525.Az

Onları tanımalıyıq: Əhməd Baytursunoğlu - Elçin İbrahimov yazır...


 

Onları tanımalıyıq: Əhməd Baytursunoğlu -<b style="color:red"> Elçin İbrahimov yazır...</b>

XIX əsrin sonu XX əsrin ilk otuz illiyində qazax ədəbi mühitinin formalaşmasında qazax elmi və ictimai fikir tarixinin görkəmli simalarından olan Əhməd Baytursunoğlunun böyük xidmətləri olub.

Əhməd Baytursunoğlu 28 yanvar 1872-ci ildə Turqay vilayətinin Tosun kəndində (Sartıbek aulu) dünyaya gəlib. Onun babası Şoşaq vilayətinin ən nüfuzlu şəxslərindən olub. Orta juzun (cuz) Arqun nəslindədir. Atası Şoşaqulu Baytursun və əmisi Aktası XIX əsrin 80-ci illərində kəndlərinə hücum edən qəza rəisi Yokovlevə qarşı çıxırlar. Bundan sonra sonra İrqız və Turqaydan aula cəza dəstələri göndərilir. Cəza dəstələri üsyançı adlandırdıqları qazaxlara divan tutur, auldakıların hamısını aparıb Turqay hərbi dairəsinin qaupvaxtına salır, mal-mülklərini də müsadirə edirlər. Bir il sonra Kazan Hərbi Dairəsinin Məhkəməsi şoşaqları mühakimə edir. Tərcüməçilər rus dilini bilməyən qazaxların ifadələrini hakimə olduğu kimi çatdırmır, əksinə, təhrif edərək Yakovlev və onun kazak dəstəsinin lehinə tərcümə edirlər.

Kazan Hərbi Dairəsinin Məhkəməsi Əhmədin atası Baytursunu, əmiləri Aktası, Sabalakı və digərlərini hökumətə qiyam qaldırmaqda ittiham edərək 15 illik katorqa cəzasına məhkum edir  və onları Sibirin ucqar bölgəsinə - İtjekkenə sürgünə göndərir. Auldakı kişilərin çoxuna da müxtəlif müddətli həbs cəzası verilir. Əhmədin əmisi Erqazı da dörd il həbs cəzası alır. Erqazı həbsdən çıxandan sonra qardaşı uşaqlarını da himayəsinə götürür. Rus dilini bilmədiklərinə görə məhkəmədə çəkdikləri əziyyəti nəzərə alaraq övladlarını və Əhmədi rus dilində məktəbdə oxutmağa qərar verir.

Anası Künşinin razılığı ilə əmisi 1886-cı ildə Əhmədi də Turqay qəsəbəsindəki ikisinifli rus-tuzem (Qafqazda rus-tatar məktəbi adlandırılan bu tip məktəblər Türküstanda və Sibirdə rus-tuzem məktəbi adlanırdı. Bu məktəblər əsasən kiçik məmur, tərcüməçi hazırlamaq üçün nəzərdə tutulsa da, oranı bitirənlər arasından çoxlu məşhur insanlar çıxmışdır - Əli Şamil) məktəbinə oxumağa göndərir. Əhməd maddi sıxıntılar çəksə də, 1891-ci ildə həmin məktəbi bitirir Orenburqdakı Müəllimlər Seminariyasında oxumağa gedir.

1895-ci ildə Müəllimlər Seminariyasını bitirən Ə.Baytursunoğlu Aktyubinsk qəzasının Batpak nahiyəsindəki Əhmədgeray Katıbakovun açdığı məktəbdə müəllim işləməyə başlayır.

Bu məktəbdə İbray Altınsarinin fikirləri ilə yetişdirilən Ə.Baytursunoğlu 1896-1907-ci illər arasında Aktəpə, Konstanay və Korqaralı bölgələrində ikisinifli kənd məktəblərində müəllim işləyir. Rus-qazax məktəblərində dərs deyir, bir sıra ictimai fəaliyyətlərdə iştirak edir. Qazax dili və ədəbiyyatının tarixi və nəzəriyyəsi ilə bağlı araşdırmalar aparır.

