525.Az

Media nümayəndələrinin Lənkəran səfəri - Afaq Rza yazır...


 

"GÖMRÜK SİSTEMİNDƏ İSLAHATLAR: NƏTİCƏLƏR, PERSPEKTİVLƏR" MÖVZUSUNDA TƏLİM BAŞA ÇATDI

Media nümayəndələrinin Lənkəran səfəri -<b style="color:red"> Afaq Rza yazır...</b>

Yanvarın 24-25-də media nümayəndələri üçün "Gömrük sistemində islahatlar: nəticələr, perspektivlər" mövzusunda ikigünlük təlim keçirilib. Dövlət Gömrük Komitəsi (DGK) və Media İnkişaf Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə Lənkəran şəhərində keçirilən təlimdə 40 nəfərə yaxın media qurumunun nümayəndəsi iştirak edib. "525-ci qəzet"in də iştirak etdiyi təlim çərçivəsində Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən gömrük sahəsində risklərin idarə edilməsi, informasiya texnologiyalarının tətbiqi, hüquqpozmalarla mübarizə, fiskal fəaliyyət, "Yaşıl Dəhliz" buraxılış sistemi, avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesindəki dəyişikliklərə dair təqdimatlar nümayiş olunub.

Tədbir Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov və Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimovanın açılış nitqi ilə start götürüb. İkigünlük təlim zamanı DGK-nın mütəxəssisləri tərəfindən gömrük sahəsində risklərin idarə edilməsi, informasiya texnologiyalarının tətbiqi, hüquqpozmalarla mübarizə, fiskal fəaliyyət, "Yaşıl dəhliz" buraxılış sistemi, avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesindəki dəyişikliklərə dair təqdimatlar nümayiş edtirilib. Həmçinin, MEDİA mütəxəssisləri "Media islahatları: əsas hədəflər" mövzusunda təqdimatla çıxış ediblər.

Astara gömrük postunda

Təlimin birinci günündə Astaraya səfərimiz baş tutdu. Burada Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara" gömrük postunda gömrük sistemində tətbiq edilən prosesləri və yenilikləri əyani şəkildə müşahidə etmək imkanımız oldu. Ölkənin cənub sərhədindəki gömrük postunda görülən işlərlə bizi DGK Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov tanış etdi. Bura eyni zamanda, İran-Azərbaycan sərhəd buraxılış məntəqəsi də adlanır. İki ölkə arasındakı sərhəd məhz bu yerdən başlayır. Sərhəddə yerləşən körpüdən keçən nəqliyyat vasitələri gömrük ərazisinə giriş edir.

"Bir inspektor - bir nəqliyyat vasitəsi" ilə vaxta qənaət

Onu da qeyd edim ki, gömrük postunda bütün proseslər informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə həyata keçirilir. Bu isə işlərin minimum vaxt ərzində və asan başa gəlməsini təmin edir. Azər Abasov əyani şəkildə bütün prosesləri bir-bir izah edir. O qeyd edir ki, bu postda hazırda iki tərəzi var. Bu tərəzilərdən biri oxların sayı və ona düşən yükə görə çəkini təyin edir, nəqliyyat vasitəsinin enini, uzunluğunu ölçür, digər tərəzi isə nəqliyyat vasitəsinin birdəfəlik çəkisini müəyyən edir. Daha sonra ölkənin gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı xüsusi müşahidə kameraları ilə gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İnformasiya Sisteminə (VAİS) daxil edilir. Burada isə nəqliyyat vasitəsinin çəkisi müəyyən edildikdən sonra "bir pəncərə" sistemi vasitəsilə qeydiyyat işləri başlayır və qısa zamanda başa çatdırılır. Qurumun rəsmisi burada bir dəyişikliyi xüsusi qeyd edir. O bildirir ki, burada artıq "Bir inspektor - bir nəqliyyat vasitəsi" layihəsi tətbiq edilir. Layihə həm ölkəyə daxil olan, həm də xaricə gedən avtomobillərin növbə gözləmədən qısa zamanda gömrük buraxılış məntəqəsindən keçməsini təmin edir. Qeyd edim ki, "Bir inspektor - bir nəqliyyat vasitəsi" prinsipinə əsaslanan layihə də "bir pəncərə" sistemi çərçivəsində reallaşdırılır. Yeni layihəyə əsasən, bir nəqliyyat vasitəsinə aid olan prosedur bir inspektor tərəfindən həyata keçirilir və proses ümumilikdə 10-15 dəqiqəyə başa çatdırılır. Əvvəl isə 1 nəqliyyat vasitəsinin qeydiyyat proseduruna 4 və daha çox gömrük əməkdaşı cəlb olunurdu. Üstəlik, yeni layihə çərçivəsində qeydiyyat prosedurunun başa çatması sürücünün elektron imzası ilə təsdiqlənir.

