525.Az

Şəhid baş leytenant Səid Rəşidzadənin barelyefinin açılışı oldu


 

BAKIDAKI 207 SAYLI TAM ORTA MƏKTƏBDƏ SƏİD RƏŞİDZADƏNİN ƏZİZ XATİRƏSİ YAD EDİLDİ

Şəhid baş leytenant Səid Rəşidzadənin barelyefinin açılışı oldu<b style="color:red"></b>

Məzunu olduğum 207 saylı orta məktəbə sonuncu dəfə nə vaxt getdiyim yadıma gəlmir. Amma xatirələr tez-tez oranın hər bucağını olduğu kimi yaddaşımda canlandırır. Uzun müddət sonra məni bura çəkən nəsnə o qədər ali səbəb idi ki, bu barədə yazıb nöqtə qoymaq qəliz məsələdir.

Ötən gün feysbuk bir xatırlatma etdi: "Bir neçə gün sonra - yanvarın 28-də Səid Rəşidzadənin 31 yaşı tamam olur. Bu, yaxınlarının onsuz keçirdiyi ilk ad günü olacaq. Bu gün aramızda olmasa da, Səid Rəşidzadənin, eləcə də onun timsalında bütün şəhid və qazilərin fədakarlığı gələcək nəsillərin həyat yolunda sönməz bir çıraq yandırıb.  İllər keçəcək, amma onların ruhu həmişə ehtiramla anılacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!.."

Bu, Səid haqqında ikinci yazımdan bir parça idi. Ötən ilin yazısı soyuq yanvar günü ürəyə od saldı.

Hələ yeni il günü bir hadisə mənə Səidi yenidən xatırlatmışdı. Hamı ocağında, bayram süfrəsinin başında olanda telefonuma bir zəng gəldi. Səidin əsgərlərindən idi - Cəlil Mehrəliyev:

- Salam, necəsiz? Yadınızdadır, siz Səid haqqında bir yazı yazmışdınız, orda mənim də ürək sözlərimi qeyd etmişdiniz. Həmin yazını mənə yollaya bilərsiniz?

Səsi titrəyirdi. Hamı bayram ab-havasında olanda o, öz döyüş yoldaşını, komandirini xatırlayırdı, onun üçün kövrəlirdi, haqqında yazılanları oxumaq istəyirdi.

Ardınca Səid Rəşidzadənin atası Nofəl Qasımova zəng elədim. O da həmin gecə - illərin qovuşağında Səidi ziyarətə gedəcəkdi. Onun üçün nə bayram?!

Az keçmədi, eşitdiyim xəbər sanki odun üzərinə su çilədi: "Yanvarın 27-də 207 saylı tam orta məktəbdə şəhid baş leytenant Səid Rəşidzadənin barelyefinin açılışı olacaq".

Mən vaxtilə Səidin təhsil aldığı məktəbin məzunu olmuşam. Buna görə fəxr eləmişəm. 

Birinci Qarabağ müharibəsi şəhidi Sərhəddin Yolçuyevin adını daşıyan 207 saylı orta məktəbin müəllim kollektivi savadlı şagird yetişdirməklə yanaşı, Vətənini sevən, tarixinə, milli kimliyinə bələd olan cəmiyyətə yararlı fərd formalaşdırmağa xidmət edir. Təsadüfi deyil ki, Nofəl Qasımov oğlu haqqında danışanda daim 207 saylı məktəbin Səidin formalaşmasında müstəsna rolunu qeyd edir. Səid şəhid olan ilk gündən etibarən məktəbin direktoru hörmətli Sədaqət xanım Seyidova şagirdlər arasında onun həyat yolunun təbliği üçün əlindən gələni əsirgəməyib. 

Barelyefin açılışında vaxtilə Səidə dərs deyən müəllimlər, sinif yoldaşları, dostları, qazilər, bir sıra ziyalılar var idi. Hamının üzündə kədər hiss olunurdu. Ab-hava təbiətə də sirayət eləmişdi - hava çiskinli idi...

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid çıxışında Səid Rəşidzadənin uşaqlıqdan milli ruhda böyüdüyünü vurğuladı. Səidin döyüş yoluna nəzər salan Rəşad Məcid onun mübarizlik əzmi barədə düşüncələrini tədbir iştirakçıları ilə bölüşdü. O qeyd etdi ki, Səid Rəşidzadənin məktəbdə barelyefinin qurulması təqdirəlayiq addımdır və onun həyat yolu gələcək nəsillər üçün böyük qəhrəmanlıq örnəyidir.

