525.Az

Sənədlər və faktlar səltənətində - Nizaməddin Şəmsizadə yazır


 

Sənədlər və faktlar səltənətində -<b style="color:red"> Nizaməddin Şəmsizadə yazır</b>

Hər bir qələm əhlinin, fikir sahibinin tarixi dəyəri onun öz xalqı qarşısında göstərdiyi xidmətlərin miqyası ilə ölçülür. Heç bir konyukturaya uymayan, 70 illik ömrünün 50 illini xalqına, Azərbaycan tarixinə və mədəniyyətinə xidmət etmiş Aslan Kənan belə fədakar tədqiqatçılarımızdandır.

Aslan Kənan 17 yanvar 1952-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində təhsil alıb (1969-1973). AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda dissertanturanı və elmi işini tamamlayandan sonra 1991-ci ildən taleyini Arxiv işinə bağlayıb. Aslan Kənanın bütün fəaliyyəti əslində hamıya cansıxıcı görünən bu nadir mərkəzlə əlaqədardır. O, burada tarixin qoxusunu mühafizə edən saralmış kağızlar, unikal sənədlər, gizli fotoşəkillərlə ünsiyyətdə olub, onları göz-bəbəyi kimi qoruyub. Aslan Kənan, necə deyərlər, "İynə ilə gor qazaraq" araşdırmalar aparıb. Onun araşdırmaları üç əsas istiqamətdə olub: tənqid və ədəbiyyatşünaslıq sahəsi, musiqi tarixi və nəzəriyyəsi və mətnşünaslıq.

Aslan Kənan ilk dəfə 1993-cü ildə Türkiyədə nəşr olunmuş "Rana" təxəllüslü yazıçının Vətən müharibəsindən bəhs edən "Onlar türklərdir" əsərini azəri türkcəsinə uyğunlaşdırıb, "Rana"nın həmyerlimiz, azərbaycanlı Mirzə Abay Dağlı -- Ağayev Cəmil İbrahim oğlu olduğunu müəyyənləşdirib.

Aslan Kənan Azərbaycanın ilk detektiv yazıçısı Cəmşid Əmirovun ictimai fikrə məlum olmayan əsərlərini toplayıb geniş müqəddimə ilə beş cilddə nəşr etdirib, yazıçının həyat və fəaliyyətindən bəhs edən "Sonuncu zərbə" filminin ssenarisini yazıb.

Böyük bəstəkar, milli professional musiqimizin  banisi Üzeyir bəy Hacıbəylinin qardaşı Ceyhun bəy Hacıbəylinin anadan olmasının 125 illiyi ilə əlaqədar 1912-1960-cı illəri əhatə edən, ərəb əlifbası ilə yazılmış məktubları müasir hürufata çevirərək nəşr etdirib, oxucuları bu unikal sənədlərlə tanış edib.

Aslan Kənan musiqi sənətimizlə bağlı bir musiqişünasdan artıq səmərəli işlər görüb. Dahi Üzeyir bəyin şəxsiyyəti onu daim maraqlandırıb. O, görkəmli bəstəkarın 1918-20-ci illərdə "Azərbaycan" qəzetində ərəb əlifbası ilə dərc olunmuş yazılarını müasir əlifbaya çevirərək "Fitnələr qarşısında" adlı kitab halında çap etdirib. O, Ü.Hacıbəylinin nəşr edilməmiş məqalə və felyetonlarını, qardaşı Ceyhun bəyə yazdığı 35 məktubu "Sarsılmaz bayraqlar" adlı kitab formatında nəşr etdirib.

