525.Az

Buraxılış imtahanlarında nə kimi yeniliklər olacaq?


 

Buraxılış imtahanlarında nə kimi yeniliklər olacaq?<b style="color:red"></b>

Mart ayından etibarən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən  tam və ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının keçirilməsinə başlanılacaq. Artıq DİM tərəfindən buraxılış imtahanlarının dəqiq vaxtı da açıqlanıb. 11-ci siniflər üçün buraxılış imtahanları Qaradağ, Xəzər, Yasamal, Nərimanov, Gəncə (Kəpəz), Qazax, Qax, Balakən, Yevlax, Ağdam, Göyçay, Ağdaş, Lənkəran, İmişli, Şirvan, Qusar, Biləsuvar, Gürcü bölməsi üzrə martın 5-də, Nizami, Suraxanı, Binəqədi, Sumqayıt, Gəncə (Nizami), Ağstafa, Oğuz, Zaqatala, Beyləqan, Füzuli, Kürdəmir, Ucar, Cəlilabad, Saatlı, Neftçala, Şabran, Siyəzən, Xızıda isə martın 6-da keçiriləcək.

11-ci siniflər üçün buraxılış imtahanları Sabunçu, Səbail, Nəsimi, Naxçıvan Muxtar Respublikası, Goranboy, Naftalan, Göygöl, Daşkəsən, Tovuz, Gədəbəy, Şəki, Masallı, Astara, Bərdə, Tərtər, Ağsu, İsmayıllı, Sabirabad, Xaçmazda martın 12-də, Xətai, Abşeron, Pirallahı, Mingəçevir, Samux, Şəmkir, Qəbələ, Yardımlı, Lerik, Ağcabədi, Zərdab, Şamaxı, Salyan, Quba, Qobustan, Hacıqabul, Bakı (xüsusi məktəblər - internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər, Çilov), ingilis və fransız bölmələri üzrə isə martın 13-də olacaq. 9-cu siniflər üçün (I zona) 16 və 17 apreldə, II zona 23-24 aprel, III zonada isə 30 aprel-1 mayda olması planlaşdırılıb. Kolleclərə qəbul imtahanının vaxtı da məlumdir. Belə ki, 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı 2-3 apreldə keçiriləcək. Həmin tarixdə eyni zamanda əvvəlki illərin məzunları üçün I, II, III və IV qruplar üzrə qəbul imtahanının I mərhələsi, V qrup üzrə ali təhsil müəssisələrinə də qəbul imtahanı olacaq.

Dövlət İmtahan Mərkəzinin Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva deyir ki, fənn kurikulumların mahiyyətinin yalnız biliklərin verilməsi deyil, bacarıqların formalaşması olduğundan, buraxılış imtahanlarında əsas etibarı ilə bacarıqlar yoxlanılır və qiymətləndirilir. Tədris proqramlarına görə xarici dil fənni üzrə 9-cu sinifdə, tədris dili və riyaziyyat fənləri üzrə isə 11-ci sinifdə dərs ilinin birinci yarımilində əsas bilik və bacarıqlar formalaşmış olur. Ona görə də buraxılış imtahanları dərs ilinin ikinci yarısında istənilən vaxtda keçirilə bilər: "Buraxılış imtahanlarında da yalnız imtahan tarixinədək keçirilən mövzulardan suallar salınır və salınacaq. Bundan əlavə, nəzərə alınmalıdır ki, fənn kurikulumlarına görə, 1-ci sinifdən 11-ci sinfədək ayrı-ayrı fənlər üzrə məzmun xətləri dəyişmir. Sadədən mürəkkəbə doğru məzmun standartlarının tələbləri dəyişir. Aşağı siniflərdən başlayaraq məzmun standartlarının tələblərinə görə müəyyən bacarıqlar formalaşır. Kurikulumların mahiyyətinin yalnız biliklərin verilməsi deyil, bacarıqların formalaşması olduğundan, buraxılış imtahanlarında əsas etibarı ilə bacarıqlar yoxlanılır və qiymətləndirilir. Bununla bağlı yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqlardan istifadə olunur. Fənn kurikulumlarına görə buraxılış fənləri üzrə əsas bilik və bacarıqlar isə mart ayınadək formalaşmış olur. Ona görə də imtahanın mart ayında keçirilməsi iştirakçılarda narahatlıq yaratmamalıdır".

Afiqə Batıyevanın sözlərinə görə, qəbul imtahanlarında müəyyən dəyişikliklər var, proqrama əvvəlki mövzular qaytarılıb. Coğrafiya fənnində yeni iqtisadi zonalarla bağlı tapşırıqlar salınacaq: "Bu, dərsliklərdə öz əksini hələ tapmayıb, çünki dərsliklər 4 ildən bir nəşr olunur. Ona görə bununla bağlı həm rus, həm də Azərbaycan dilində material hazırlayıb hər iki dildə DİM-in saytına yerləşdirmişik. Eyni zamanda, Zəfər tarixi ilə bağlı material da yenilənib. IX siniflər üçün bununla bağlı dərslik var, amma XI siniflər həmin fənni keçmədiyi üçün DİM-in hazırladığı material yenilənib və saytda yerləşdirilib. Ədəbiyyatla bağlı yeni dərsliklərdə bəzi əsərlər dəyişdirilib, amma indiki XI siniflər bunu keçiblər. Əsərlərdən bəzi hissələr saytda yerləşdirilib. Bunlar yeni materiallar deyil, müəyyən hissələri dərsliklərdə verilib, məktəbdaxili qiymətləndirilməsi aparılıb. Pandemiyanı nəzərə alaraq həmin hissələri sayta daxil etmişik. Eyni zamanda, İnformatika fənni ilə bağlı da yeni tapşırıqlar sayta yerləşdirilib. 2023-cü ildə imtahan verəcək şagirdlər buna fikir versinlər. Əsas ədəbiyyat dərsliklərdir, bundan kənarda heç bir şey nəzərdə tutulmayıb, hazırda məktəbdə tədris olunan tapşırıqlar salınacaq. İnformatika fənni üzrə vəsait üzərində də iş gedir, bu da çap olunacaq. Respublikada bu sahədə təcrübəsi olan dərslik müəllifləri, Təhsil İnstitutunun əməkdaşları cəlb olunub, İşçi Qrupu yaradılıb. İndi X sinifdə oxuyan şagirdlər buna diqqət yetirsinlər".

