525.Az

Qara Qarayev yaradıcılığının zirvəsi


 

"YEDDİ GÖZƏL" VƏ "İLDIRIMLI YOLLARLA" BALETLƏRİNİN YUBİLEYİ QEYD OLUNDU

Qara Qarayev yaradıcılığının zirvəsi <b style="color:red"></b>

Dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayev yaradıcılığının zirvəsi olan baletlərinin bu il yubiley ildönümləridir. Bu il görkəmli bəstəkarın "Yeddi gözəl" baletinin 70, "İldırımlı yollarla" baletinin isə yazılmasının 65 illiyi tamam olur.

525.az xəbər verir ki, bu əlamətdar tarix Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev-muzeyində qeyd olunub.
Tədbiri giriş sözü ilə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq bildirib ki, dünyaşöhrətli bəstəkar Qara Qarayevin əsərləri SSRİ-nin əksər şəhərlərində, eləcə də ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Paris, Yaponiya və Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə oynanılıb.

Bəstəkarın Nizaminin "Yeddi gözəl" poemasından bəhrələnərək yazdığı "Yeddi gözəl" və Cənubi Afrika yazıçısı Piter Abrahamsının romanı əsasında yazdığı "İldırımlı yollarla" baletləri dünyanın bir sıra ölkəsində uğurla göstərilib. Onun Birinci Simfoniyası Azərbaycanın ilk simfoniyaları arasında görkəmli yer tutur. "Don Kixot" simfonik qravüraları, "Leyli və Məcnun" (Nizaminin poeması əsasında), "Vyetnam süitası" əsərləri Qara Qarayev yaradıcılığının dəyərli səhifələridir. O, çoxsaylı filmlərə, o cümlədən, "Dənizi fəth edənlər", "Qızıl eşelon", "Xəzər neftçiləri haqqında povest", "Uzaq sahillərdə" və digər filmlərə musiqi bəstələyib.

Qara Qarayev opera janrında da özünü sınayıb. O, "Vətən" operasının (C.Hacıyev ilə birlikdə) və fransız yazıçısı Anri Barbüsün əsəri əsasında "Zəriflik" monooperasının müəllifidir. Bəstəkar, həmçinin, Azərbaycan musiqisi üçün yeni olan müzikl janrına müraciət edərək fransız dramaturqu E.Rostanın "Sirano de Brejerak" komediyası əsasında "Çılğın qaskoniyalı" müziklini yaradıb.

Qara Qarayev kamera instrumental janrları ilə də maraqlanıb. 24 prelüd silsiləsi, skripka və fortepiano üçün sonata, simli kvartetlər bəstəkarın yaradıcılıq üslubunun təzahürü kimi qiymətləndirilir. Q.Qarayev A.Puşkinin şeirləri əsasında yaratdığı "Mən sizi sevirdim" və "Gürcüstan təpələrində" romansları, "Könül mahnısı", "Səadət mahnısı" kantataları Azərbaycan musiqisinin gözəl nümunələridir.

Musiqişünas və jurnalist Raya Abbasova çıxış edərək Qara Qarayev baletlərinin yarandığı və tamaşaya qoyulduğu vaxtdan bu günə qədər qazandığı səhnə uğurları və geniş coğrafiyası haqqında danışıb.

Daha sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solisti, Əməkdar artist Cəmilə Kərimova çıxış edərək dahi bəstəkarın həyat və yaradıcılığı haqqında geniş söhbət açıblar. Vurğulanıb ki, görkəmli bəstəkarlar Üzeyir Hacıbəyli və Dmitri Şostokoviçdən dərs alan Qara Qarayev musiqi mədəniyyətimizin tarixində yeni cığır açıb və onlarla bəstəkarlar yetişdirib. Onun məşhur bir ifadəsi var idi: "Müasir musiqidə çox yollar var. Mən sizə bu zəngin və bənzərsiz dünyanı açıram ki, öz yolunuzu seçəsiniz".

Çıxış zamanı Qara Qarayev baletlərinin müxtəlif illərdəki tamaşa səhnələrindən fotolar, Moskva, İsveç, Türkiyə və digər teatrlardakı tamaşalarının rəngarəng səhnə dekorasiyalarının videonümayişi, "Balet, ömrüm mənim", "Emalatxana" sənədli filmlərindən fraqmentlər nümayiş olunub.
 

 





27.01.2022    çap et  çap et