Aslan Kənanın ədəbi-tarixi fəaliyyətinin əhəmiyyətli bir hissəsi görkəmli musiqişünas Firidun Şuşinskinin yaradıcılığı ilə bağlıdır.  O, Firidun Şuşinskinin "Cabbar Qaryağdıoğlu" əsərinin yeni arxiv sənədləri vasitəsilə xeyli təkmilləşdirilmiş nüsxəsini  "Şərq musiqisinin peyğəmbəri" adı ilə 2008-ci ildə nəşr etdirməyə nail olub. Vaxtilə bəzi tənqidlərə görə ixtisar edilmiş "Azərbaycan musiqi xəzinəsi" tədqiqat işi onun təşəbbüsü ilə tam şəkildə bərpa olunaraq 2015-ci ildə geniş müqəddimə ilə dövlət səviyyəsində nəşr edilib. O, həm də görkəmli tarzən "Bəhram Mansurova həsr olunmuş "Bəhram Mansurov: xatirələr, mülahizələr" (2020), "Arxivdən gələn səslər" (2021), Firidun Şuşinskidən bəhs edən "Unudulmaz musiqi tədqiqatçısı" (2012) kitablarının müəllifidir.  Onun bütün kitab və monoqrafiyaları, habelə onlarla məqaləsi nadir arxiv sənədləri, qiymətli tapıntılar əsasında yazılmış maraqlı və qiymətli əsərlərdir. Müasir dövr elmdə publisistik çevikliyə, fakt və sənədə əsaslanan intelektə möhtacdır. Çünki faktlar tarixin simasını təyin edən əsasdır.  Mən həmişə demişəm: faktsız mühakimə seyrçilikdir. Faktlar tarixi ləyaqət göstəricisidir. Faktsız mühakimə o deməkdir ki, danışırsan və heç nə demirsən. Bu mənada Aslan Kənanın kitabları qələmə aldığı mövzuların görüntülü forması, əyani şəklidir.

Elmi tədqiqatda tarixilik başlıca şərtdir. Tarixilik yalnız maraqlı, məzmunlu, dəyərli faktları tapmaqla yaranmır.  Əsas məsələ idrak və fəhmlə çətin tapılmış faktın arxasında gizlənən tarixi fəzanı görə bilməkdir. Aslan Kənan mətnşünas kimi  olduqca diqqətli mütəxəssisdir. O nəinki hər sətrin və sözün, hər hərifin belə mətndəki yerini, real gücünü və enerjisini müəyyənləşdirməyə çalışır.

Ümumiyyətlə, mətn çox təhlükəli fenomendir, mətnlə məşğul olan alim tizfəhm olmalı, mətnaltı mənaya diqqət yetirməyi bacarmalıdır. Aslan Kənan mətni hiss etməyi, duymağı bacarır. Bu həm də onun uzun müddət arxivdə işləməsindən irəli gəlir. O, mətni oxuyub, müəllifi görə və dərk edə bilir. Çünki arxivə milli sərvət kimi  baxır tarixin qoruyucusu  kimi həssas münasibət bəsləyir. O, 30 ildən artıqdır ki, ərəb əlifbası ilə yazılan mətnlər üzərində işləyir. Ziyalı kimi arxivdə formalaşıb: elmi işçi, şöbə müdiri, direktor müavini, indi də Tarix Arxivinin direktoru vəzifəsində çalışır.

Mən Aslanla XX əsrin 80-ci illərindən, doktorluq dissertasiyası üzərində işlədiyim vaxtdan əməkdaşlıq  edirəm. Onu sənədlər və faktlar səltənətinin sultanı adlandırıram.

Fədakar tədqiqatçı, arxiv bilicisi Aslan Kənan həm də mükəmməl bir ədəbiyyatşünas, tənqid tarixçisidir. Mən onun "XX əsrdə repressiyaya məruz qalanlar" kitabına  "Tarix həqiqətləri  təsdiq edir" adlı ön söz yazmışam. Bu kitab ömürləri 1937-də qırılmış ədəbiyyatşünas, tənqidçi, musiqişünas, 30-a qədər məğrur ziyalının faciəli və sonrakı taleyi haqqında qiymətli əsərdir. Kitabda "Əsəri əlindən alınan" Əli Nazim, "Koroğlunu erməniyə verməyən" Vəli Xuluflu, "Azərbaycan himninin müəllifinin faciəsi"ndə Əhməd Cavad, "Xəyanətin qurbanı" məqaləsində Hüseyn Cavid, "Öz-özünü yandıran şair"də Mikayıl Müşfiq, "Qəribə taleli adam" yazısında Salman Mümtaz, "Bahar gecəsi"nə gedən yol"da Tağı Şahbazi, "Səhnəmizin ilk repressiya qurbanı"nda Ülvi Rəcəb, "Faciəli rolların qəhrəmanının faciəsi"ndə Abbas Mirzə Şərifzadə, "Birinci türkoloji qurultayın qurbanı"nda Hənəfi Zeynallı, "Bir ailənin faciəsi"ndə Seyid Hüseynin, repressiyanın sonuncu - 25 yanvar 1940-cı il qurbanı Yusif Vəzir, təkcə tənqidçi və yazıçılar deyil, "Qafqaz müsəlmanlarının atası məqaləsində Axund Mirməhəmməd Kərim ağa və digər şəxsiyyətlər yeni arxiv materiallarında, dəqiq, faciəli və maraqlı faktlarla təqdim olunur.