1896-cı ildə qazax çöllərini gəzərək folkor nümunələri toplayan, qazax xalqının etnoqrafiyasını, dialektlərini öyrənən çuvaş araşdırmaçısı Alektorovla tanışlıq gənc müəllimin dünyagörüşündə böyük dəyişiklik yaradır. Ə.Baytursunoğlu ilk dəfə ondan qazaxların yaşadığı geniş ərazi haqqında, Rusiya hökumətinin işğalçılıq siyasətinin mahiyyəti haqqında, eləcə də rus alimi İlminskinin maarifçilik adı altında missionerlik fəaliyyəti ilə məşğul olduğu barədə geniş məlumat alır. Gənc vətənsevər xalqının yaşadığı coğrafiyanı, millətinin həyat tərzini öyrənir, folklor nümunələrini toplayır, uşaqların daha yaxşı təhsil alması, biliklərə tez yiyələnməsi üçün metodlar axtarır. Bu axtarışlar onu köhnə tədris üsulu ilə dərs deyən, keçmişi olduğu kimi qoruyub saxlamaq istəyən mühafizəkarlardan ayıraraq təhsili Avropa metodlarına uyğunlaşdırmaq istəyən, elmi-texniki yenilikləri tədrisdə tətbiq etməyə çalışan cədidçilərin sırasına gətirir.

Ə.Baytursunoğlu Korqaralı qəzasında işləyərkən ictimai-siyasi fəaliyyətlərdə aktiv iştirak edir. 1905-ci ildə Rusiyanı bürüyən inqilabi əhval-ruhiyyə ona da güclü təsir edir.

Korqaralıda dərs dediyi illərdə hökumətin siyasətinə qarşı çıxdığı üçün həbs olunub Semey həbsxanasına göndərilir (iyul 1909). Daha sonra Qazaxıstan sərhədlərindən kənara bir həbsxanaya köçürülür. 1910-cu ildən 1917-ci ilə qədər Orenburq qalasında həbsxanada saxlanılır. Ə.Baytursunoğlu həbsdə olsa da, elmi və ictimai fəaliyyətini davam etdirir.

Sürgün illərində pedaqoji təcrübəsinə əsaslanaraq "Oxu qaydları" kitabını yazır (1910). Müəllimlər üçün hazırladığı bu kitabda ərəb əlifbasında yazılmış mətnlərdə saitlərin tələffüz qaydalarını izah edir. Əslində, Ə.Baytursunoğlu bununla da İ.Qaspıralının başlatdığı üsuli-cədid təliminin qazaxlar arasında yayılmasına xidmət edirdi.

1911-ci ildə "Masa" (Ağcaqanad) adlı şeir kitabını və tərcümə etdiyi şeirləri Orenburqda çap etdirə bilir. Rus dilindən etdiyi tərcümələri 1909-cu ildə bir kitabda toplayıb çap etdirir. "Qırx misal" adlı bu kitaba əsasən İ.Krılovdan tərcümələri ilə yanaşı, V.İ.Maykov, A.S.Puşkin, M.Lermantov və S.Y.Nadsondan elədiyi tərcümələri daxil edir. Satirik şeirlər yazan, rus dili vasitəsilə rus və Qərbi Avropa klassiklərindən əsərlər tərcümə edən Ə.Baytursunoğlu 1911-ci ildən başlayaraq "Türküstan valayatı" (1870-1918), "Dala valayatı" (1888-1902) qəzetlərində, "Aykap" (1911-1915/16) və "Şura" jurnallarında məqalə və şeirlər çap etdirir. 1913-cü ildə "Qazax" adlı həftəlik qəzeti təşkilatlandırır və 1917-ci ilə qədər qəzetin redaktoru olur. "Qazax" qəzetinə yazdığı ilk baş yazısında qəzeti millətin görən gözü, eşidən qulağı, danışan dili adlandıran Ə.Baytursunoğlu millətinin maariflənməsi uğrunda gecə-gündüz çalışır. O, yazılarında gah qazax ziyalılarının  millət üçün gördükləri işləri təqdir edir, gah məktəblərin yenidən qurulması, dərslərin hansı metodla keçilməsi haqqında müzakirələr açır, gah da yaramaz, mühafizəkar və rüşvətxor məmurları kəskin tənqid edir. "Qazax" qəzeti qazaxların ictimai-siyasi və mədəni həyatını işıqlandıran yeganə qəzetə çevrildiyinə görə abunəçilərin sayı elə birinci il üç min nəfərə çatır.

1913-cü ildə "Qazax" qəzetində çap etdirdiyi "Qazaqtın bas akını" ("Qazağın böyük şairi" məqaləsində Abayın (İ.Kunanbayev) həyat və yaradıcılığından, ictimai fəaliyyətindən, qazax ədəbiyyatına gətirdiyi yeniliklərdən söz açır. 1914-cü idə çap olunan 80-ci saydakı "Qazax vilayətini idarə etmə üsulları" tənqidi yazısı böyük əks-səda doğurur. Dəfələrlə redaksiyasında axtarışlar aparılan, redaktoru qubernator və qəza idarəsinin rəisi tərəfindən istintaqa çağırılan "Qazax" qəzeti bağlanmaq təhlükəsi ilə üzləşir. Belə ki, qubernator general-leytenant N.Suxumlinov qəzetin redaktoru Ə.Baytursunoğlunu 1500 manat cərimə edir. Ə.Baytursunoğlu qəzet bağlanmasın deyə cərimənin əvəzinə səkkiz ay həbsdə yatmağa razı olur. Həbsxana şəraiti səhhətinə mənfi təsir eləsə də, xalqın ziya işığı kəsilməsin deyə həbsxanaya getməli olur. Bundan xəbər tutan oxucular və xeyirxah insanlar müxtəlif şəhər və kəndlərdən cərimə pulunu teleqrafla göndərirlər və Ə.Baytursunoğlu həbsdən azad edilir.

