbələrinin və kollektivin hörmətini və sevgisini qazanıb. Cahangir Məmmədlini tanıyan hər kəs 54 il iş stajı olan bu pedaqoq üçün universitet məfhumunun hətta müqəddəslik səviyyəsində olduğunu yaxşı bilir. Özünün sözüdür: “Qurani-Kərim bir kitab kimi müqəddəsdirsə, bütün ağıllı kitablar da universitetdə yaranır. Bu məntiqlə “Universitet” sözü də müqəddəs anlayışdır”. Əksər yazılarında və müsahibələrində həyatının böyük bir qismini Bakı Dövlət Universitetinə, Jurnalistika fakültəsinə bağlayan Cahangir müəllim bu gün ictimai rəydə alim, müəllim, publisist kimi nail olduğu hər şeyə görə məhz Universitetə borclu olduğunu  qürurla deyir.

Bir igidin ömrü qədər uzun illərdən bəri yanında olduğum, böyük laborant vəzifəsindən müəllimliyə qədər özümə uzun gələn 12 illik bir yol yoldaşı, iş yoldaşı olduğum, kafedrada yanında böyüdüyüm Cahangir Məmmədlinin həm rəsmi, həm də mənəvi bir müəllimi oldu: professor Şirməmməd Hüseynov. Yüksək səviyyəsi, Vətənə sevgisi, elmə, müəllimliyə bəşəri nümunə olan bir insan! Cahangir müəllimin yanında çalışdığım illərdə Şirməmməd Hüseynovun da mənəvi dünyasına  daxil olmuş və hər iki müəllimimin yaşanmışları, xatirələri ilə yaxından tanış olmuşam. Bu yaxınlarda Şirməmməd Hüseynovun 97 illiyini qeyd etdiyimiz gündə özünün 80 illik yubileyinin də astanasında olan Cahangir müəllim kafedrada kitab rəfindən Şirməmməd Hüseynovun kitabını götürdü və vərəqləməyə başladı. Kitabı hər hansı bir məsələ ilə bağlı vərəqlədiyini düşünərək işimə davam etdim. Ani bir anda gözüm Cahangir müəllimin kövrəlmiş gözlərinə sataşdı. Yaxınlaşıb nə baş verdiyini soruşmaq istəyirdim ki, kitabı mənə uzadaraq müəlliminin öz xətti ilə yazdığı avtoqrafı göstərdi. Yaxşı xatırlayıram ki, hər iki müəllimim öz kitablarını hər zaman böyük səxavətlə iş yoldaşlarına, tələbələrinə hədiyyə edərdi. Lakin Şirməmməd Hüseynov hədiyyə ünvanlarına çox nadir hallarda avtoqraf yazardı. Cahangir müəllim də məhz bu nadir ünvanlardan biri idi. Kitabı alıb müəllifin aydın bir xətt ilə yazılmış sözlərini oxuyuram: “Əzizim Cahangir! 80 yaşın tamam olanda bu kitabı bir də vərəqləyərsən. Elə bir tələbənə rast gələsən ki, sənin kimi savadlı, istedadlı və kişi olsun! Şirməmməd H. 17/XII/2004”

İndi Cahangir müəllimin 80 yaşı tamam olur. Və mən avtoqrafı oxuduqdan sonra Cahangir müəllimin öz müəlliminin müqəddəs vəsiyyətini ləyaqətlə yerinə yetirdiyini anlayıram. Bir çoxlarımızın müəllimlər müəllimi epiteti ilə müraciət etdiyimiz Şirməmməd Hüseynov 20 il bundan öncə özünün tələbəsi – Cahangir Məmmədli ilə bağlı bir yazısında deyirdi: “Cahangir Məmmədli həm tədqiqatçı, həm də müasir dövrün tələbləri səviyyəsində duran ustad (kursiv mənimdir – E.R.) pedaqoq, müəllimdir. 35 ildir ki, BDU-nun jurnalistika fakültəsində dərs deyir. Onun necə dərs dediyini çoxminlik tələbə ordusu yaxşı bilir. Respublikamızda elə bir kütləvi informasiya vasitəsi tapmaq olmaz ki, orada Cahangir müəllimin yetirməsi işləməsin... Mən bilərəkdən Cahangir müəllim barədə “tələbəm” ifadəsini işlətmirəm. Çünki o, artıq özü həqiqi savadı, ləyaqəti, davranışı, əqidə və məsləki ilə seçilən, sayılan müəllim və ziyalılarımızdan biridir”.

Düz 20 il öncə qələmə alınmış bu sətirlərdə “ustad” epitetinin işlənməsi təsadüfi deyildi. Çünki mən özüm də illərlə birgə çalışdığım Cahangir müəllimə bir çoxlarının ancaq bu epitetlə müraciət etməsinin şahidi olmuşam.  

Tələbələrinin bir çoxu da Cahangir müəllimə “ustad” deyə müraciət edirlər. Fakültəmizin qiyabi şöbəsinin ikinci kurs tələbəsi Əsgər İsmayılovun yazılarında olduğu kimi. Tələbəmiz “Novruzu Novruzluda...” sərlövhəli bir essesində yazır: “... bizlərə keçmişi unutmamağı, müdriklərimizə sevgi ilə yaşamağı öyrədən böyüklərimiz var. Mətbuatımızın atası Cahangir Məmmədli kimi. Ustad necə ki, ataları hər zaman öz sözündə, öz məqamında uca görüb, eləcə biz onun hər kəlməsini uca tutub, hər sözünü özümüzə bir ata sözü kimi qəbul etmişik və edirik. Çünki ustadın hər kəlməsində bir xeyir, məsələyə yanaşmasında isə bir uzaqgörənlik var... Ustadın “soyuq səngərdəki əsgərimə Tanrı duası” da Allah qatında eşidilib”.

Bu gün “illərimin kədəri də, sevinci də özümündür” deyən, jurnalistlərin, hər birimizin müəllimi, professor Cahangir Məmmədlinin 80 illik yubileyidir. Doğulmamışdan atasını müharibədə itirəndə, körpə ikən ana itkisini yaşayanda, doğma yurdundan, torpağından, Ağdamından, Novruzludan 30 ilə yaxın məcburi köçkün düşəndə dünyanı qaranlıq görsə də 80 illik yubileyi dövründə artıq dünya işıqlıdır. Artıq Vətəni azad! Özü isə öz təbirincə desək, beş gözəl qız övladının -  “Xəmsəsinin” atasıdır!

Əziz müəllimim! Sizə 80 illik yubileyinizdə dünyanı bütün istiqamətlərdən ancaq işıqlı görməyi arzu edirəm!

Esmira RÖVŞƏNOVA,

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini

 





26.01.2022    çap et  çap et