Şöbə müdiri bildirib ki, hazırda ali məktəblərə qəbul imtahanları üzrə builki müsabiqə şərtləri ilə bağlı dəqiq məlumat demək çətindir. Müsabiqə şərtləri ali məktəblərin, ekspertlərin, dövlət orqanlarının təklifləri əsasında və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla elan edilir: "Hələlik abituriyentlər ötən ildəki müsabiqə şərtlərini öyrənə bilərlər. Builki müsabiqə şərtlərində ciddi dəyişikliyin olması gözlənilmir, yenə də vətəndaşlar bunu diqqətdə saxlasınlar, məlum olan kimi elan edəcəyik".

Afiqə Batıyevanın dediyinə görə, həm 9, həm də 11-ci sinif üzrə buraxılış imtahanı bir mərhələdə keçiriləcək. İmtahanlar 85 sualdan ibarət olacaq: "Proqramda əsas mənbə dərsliklərdir. Proqrama dərsliklərdən kənar heç bir element daxil edilməyib. Bacarıqlar da dərsliklər vasitəsilə formalaşır. Tövsiyə edərdim ki, dərslikləri oxumaqla yanaşı, imtahana hazırlaşanlar OTK.az saytında onlayn sınaq imtahanında iştirak etsin.

Qəbul imtahanlarının nə zaman keçiriləcəyi bilinmir. Dəqiq tarixləri bilinməsə də, qəbul imtahanına qeydiyyatla bağlı prosesə fevralın sonu, martın əvvəlində başlamaq nəzərdə tutulub. Qəbul imtahanlarının II mərhələsinin 2 dəfə keçirilməsi nəzərdə tutulub".

Şöbə müdiri vurğulayıb ki, buraxılış imtahanı attestat imtahanı demək deyil. Attestat yekunda məktəbdaxili qiymətləndirmə əsasında yazılır: "Hazırlıq səviyyəsini yoxlamaq üçün sadə, orta və çətin tapşırıqlar olur. Şagirdlərdə artıq əsas riyazi bacarıqlar formalaşıb. Onlar bir müddət əvvəl IX sinif buraxılış imtahanı verib, amma pandemiya ilə əlaqədar bu imtahanları rahat şəkildə keçirmək, alt standartların tam yoxlanılması mümkün olmadı. Ona görə bu imtahanda V sinifdən XI sinfə qədər alt standartlar yoxlanılacaq".

Afiqə Batıyeva qeyd edib ki, tədris dili digər dillərdə olan şagirdlər həm 9, həm də 11 illik təhsil bazasından "Azərbaycan dili" üzrə dövlət dili fənni kimi imtahan verirlər. Bu il bu imtahan üzrə yeni model olacaq: "Bu, ilk dəfə tətbiq olunsa da, pandemiyadan əvvəl hazırlanıb, elan edilmişdi. Dinləmə mətninin audiomaterialları DİM-in saytında yerləşdirilib. İmtahanda 3 yazılı tapşırıq olacaq".

Şöbə müdirinin sözlərinə əsasən, bu il magistratura imtahanlarının iki dəfə keçirilməsi nəzərdə tutulub: "Biz planlaşdırmışıq ki, bu il magistratura imtahanları iki dəfə keçirilsin. Amma hələ dəqiq bilinmir. Vətəndaşların birinci magistratura imtahanında iştirakı məqsədəuyğundur. Pandemiya başlayandan magistratura imtahanları iki mərhələdə aparılır. Bu il də belə nəzərdə tutulub. Amma hələ ki, dəqiq qərar verilməyib. Qrafiki açıqlayanda da deyirik ki, bu, yalnız proqnoz əsasında edilir. Ona görə vətəndaşlar birinci müsabiqədə də iştirak etsinlər".

Afiqə Batıyevanın söylədiyinə görə, ali məktəblərə qəbul və buraxılış imtahanları kütləvi olduğu üçün ümumrespublika üzrə tədbirləri nəzərə alıb qrafiki müəyyən edirik. 12 mart tarixində buraxılışla yanaşı, SAT imtahanı da keçiriləcək: "Amma SAT imtahanı kütləvi imtahan deyil ki, günləri nəzərə alaq. DİM maksimum dərəcədə daxil olan müraciətləri nəzərə alır. Bu gün də bir neçə ərizə daxil olub. Vətəndaşlar özləri bunu müəyyən etməlidilər ki, hansı imtahanda iştirak etmək istəyirlər, attestasiya imtahanında, yoxsa beynəlxalq imtahanda. Sonradan bu müraciətlərə fərdi şəkildə baxıla bilər. Təkrar buraxılış imtahanları üçün vətəndaşlara şərait yaradırıq ki, hüquqlarını təmin edək".

Sevinc QARAYEVA

 





28.01.2022    çap et  çap et