525.Az

"Yerdə tutduğum dərdə gedib göydə ovunam..." - Aysel Fikrətin şeirləri


 

"Yerdə tutduğum dərdə gedib göydə ovunam..." -<b style="color:red"> Aysel Fikrətin şeirləri</b>

Aysel FİKRƏT 

Məktub 

Salam mənim əzizim, necədi orda hava?
Mən lap dəli olmuşam bu boyda ayrılıqda.
Oralar da soyuqdu, bəs işlərin necədi?
Burda sakit, səssizcə, sıradan bir gecədi.

Ulduzları göydə tək, ulduzları çox yalnız,
Buludları da qorxaq, yağışları anlamsız.
Çox adidi gündüzü, çox sadədi səhəri,
Yığışıb gedib sənlə bütün möcüzələri.

Çox unutqan olmuşam son zamanlar bir ayrı,
Dərdi bölüb qoymuşam yan-yana, ayrı-ayrı.
Hər şeyi düşünmüşəm, ən çoxu ayrılığı
Təkcə bu unutmağın yolu bir başqa ağrı.

Bəlkə necəsə olur yaddaşda da yaşamaq,
Bəlkə orda bir evcik, yuva qurum səninçün.
Nə var e itirməyə, itirmək hər zaman var,
Bəlkə yaddaşda qalaq, darıxıram səninçün.

Görürsən unuduram, görürsən yaddaşsızam,
Tamam yadımdan çıxıb, sənə məktub ki çatmır.
Hər şeyi düşünmüşəm, hər nə varsa yazmışam
Ayrılığın küçəsi, poçtu, ünvanı çatmır.

Yenə özünü düşün, öz-özünə yaxşı bax,
İsti geyin, şərfini bir az da yaxşı bürü.
Əlindən tut sevginin, yenə qaçar yaramaz,
Həsrəti çox ağırdı, yer üzünü bürüdü.

Bu çatmayan məktubu, oxuyuram özümə,
İçində tək sən olan, ən doğmaca yerimdi.
Bəlkə bir gün böyüdü, o da bir adam oldu,
Bəlkə bir gün sevgim tək ayaq tutub yeridi.

 

Şəkil 

Gəlin şəkil çəkdirək,
Gözəl düşək şəkildə.
Qəm yağan gözlərimiz,
gülümsəsin şəkildən.
İllər ötüb gedəndə,
şəkillər yola düşür.
hər il ömür payımız,
bir şəkil ola, düşür.

Soluxan ömrümüzün,
Şəkillərmiş bəzəyi.
Evin dörd bir tərəfi,
şəkillərlə bəzənib.

Adam-Adam itirlər,
yanımızda duranlar.
Tələsirlər, gedirlər,
başqa şəkil olmağa.

Kim şəkildə qalır ki,
hamı qocalır gedir.
gedir bir soyuq daşda,
baxan şəkil olmağa.

 

Axmaq keçi

Ana döndüm yanına, gəldim danla balanı,
Heç bilirsən başımda nələr döndü, nə gəldi.
Bəlkə bir az azalda, sevgin dərdi, bəlanı.
Dərd canımda döyünən, qorxaq ağacdələndi.

Sən necə danışmışdın, o nağılı ay ana,
Qapını açmazdı kaş, o qurda bala keçi.
Ürəyimə damırdı bu nağılda hikmət var
Ən şuluğu, ən tərsi, ən qanmazı, ən kəçi.

Ürəyin yanır mənə? - bilirəm qurban olum,
Mənim günahım nədi? - axı sənin balanam.
Görəsən nə olacaq, div kimi yorulmuşam,
Yerdə tutduğum dərdə gedib göydə ovunam.

Dərdi dəmə qoymuşam, öz-özünə dəmlənir,
Mən gəlincə tam olar, söhbətləşib içərik
Ana qapını bərk ört külək, Ölüm girməsin
Kim gəlsə qov qapıdan, de özümüz bilərik.

Sən danışan nağıldan baş açmışam sanmıram,
Bir onu yaxşı bildim, dərd qapıdakı qurddu.
Döyüb-döyüb qapını başını aldatdığı,
Axmaq keçi cildində qorxaq sevgimi uddu.
 

Gəlmişəm sənə 

Kim nə bilir, necə gəlmişəm sənə,
Dərd qalasın keçib, gəlmişəm sənə.
Dolanmışam dua kimi başına,
bəla kimi gecə gəlmişəm sənə.

Kim nə bilir, neçə kərə sevmisəm,
Hər sevgini nədəndi sən bilmişəm,
Eşq yolunda İrfanatək yetmişəm,
Dönüb orda heçə, gəlmişəm sənə.

Mən gəlincə bahar dönüb, gül solub,
Yol bağlanıb, körpü yanıb, daş donub.
Bilə-bilə gözlərimə yaş olub,
Almamışam vecə, gəlmişəm sənə.
Heç bilirsən nə zülmlər çəkmişəm,
Ən Müqəddəs arzulardan keçmişəm.
Ayrılığı alaq kimi biçmişəm,
Dərddən keçə-keçə gəlmişəm sənə.

Bir şəhərsən, torpağların yad olub,
Ayaqların özgə yarçün yorulub,
Daha burda yer göy ilə tən olub,
Bir xaraba küçə gəlmişəm sənə.

Mən gəlincə bilməm kimə yar oldun,
Dağ başında əlçatmayan qar oldun.
Burda idin, nə oldun, necə oldun,
Ruh canımdan köçə, gəlmişəm sənə .

Ay Allahım, sənə qaldı əlacım,
hüzurunda nurun üçün əl açım,
Solub getdi sevgi adlı ağacım,
Gör hə halda, necə gəlmişəm sənə.

 

Sifariş 

Ordan bir yumağ ömür,
Havası isti olsun. 
İki gözlü evinin,
bacası tüstü olsun.

Bağçada dibçəkləri, 
Həyətində quyusu, 
Ağaclarında heyva,
uzağında qayası.

Mən də olum içində,
o həyətin, o bağın. 
Qara günü götür get, 
Qadasın alım ağın.

Elə bu cür tərs olum, 
Yalnız bir az da xoşbəxt. 
Yadıma sal arada, 
Yaşayıram bəxtəbəxt.

Ordan bir içim sevgi, 
Özümün olsun yalnız. 
Cüt nağıl uydurmayım, 
Gecələrində yalqız.

Kirayəyə olmasın,
sevginin çiçəkləri, 
noğulunda sevinc var,
uğurdan böcəklərin. 

Ordan bir ucuz ölüm, 
Kimsəyi ağrıtmayan. 
Nə anam, nə qardaşım, 
Anlamayan duymayan.

Elə bil olmamışam, 
Bu dünyanın içində, 
Bir gül boyda canım yox, 
Bu üzdə bu biçimdə.

Ordan bir az ayrılıq,
Bu dünyanı unudum,
ordan bir az laylay ver 
Öz canımı uyutum. 
 

 





27.01.2022    çap et  çap et