Fazil Mustafa, millət vəkili:
- Bakıda 165 saylı məktəbdə şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışına görə araşdırılma aparılıb və dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib.
Bu nə cəsarətsizlik, bu nə qorxaqlıq? Müəllimi belə aşağılamağa, töhmətləməyə kim haqq verib sizlərə? Sosial şəbəkədə yüz şeylər paylaşıla bilər, şagird tərbiyəli davranmırsa, müəllim islah-əmək müəssisəsinin rəhbəri deyil ki? Ayağını qaldırıb partanın üzərinə qoyub video çəkdirən şagirdi müəllim bilmirsiniz niyə görməyib? Normal dərs keçmək əvəzinə müəllim gündəlik səhifələrlə dolu formal sənədləri doldurmalı olur. İcmal, gündəlik, formativ jurnal və başqa tələb olunan mənasız yazılar müəllimi dərsə diqqət yetirməkdən məhrum edib. Nə dərsə hazırlaşmağa vaxtı olur, nə də sinifdə hansısa uşağa qəlbə dəyən söz deməyə. Dərhal tökülüb gəlirlər ki, uşağın üstünə çığırmısan. Hələ sertifikasiyaya hazırlaşmağı demirəm. Ümumiyyətlə, 45-50 yaşdan yuxarı bütün müəllimlərə aid sertifikat tələbini ləğv etmək lazım. Onların 15-20 illik təcrübəsi şagirdə bilik verməyə kifayət edər. Bu qədər gərginliyin altında qalan müəllimə şagirdlərin tərbiyəsiz hərəkətinə görə hələ bir töhmət də verirlər. Mən bu müəllimi tanımıram. Ancaq məhz bu məsələyə görə onun hüquqlarını qorumağa hazıram. Düşünürəm ki, vurulan mənəvi zərbəyə görə birbaşa təhsil naziri şəxsən həmin müəllimdən üzr istəməlidir və töhmət dərhal ləğv olunmalıdır.
Müəllimi belə məsələlərə görə günahkar çıxarmanın tam əleyhinəyəm. Azərbaycanın dəyərli müəllimlərini qorumaq, onlara mənəvi dəstək vermək lazımdır. Şagirdləri bu şəkildə müəllimlərin üzərinə qaldırmaq olmaz. Əlbəttə, pis niyyətli, qaba xarakterli, savadsız müəllimlər də ola bilər, bu, konkret faktlar və konkret davranışlar üzrə dəyərləndirilməlidir. Ancaq həmin videogörüntüdəki şagirdlərin hərəkətinə görə müəllimin cəzalandırılması tamamilə yanlışdır.
***
Azad Əliyev, jurnalist:
- Daha bir problemi öz bildiyimiz kimi həll etdik. Bu görüntülərin yayıldığı 165 saylı məktəbin müəllimi töhmət aldı. Uşağı şillələyən müəllim də töhmət alır, abrına qısılan da. Vəziyyətlə barışmayıb müqavimət göstərən müəllim də cəzalanır, axara düşüb hər şeyə təslimçilik göstərən müəllim də. Məncə, bir cəmiyyət üçün ən böyük xətanı artıq etmişik. İnsan, şəxsiyyət yetişdirən müəllim obrazını sındırmışıq. Yerli-yersiz cəza mexanizmimizlə, müəllimə olan qeyri-insani münasibətimizlə etmişik bunu. Artıq yolun sonuna gəlib çıxmışıq, cənablar. Heç kim sizə ixtiyar verməyib ki, eksperimentlərinizi müəllimlər üzərində edəsiniz. Özünüzü işləyən kimi göstərmək istəyirsinizsə, başqa üsul fikirləşib tapın. İmkan verin sıxıb-sıxıb bir ovuc saxladığınız işinə vicdanla yanaşan müəllimlər işlərini görsünlər. İnsanları peşəsindən iyrəndirməyin!
***
Vilayət Quliyev, filogiya elmləri doktoru:
- Xalqımızın tarixindəki ən işıqlı şəxsiyyətlərdən birinin - Firudin bəy Köçərlinin doğum günündə onun haqqında yazmağı özümə borc bildim. Deməli, Firudin bəy hökumətin tapşırığı ilə Qori müəllimlər seminariyasının sahibsiz qalmış Azərbaycan bölməsinin Qazaxa necə köçürməsi haqda "Azərbaycan" qəzetinin 14 oktyabr 1918-ci il tarixli sayında yazırdı:
"Bu məsələni (köçürülmə - V.Q.) Azərbaycan Hökuməti iyun ayının 10-da məhəlli-müzakirəyə qoyub qəti surətdə həll eyləmişdir və maarif naziri şöbənin əşyasını Qori şəhərindən Qazaxa daşımağı bəndələrinə həvalə etmişdi. Əlan (indi) mən də öhdəmə götürdüyüm şu təklifi bir çox zəhmət və məşəqqətlərdən sonra əncamə yetirib şöbənin yarım milyonluq əşyasını Qazaxa daşıyıb və orada müvəqqəti bir mənzil tutduqdan sonra oraya cəm etmişəm.