Qazax xalqının maariflənməsi və oyanışında böyük rol oynayan "Qazax" qəzeti 1917-ci ildə "Alaş" təşkilatının rəsmi orqanına çevrilir. Ancaq çox keçmir ki, Turqay bölgə məhkəməsinin qərarı ilə qəzetin nəşri dayandırılır.

Ə.Baytursunoğlu 1917-1919-cu illərdə "Alaş" təşkilatında çalışır. 1919-cu ildə öz istəyi ilə bu təşkilatdan uzaqlaşır. Ölkəsinə xidmət etmək məqsədilə Sovet hökumətinin müxtəlif qurumlarında bir çox vəzifələrdə çalışır.

4 aprel 1919-cu ildə və ondan əvvəlki illərdə "Alaş Orda" təşkilatında çalışıb, cəza alanlar üçün hökumət əfv qərarı çıxarır. Ə.Baytursunoğlu da bu əfvdən yararlanır və Sovet hökumətinin fərqli qurumlarında çalışır. "Alaş Orda"çıların bir qismi isə təslim olmur, qazax çöllərinə çəkilərək bolşeviklərə qarşı döyüşü davam etdirir. Qaynaqlar Ə.Baytursunoğlunun Moskvada M.S.Soltanqaliyev, Z.V.Toqan, T.Rıskulov, V.İbrahimov, F.Hoca və N.Hocayevlə birlikdə "İttihad və tərəqqi" adlı gizli bir təşkilat da qurduqlarını yazırlar. Rusiya Kommunist (bolşeviklər) Partiyasının üzvlüyünə qəbul edilən Ə.Baytursunoğlu 1919-cu il aprelin 24-də qurulan RSFSR Xalq Hərbi Komissarlığı nəzdində Qırğız (Qazax) bölgəsini idarə edəcək Hərbi İnqilab Komitəsinə üzv təyin edilir. Bolşeviklər bölgədə hakimiyyət qurduqdan sonra Ə.Baytursunoğlunu Qazaxıstan MSSR Maarif Naziri təyin edirlər. Çox keçmir ki, bolşeviklər əhalinin mal-mülkünü mənimsəməyə, insanları kütləvi şəkildə həbs və sürgün etməyə, azacıq müqavimət göstərəni güllələməyə başlayırlar. Qazaxlar da məcbur qalıb qonşu ölkələrə köçməklə işğalçıların hakimiyyəti altında yaşamaqdan, sürgün və ölümdən qurtulmağa çalışırlar. Ə.Baytursunoğlu Mərkəzi Komitədə, Qazaxıstan MSSR Mərkəzi İcraiyyə Komitəsində müxtəlif vəzifələrdə və Türküstan Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı "Ak jol" qəzetində işləyə-işləyə elmi-pedaqoji fəaliyyətini də davam etdirir. Ancaq 1926-cı ildə partiya üzvlüyündən və vəzifəsindən çıxarılır.

1910-cu illərdən ərəb əlifbasını türk dilləri üçün uyğunlaşdırılması üzərində çalışan Ə.Baytursunoğlu 1915-ci ildə Orenburqda "Til kuralı", 1920-ci ildə Kazanda nəşr etdirdiyi "Kazaxca əlippege bayanşı" (Qazaxca əlifbaya başlama), 1925-ci ildə Orenburqda çap etdirdiyi "Til tanıtkış" (Dil nəzəriyyəsi), 1926-cı ildə Daşkənddə çap etdirdiyi "Ədəbiyet tanıtkış" (Ədəbiyyat nəzəriyyəsi), 1928-ci ildə Qızıl Ordada çap etdirdiyi "Til jumsar" (Dilin işlədilməsi) və d. kitabları onun çoxsahəli elmi fəaliyyətindən xəbər verir. M.Ayvazov isə məqalələrinin birində qeyd edir ki, Ə.Baytursunoğlu 1923-cü ildə "Mədəniyyət tarixi" adlı bir kitabını tamamladığını yazsa da, bu kitab haqqında bugünədək heç bir məlumat əldə edilməyib.