Dahi bəstəkar Ü.Hacıbəyliyə həsr olunmuş "Bu dar fənadan köçmək istəyən sənətkar" məqaləsi onu bizə yeni yöndən, dahi insanın qəmli tale nəğməsi kimi təqdim edir.

Aslan Kənanın "XX əsrdə repressiyaya məruz qalanlar" kitabı YADDAŞın qətli haqqında əsərdir, Yadın Yaddaş üzərində hökmranlığı başlananda yaddaşın qətli başlanır.

Aslanın kitabları tarixiliyin və müasirliyin vəhdəti əsasında yaranıb. Bu kitablar tarixi həqiqətləri məhz tarixin özünün - faktların dili ilə söyləyir. Tarixin faktına və təcrübəsinə - tarixiliyə istinad edən müəllifin məqsədi keçmişdəki olaylara istinad edib şəxsiyyətləri bit-birinə qarşı qoymaq deyil. O, hərəni öz sözləri ilə danışdırır, nəticəni oxucu çıxarmalıdır. Kitab xeyirxah məqsədlə - Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin az öyrənilmiş bir dövrünü yeni istiqlal məfkurəsi işığında xalqa çatdırmaq qayəsi ilə yazılıb.

Görkəmli mətnşünas və ədəbiyyat tarixçisi, AMEA-nın müxbir üzvü, professor Əziz Mirəhmədov cavan vaxtı bizə deyirdi ki, arxiv tozu udmayan tədqiqatçıdan yaxşı alim ola bilməz. Ustadın bu sözü elə o vaxtdan ötən əsrin 80-ci illərində qulaqlarımda sırğa olub. Aslan Kənan da ömrü boyu arxiv tozu udub, saralmış vərəqlərin, sənədlərin ab-havasında nəfəs alıb. Mən Bakıda, Tiflisdə, Moskvada, Leninqradda işləmişəm. Bu unikal mühitdə nəfəs almışam və mənə həmişə elə gəlib ki, arxivdə əl yazmaları, sənədləri saxlanan şəxsiyyətlərinin arasındayam, onları ruhən hiss etmişəm. Ustadım akademik Kamal Talıbzadə mənə deyirdi ki, sən repressiya olunanlardan yaza-yaza getdikcə onlara oxşayırsan. Bu mənada Aslan Kənan xoşbəxt taleyli adamdır, çünki hər gün əl yazmaları və sənədləri arxivdə qorunan ziyalıların ruhun eşidir, baxışların hiss edir. Aslanın əsərlərinin dəyəri bu müqəddəs ruhu istiqlal dövrünün Azərbaycan Türk gəncliyinə çatdırmasındadır.

Azərbaycanın II Qarabağ müharibəsi - Vətən müharibəsində bütün bəşəriyyəti heyran qoymuş Zəfəri nəticəsində biz yeni tarixi reallıqlara qədəm qoymuşuq. İstiqlal və azadlıq ruhlu bu reallıqda Aslan Kənanın müasir gəncliyi soykökünə, milli yaddaşa çağıran əsərlərinin əhəmiyyətini daha da artırıb. Müzəffər xalqın münəvvər gəncliyi öz şanlı keçmişinə daha qürurla boylanır, qələbə işığında, özünə güvəniş ruhunda tarixi keçmişinə bu günün zirvəsindən daha aydın görmək istəyir. Biz inanırıq ki, Aslan Kənan kimi öz xalqına, millətinə və dövlətinə təmənnasız xidmət göstərən ziyalılarımızın nəcib əməlləri unudulmayacaq.

 





27.01.2022    çap et  çap et