"Bir pəncərə" sistemində qeydiyyat getdiyi vaxtda paralel olaraq nəqliyyat vasitəsinin fiziki baxışı da keçirilir. Bu baxışın əsas məqsədi yük avtomobillərində sənədlərdə qeyd edilməyən əlavə gizli malların keçirilmə ehtimalının qarşısını almaqdır. Burada gömrük əməkdaşları ilə birlikdə qurumun Kinoloji Xidmətində saxlanılan itləri də fəaliyyət göstərir. Avtonəqliyyat vasitələrinə baxış zamanı bu xüsusi təlim görmüş itlərdən istifadə olunur. "Astara" gömrük postunda belə itlərdən ikisinin prosesdə iştirak etdiyini gördük. Gömrükçülər qeyd edir ki, adətən şübhəli nəqliyyat vasitələri olduğu zaman bu itlərin iybilmə qabiliyyəti nəticəsində avtomobildə qanunsuz keçirilməyə cəhd edilən mallar aşkarlanır.  Yoxlanış bitdikdən sonra yoxlanışı keçirən əməkdaş öhdəlik götürərək həmin nəqliyyat vasitəsinin yoxlanışının başa çatdığını sistemdə qeyd edir. Fiziki baxış keçirildikdən sonra isə mexaniki-elektron kilidlə (GPS) təmin edilən nəqliyyat vasitəsi təyinat gömrük orqanına yola salınır.  Əgər avtomobil və yükə dair sənədlər qaydasındadırsa, o zaman bu proses qısa vaxt ərzində yekunlaşdırılır. GPS xidmətinin əsas funksiyası nəqliyyat vasitəsinin təhlükəsiz şəkildə təyinat məntəqəsinə çatmasını izləməkdən ibarətdir. Bu səbəbdən onların trayektoriyası hədəf mərkəzindən izlənilir. Təlimin ilk günü cənub sərhədlərimizə baş tutan səfər və buradakı prosedurlarla əyani tanışlıqla yekunlaşdı.

Təlimin ikinci günü yenidən Lənkəranda davam etdi. Sonuncu gündə təlim DGK Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini Güloğlan Muradlının çıxışı ilə başladı.  "Qaçaqmalçılıqla mübarizədə əldə olunan nailiyyətlər" adlı təqdimatda o, bir sıra məsələlərə toxundu. 

G.Muradlı gömrük işi sahəsində cinayətlərə, həmçinin, gömrük qaydaları əleyhinə inzibati xətalar və digər hüquqpozmalara qarşı mübarizə sahəsində görülən işlər və nəticələr, ötən ildə gömrük ödənişlərinin toplanması üzrə DGK tərəfindən görülən işlər barədə danışıb. Eyni zamanda 2021-də aşkar edilmiş hüquqpozmaların növ tərkibi, aşkar edilmiş cinayətlərin əsas növləri, aşkar edilmiş inzibati xətalar, narkoqaçaqmalçılığın nisbəti, narkocinayətlərin sayı, 2019-2021-ci illərdə tutulmuş narkotik və heroinin nisbəti, həmçinin, gömrük postunda tutulmuş valyuta və valyuta sərvətləri, tütün məmulatları, pirotexniki vasitələr, dərman vasitələri barədə də geniş məlumat verib. Təqdimatı zamanı qurumun rəsmisi ötən il aşkar edilmiş narkoqaçaqmalçılıq faktlarından danışarkən qanunsuz dövriyyədən götürülən narkotiklərin 99.8 %-nin cənub sərhədlərindən keçirilməklə,  əsasən Astara, Biləsuvar və Naxçıvan Muxtar Respublikası DGK Şahtaxtı gömrük postu vasitəsilə ölkəmizə gətirildiyini bildirib.

Daha sonra Dövlət Gömrük Komitəsi, Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəis müavini Əsgər Məmmədov "Avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesindəki dəyişikliklərə dair" mövzusunda təqdimatla çıxış edib. O, media nümayəndələrini ötən ildə ölkəyə gətirilən nəqliyyat vasitələri haqqında statistik məlumatlarla tanış edib. Eyni zamanda ölkəyə idxal olunan nəqliyyat vasitələrinə tətbiq olunan vergi və rüsumlar, vergi məcəlləsinə edilən dəyişiklik, elektrik mühərrikli avtonəqliyyat vasitələrinin idxalı zamanı Əlavə Dəyər Vergisi (ƏDV), gömrük rüsumu, aksiz vergisi və digər məsələlərlə bağlı geniş məlumatlar verib. Daha sonra Ə.Məmmədov jurnalistlərin suallarını cavablandırdı və mövzu ətrafında birgə müzakirələr davam etdirildi.

Sayca beşinci dəfə təşkil edilən təlimlərin yekununda media nümayəndələrinə təlimdə öyrənilən gömrük xidmətləri ilə əlaqədar materiallar üzrə test tapşırıqları təqdim edilib. Qalib gələn jurnalistlərə Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən mükafatlar təqdim olunub.

Bağlanış mərasimində Dövlət Gömrük Komitəsinin sədr-müavini İsmayıl Hüseynov və Media İnkişaf Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli çıxış ediblər. İsmayıl Hüseynov təbdbirdə iştirak edən media nümayəndlərinə gömrük sahəsində görülən işlərin operativ və doğru şəkildə cəmiyyətə çatdırılmasında əməyinə görə təşəkkür edib. Bu növ təlimlərin davamlı keçirilməsinin istər DGK, istərsə də jurnalistlər üçün əhəmiyyətindən söz açıb. Media İnkişaf Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli də öz növbəsində tədbirin keçirilməsində birgə əməkdaşlığın vacibliyindən danışıb. O, MEDİA Agentliyi tərəfindən cəmi bir ildə həyata keçirilən layihələri, müxtəlif dövlət orqanları ilə birlikdə təşkil edilən təlimlərdən söz açıb. Medianın inkişafında jurnalistlərin peşə və bacarıqlarının, o cümlədən, sosial rifahlarının yaxşılaşdırılmasının vacibliyini qeyd edən direktor müavini, bundan sonra da görülən işlərin genişləndiriləcəyini qeyd edib. Sonda bütün jurnalistlərə sertifikatlar təqdim olunub və xatirə fotoları çəkilib.

Fotoların müəllifi: Fariz Faiqoğlu

 





27.01.2022    çap et  çap et