Darülmüəllim kimi böyük və ziyadə əhəmiyyətli olan bir mədrəsənin Qazaxda açılması məzkur məhəldə bir maarif çeşməsinin açılmasına bənzəyir və gələcəkdə əhalinin tərəqqi və təalisinə böyük xidmətlər göstərməsi şəkk və şübhədən xalidir. Qazax Darülmüəlliminin nizam və qaydaya düşməsinə Maarif Nəzarətindən asılı olan maddi və mənəvi köməkdarlığı müzayiqə etməyəcəkdir. Fəqət bununla belə bu mədrəsənin istiqbalını təmin etmək və onu dərəceyi-təmamiyyətə yetirmək zənnimcə əhalinin rəğbət və himmətlərinə, səy və qeyrətlərinə bağlıdır".
P.S. Mövcudluğunun ilk ayında milli təhsillə bağlı mühüm qərar verən hökumət!
Xaos, dərəbəylik və yolsuzluq şəraitində bu qərarı qısa müddətdə icra edən vətənpərvər məmur-ziyalı.
Azərbaycan Cümhuriyyəti belə sağlam əsaslar üzərində qurulurdu.
***
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:
- Qarabağın bərpası ilə məşğul olan Əlaqələndirmə Qərargahının nə üçün rəsmi saytı yoxdur?
Bu yaxınlarda Prezident İlham Əliyev bir qrup jurnalistlərə müsahibə verərkən ictimai nəzarət məsələlərinə xüsusi yer vermişdi. Həmçinin Qarabağın bərpa işlərinin tam şəffaf mexanizmlər, tenderlər əsasında aparılacağını bildirnişdi.
İctimai nəzarət üçün ən gərəkli vasitə ictimai informasiyadır. Ən faydalı ictimai informasiyalar da hökumətin əlindədir. Buradan belə qənaətə gəlmək olar ki, ictimai nəzarəti gerçəkləşdirmək üçün hökumət vətəndaş cəmiyyəti və media üçün, biznes üçün, bütün maraqlı tərəflər üçün imkanlar yaratmalıdır.
İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Prezidentin 24 noyabr 2020-ci il tarixli sərəncamı ilə Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargah işlərin aparılması üçün İdarələrarası Mərkəz də formalaşdırıb.
Qərargah vaxtaşırı müxtəlif istiqamətlər üzrə quruculuq işlərinin aparılması, ölkə vətəndaşlarının qayıdışı, enerji təminatı, "Yaşıl enerji" məsələləri, şəhərsalma və nəqliyyat infrastrukturunun inkişafı, "Ağıllı kənd" konsepsiyasının tətbiqi və s. üzrə toplantılar, faydalı müzakirələr təşkil edirlər.
Amma nədənsə bu sahədə informasiya təminatı yetərli deyil. Maraqlı tərəflər zəruri informasiyaları əldə etməkdə çətinlik çəkirlər.
Quruculuq prosesində, tenderlərdə iştirak etmək istəyənlər üçün daha əhatəli informasiyalara, görülən və görüləcək işlərlə bağlı daha geniş məlumatlara ehtiyac var.
Bu cür strateji əhəmiyyət kəsb edən qurumun - Əlaqələndirmə Qərargahının isə informasiya resursu yaradılmayıb.
Düşünürəm ki, Qarabağın bərpa və yenidənqurma işlərində şəffaflığın təmin edilməsi üçün, maraqlı tərəflərin hər birinin bu proseslərdə iştirakı üçün, görüləcək işlər və sifarişlərlə bağlı məlumatlandırmanın öncədən təşkili üçün Əlaqələndirmə Qərargahının Katibliyi ilk növbədə qurumun internet resursunun hazırlamasına diqqət yetirməlidir.
Ümid edirəm, Prezidentin ictimai nəzarət və şəffaflıqla bağlı işlərin gücləndirilməsi haqqında son çağırışlarından sonra Əlaqələndirmə Qərargahı da qeyd olunanları nəzərə alacaq.
