525.Az

"Azərbaycan şərqşünaslığı"nın növbəti sayı


 

"Azərbaycan şərqşünaslığı"nın növbəti sayı <b style="color:red"></b>

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi-kütləvi nəşri olan "Azərbaycan şərqşünaslığı" jurnalının növbəti sayı çapdan çıxıb.

525.az xəbər verir ki, jurnalın bu sayı əsasən şanlı Azərbaycan Ordusunun Vətən müharibəsindəki Zəfərinə həsr olunub. "Zəfər" rubrikasında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Şuşada hərbçilər qarşısında çıxışı, Şərqşünaslıq İnstitutunda Zəfər Günü ilə bağlı, həmçinin, şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlər barədə məlumat təqdim edilir. Rubrikada akademik Gövhər Baxşəliyevanın "Azərbaycan Respublikasının Şərq siyasəti", elmlər doktorları Solmaz Rüstəmova-Tohidinin "Böyük Qələbəyə tarixi baxış", Dünyamalı Vəliyevin "Qalib Azərbaycan inkişaf etmiş cəmiyyət mərhələsində: nailiyyətlər, problemlər, perspektivlər", fəlsəfə doktorları Səməd Bayramzadənin "Tarixi Zəfərin qazanılmasında Azərbaycan diplomatiyasının rolu", Məmmədəli Babaşlının "Azərbaycanın tarixi Zəfərində elm və təhsil amilinin rolu", Namiq Məmmədovun "Şanlı Zəfərin möhkəm təməli: müstəqil Azərbaycanın iqtisadi inkişafı və uğurları", həmçinin Pərviz Ağayevin "Müstəqillik illərində hərbi quruculuq və müzəffər Azərbaycan ordusunun şanlı Zəfəri" məqalələri oxucuların diqqətinə çatdırılır.

"Zəfər" rubrikasında həmçinin II Qarabağ müharibəsində döyüşlərdə iştirak etmiş şərqşünas alimlər barədə yazı və s. materiallar təqdim edilir.

Jurnalda həmçinin Azərbaycan-Yaponiya, Koreya-Azərbaycan, Rusiya-Çin münasibətlərinə, Məcdüssəltənə Cəmşid xan Qasımlı-Avşara, Mirzə Ələkbər Sabirin Cənubi Azərbaycan şeirinə təsirinə həsr olunmuş elmi məqalələr yer alır. Həmçinin, İnstitutda nəşr olunan yeni kitablar, keçirilən tədbirlər, əməkdaşların iştirak etdikləri beynəlxalq konfranslar barədə məlumatlar verilir.

 





28.01.2022    çap et  çap et