Milli Məclisin vitse-spikeri Adil Əliyev İkinci Qarabağ savaşında Azərbayan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti, Azərbaycan Ordusunun əzmi, xalqımızın birliyi sayəsində qazanılan parlaq Zəfəri şərtləndirən amillər barədə danışdı. Xalqımızın mübarizliyi barədə fikirlərini bölüşən vitse-spiker Səid Rəşidzadənin qəhrəmanlığından söhbət açdı və onun adının əbədiləşdirilməsi naminə atılan bu addımı alqışladı.

Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı çıxışında gənclərin yetişdirilməsində müəllimlərin rolunun böyük olduğunu vurğuladı. O qeyd etdi ki, şagirdlər mütləq Səid Rəşidzadənin timsalında canını Vətən uğrunda qurban verən igidlərin qəhrəmanlıq yolu barədə məlumatlanmalıdılar. Sabir Rüstəmxanlı qeyd etdi ki, Səidin düşüncələrinin formalaşmasında onun atası Nofəl Qasımovun da rolu olub, o da vaxtilə Azərbaycanın bütövlüyü uğrunda gedən mübarizələrdə iştirak edib.

Millət vəkili Aqil Abbas şəhidlik məqamının aliliyindən söhbət açdı. O qeyd etdi ki, biz hamımız şəhidlərə borcluyuq, onların üzərində yalnız ailələrinin və müəllimlərinin haqqı var. Aqil Abbas bildirdi ki, necə ki biz uşaq vaxtı II Dünya müharibəsinin qəhrəmanlarına oxşamağa çalşırdıq, indi də Səid və onun kimi mərd oğullar gələcək nəsillərin idealına çevriləcək.

Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə Muradova rayon şəhidləri barədə danışdı, onların əziz xatirəsini yad elədi.

Daha sonra məktəbin akt zalında şagirdlərin hazırladıqları kompozisiyalar, səhnəciklər, Səid Rəşidzadənin həyat yolunu əks etdirən videorolik tədbir iştirakçılarına təqdim edildi. 

Məktəbin direktoru Sədaqət Seyidova Səidin təhsil aldığı illəri xatırladı, müəllimlərinin onun haqqında səsləndirdiyi müsbət fikirləri tədbir iştirakçıları ilə bölüşdü. 

Sonda şəhid baş leytenant Səid Rəşidzadənin atası Nofəl Qasımov hər kəsə minnətdarlığını bildirdi: "Səid Hadrutun Şişqaya yüksəkliyinə bayraq sancan vaxt düşmən gülləsinə tuş gəlib. Bir vaxtlar həmin yüksəkliyə baxıb köks ötürürdüm. Həmin yüksəklik strateji cəhətdən olduqca əhəmiyyətli idi. Səid və onun timsalında döyüşən əsgərlərin şücaəti dədə-baba yurdumuzu bizə qaytardı. Səidin barelyefinə baxanda 90-cı ildən üzü bu yana şəhid olan 20 minə yaxın qəhrəmanın cizgilərini görürəm. Vaxtilə onlar da çətinliklə də olsa, torpaq uğrunda mübarizə aparırdılar... Səid həmişə bir sözü deyirdi: "Vətən sağ olsun!" Bu gün mən də eyni sözləri təkrarlayıram. Hamımız bu dünyadan köçəcəyik, amma torpaq uğrunda mübarizə aparanların adı tarix əbədi həkk olacaq. Təki, Vətən sağ olsun!"

Nofəl Qasımovun çıxışı hamını kədərləndirmişdi. Onun möhkəm iradəsi, əyilməzliyi insanlarda heyrət doğururdu. Görünür, xalq olaraq bizi sınmağa qoymayan bu əzmkarlıq idi...

Bayaqkı çiskin möhkəmlənmişdi. Məktəbdən həyətə çıxanda Sərhəddin Yolçuyevin büstü gözümə sataşdı. Vaxtilə bu büstün önündə təzim edib sinif otaqlarına yollanırdıq. Səid Rəşidzadə kimi igid oğullar Vətənin üzünü ağ eləməklə yanaşı, Birinci Qarabağ savaşında şəhid olan qəhrəmanların da qanını yerdə qoymadılar.

Bundan sonra neçə-neçə məktəbli Səidin barelyefi önündən keçib sinifə yollanacaq. Səidin ziyası bu körpə könülləri isidəcək. Səid kimi qəhrəmanlar həmin körpələr rahat yaşasınlar deyə, Vətənin başı üzərindən qara buludları qovdular...
 

 





28.01.2022    çap et  çap et