***
Sahib Məmmədov, siyasətçi:
- Dövlət orqanlarında, xüsusən rəhbərləri təzələnən orqanlarda işçilərlə 3 aylıq əmək müqaviləsi bağlanılır. 3 ay bitəndən sonra ya deyirlər get, ya da daha 3 ay uzadılır. Mən bunu dəfələrlə qeyd etmişəm. Bizim ölkəmizdə əmək qanunvericiliyinin az-çox tətbiq edildiyi yer dövlət orqanları və dövlətə məxsus təsərrüfat subyektləri idi. İndi onlar da qanunları qoyublar kənara.
***
İlham Quliyev, jurnalist:
- Dünən qarşıma bir neçə iş elanı çıxdı. Bir nəfər tanışının evinə təmizlikçi axtardığını yazmışdı, 1000 manat maaş təklif edirdi. ABŞ-ın Azərbaycandakı səfirliyi də 2500 manatlıq aylıq maaşla sürücü, 4500 manatlıq aylıq maaşla viza köməkçisi axtarır. Üçüncü bir iş elanında isə ölkənin tanınmış media resurslarından biri işçi axtarırdı. Dostlardan dəqiqləşdirdim aylıq maaş olaraq 700 manat təklif edirlər.
Məncə, mediadakı problemlərdən danışanda bu paradoksa xüsusi diqqət edilməlidir.
***
Cavid İsmayıl, jurnalist:
- Azərbaycan Ordusunun uğursuzluqla nəticələnmiş ilk əməliyyatından - Daşaltı əməliyyatından 30 il ötür. 90 hərbçimizin ölümü ilə nəticələnən bu əməliyyat 20 noyabr vertolyot qəzasından sonra Azərbaycan xalqının özgüvəninə növbəti zərbə oldu və özündən sonra Xocalı soyqırımını gətirdi. Çox şükür ki, 29 il sonra Daşaltı kəndi erməni işğalından azad edildi və bu gün də kənddə Azərbaycan bayrağı dalğalanır. Allah həm Daşaltı şəhidlərinə, həm də Vətən müharibəsi şəhidlərinə rəhmət eləsin!
***
Azər Ayxan, jurnalist:
- Rusiya savaşa başlamadan udub savaşı. Müharibə etməsə də olar indən belə. Qərb hələ də Putini, onun gücünü və rus xalqını yaxşı tanımır.
İki qohum xalqı düşmən edən ABŞ-dır. Ukrayna xalqı Qərbin fitnəsinə uymasaydı, demokratiya nağıllarına, Maydan teatrına, "NATO gələcək, zülm bitəcək" vədlərinə inanmasaydı, ən əsası Rusiya və Qərblə eyni məsafədə dayanmağı bacarsaydı, bu fəlakət başına gəlməzdi.
Nə aşırı çox Qərbçi, nə gərəyindən artıq Rusiyaçı olmağa ehtiyac var. Rusiya ilə qonşusansa, təhlükəsizlik üçün bu ölkə ilə münasibətləri yaxşı saxlamalısan.
Proseslərin bura gəlib çıxmasında keçmiş prezidentlər Yuşşenkonun, Yanukoviçin, Proşenkonun, Zelinskinin məsuliyyəti çoxdur. Rəhbər, lider bəzən xalqları daha böyük fəlakətlərə sürükləyir...
***
Elxan Şahinoğlu, politoloq:
- Ermənistanın Baş naziri Nikol Paşinyan müharibədən sonra qulağa xoş açıqlamalarını davam etdirir. Deyir ki, Azərbaycanla sülh sazişi imzalanacaq, sərhəd müəyyənləşəcək, kommunikasiya xətləri açılacaq. Ancaq reallıqda heç bir addım atılmır. Yeganə yenilik İrəvanın Ankarayla başladığı dialoq və sərhəddə nisbi sakitlikdir. Ötən ilin noyabrında Soçidə qərar verilmişdi ki, qısa müddətdə sərhədlərin müəyyənləşməsiylə bağlı komissiya yaradılacaq. Komissiyadan xəbər-ətər varmı? Digər tərəfdən Paşinyan sülh sazişindən danışarkən, "Qarabağ probleminin" buna dəxli olmadığını, bu "məsələnin" ATƏT-in Minsk Qrupu çərçivəsində həllindən danışır, yəni rəsmi Bakının rədd etdiyi "statusa" işarə edir. Sülh sazişi ilə "status" bir araya sığmır.
Ermənistan prezidentinin istefası və yeni dövlət başçısının parlamentdə seçkisi, üstəgəl, müxalifətlə növbəti gərgin mübarizə Paşinyanı Azərbaycanla bağlı məsələlərin həllindən bir qədər də yayındıracaq. Bu arada, Qarabağ separatçılarının rusiyalı hərbçilərlə birgə bölgəyə gətirmək istədikləri "növbəti qonaq kim olacaq" sualı da aktuallığını qoruyur.