Görkəmli türkoloq alim A.Kononov Ə.Baytursunoğlunun yazdığı qrammatika kitablarını yüksək qiymətləndirib, onun məşhur türkoloqlardan biri olduğunu yazıb. 1924-cü ildə Orenburqda qazax-qırğız elm və mədəniyyət xadimlərinin qurultayında Ə.Baytursunoğlunun ərəb əlifbası əsasında hazırladığı yeni əlifba qazax-qırğızlar üçün rəsmi əlifba kimi qəbul edilir və 1928-ci ilə, yəni birləşdirilmiş türk-latın (yanalif) əlifbasının qəbuluna qədər işlədilir.

Ə.Baytursunoğlu 1926-cı ildə Bakıda keçirilən Birinci Bakı Türkoloji Qurultayının VI iclasında "Orfoqrafiyanın əsas prinsipləri və sosioloji əhəmiyyəti" mövzusunda çıxış edir. Qurultayda türk xalqları üçün hazırladığı əlifba layihəsini müzakirəyə təqdim etsə də, onu qəbul etdirə bilmir. O, Qurultayda F.Köprülüzadə, Əli bəy Hüseynzadə və b. ilə görüşərək onların  vasitəsilə mühacirətdə olan keçmiş məsləkdaşları ilə əlaqə yaratmağa nail olur.

 1921-1925-ci illərdə elm və ədəbiyyat komissiyasına rəhbərlik edən, Qazaxıstan Tədqiqlər Cəmiyyətinin fəxri sədri olan A.Baytursunoğlunun üzərində Sovet xüsusi xidmət orqanlarının güclü nəzarəti bir an da olsun azalmır. Orenburqdakı Qazax Pedaqoji İnstitutunda müəllimlik edən, sonra Daşkənddəki Qazax Pedaqoji İnstitutunda qazax dili və ədəbiyyatından dərs deyən A.Baytursunoğlunu 1928-ci ildə Almatı Qazax Universitetinə işə dəvət edirlər. O, burada qazax dili və ədəbiyyatı üzrə professor seçilir. Lakin bu hal çox da uzun sürmür. Ə.Baytursunoğlu maarif sahəsində çalışsa da, elmi araşdırmalarla məşğul olsa da, siyasi fəaliyyətdən əl çəkmir. Gizli millətçi təşkilatın qurulmasında, türk xalqlarının rus işğalçılarına qarşı birgə mübarizəsinin planlaşdırılmasında fəal iştirak edir. Maarif və elm sahəsindəki misilsiz xidmətlərinə baxmayaraq, onu 1929-cu il iyunun 12-də həbs edirlər. Uzun və işgəncəli istintaqdan sonra məhkəmə millətçi təşkilatda iştirakına görə güllələnmə hökmünü oxuyur. Səkkiz ay güllələnəcəyi günü gözləyən Ə.Baytursunoğlunun ölüm hökmü, nəhayət, 10 illik həbslə əvəzlənir. Solevki adalarındakı həbsxanalara göndərilən Ə.Baytursunoğlu vaxtından əvvəl 1934-cü ildə həbsdən azad edilir. Həbsdən azad olunduqdan sonra ailəsi də sürgündən buraxılır. Lakin burada Ə.Baytursunoğlunun sənədlərinin üzərinə "Heç bir peşə sahibi deyildir" yazıldığına görə ona iş verən tapılmır. Ailə maddi çətinliklərlə üzləşir. Ə.Baytursunoğlu həbs və sürgündə elmi və bədii yaradıcılıqla məşğul ola bilmir. 1937-ci ildə onu yenidən həbs edirlər. Ə.Baytursunoğlu keçmiş "alaşçı"lardan Q.Nurumovla, A.Kasımovla, A.Yermakovla, eləcə də Qazax Xalq Maarif Komissarı T.Jurqenevlə, RSFSR Xalq Komissarlar Sovetinin müavini T.Rıskulovla, Bakıda yaşayan professorlardan B.Çobanzadə və Q.Qubaydullinlə və b. ilə birlikdə antisovet təbliğat apardığına, Sovet dövlətini devirməyə cəhd etdiyinə görə güllələnməyə məhkum edirlər. Ölüm hökmü 1937-ci il dekabrın 8-də yerinə yetirilir.

Ə.Baytursunoğlu yazıçı, tərcüməçi, naşir, dilçi və ədəbiyyatçı kimi qazax xalqının ictimai və mədəni oyanışına xidmət edən görkəmli qazax alimi olaraq bu gün də unudulmur, öz həyat və yaradıcılığı ilə türk ziyalılarına yol göstərir.

 





28.01.2022    çap et  çap et