525.Az

Hacı Zeynalabdin Tağıyevin unudulmaz obrazı...


 

SƏNƏTDƏ VƏ MƏŞHUR RUS RƏSSAMININ XATİRƏLƏRİNDƏ

Hacı Zeynalabdin Tağıyevin unudulmaz obrazı...<b style="color:red"></b>

Əsəd QULİYEV
Sənətşünas, AMEA-nın dissertantı, Rəssamlar İttifaqının üzvü

"Hacı qonaqlar ilə bərabər vidalaşıb gedərkən, birdən-birə dala qayıdıb məclisdə qalan müsəlmanları böyük zala dəvət etdirib, orada özünün boyu bərabəri mükəmməl və müzəyyən və çarçubə içindəki təsvirini (əksini) göstərdi və dedi ki:

"Övladlarım! Bənim bu əksimə bir diqqət ilə baxın, görün orada nə görərsiniz".

Cəmaət sükut ilə təsvirə tamaşa edərkən həştad sinnində piri-mümtəhən Hacı həzrətləri buyurdu ki: "Övladlarım! Görüyorsunuzmu ki, bənim sağ əlim dini-islamın rüknü və madəri-iftixarı olan Qurani-əzimüşşənin üstündədir və sol əlimdə tutduğum isə qəzetədir. Övladlarım! Bənim sizə axırıncı məsləhətim budur ki, bu Quranı həmişə sağ və qəzetəyi isə sol əlinizdə tutub, millətə sidq və sədaqət ilə xidmət edəsiniz!"

Bu əsnada Hacı gözləri yaş ilə do

lmuş ikən haziruna xudahafiz edib, məclisdən təşrif apardı". (Mustafa bəy Əlibəyov, "İşıq" qəzeti N-9. 19.03.1911)

Ömrü məşəqqətlərlə dolu, ağır həyat yaşamış, haqqında el arasında əfsanələr dolaşan, ictimai xadim, milyonçu, mesenant Hacı Zeynalabdin Tağıyevi (25.1.1823-1.9.1924) tanımayan, onun haqqında bilməyən tapılmaz. H.Z.Tağıyev öz parlaq əməlləri - gördüyü, həyata keçirdiyi xeyriyyəçilik işləri ilə öz adını qızıl hərflərlə tarixə həkk edib. Bu yazıda Hacının həyatı və fəaliyyəti haqqında yox, onun obrazı və təsviri sənətdə H.Z.Tağıyev şəxsiyyətinə müraciət edən rəssam və heykəltəraşlardan, eləcə də həmin əsərlərin bədii sənətkarlıq xüsusiyyətlərindən bəhs edəcəyik.

Yuxarıdakı qeyddə Novruz bayramı ilə əlaqədar keçirilən tədbirdə Hacının çıxışı çox mətləbləri bəyan edir. Hacının şəxsiyyəti, qəlbində xalqına, millətinə bəslədiyi sonsuz sevgi, millətin gələcəyinin maarif və təhsildə olduğunu düşünməsi...

H.Z.Tağıyevin naturadan işlənilmiş, onun şəxsiyyətini və xarakterik cizgilərini özündə əks etdirən təsviri sənət əsəri - "Hacı Zeynalabdin Tağıyevin  portreti" (1912) adlı əsər də onun özü kimi ağır tale yaşamışdır. Bu sənət əsərinin maraqlı tarixçəsi var. Əsərin müəllifi rəssam İsaak İzrailoviç Brodski (1883-1939) "Mənim yaradıcılıq yolum" (Leninqrad-Moskva 1940) adlı kitabının "Yeddinci başlıq. Tağıyevlə münaqişə" (səh.64, 66, 67) adlı bölməsində əsərin yaranma tarixi ilə bağlı maraqlı olduğu qədər də ziddiyyətli məlumatlar verir. Qeyd edək ki, İ.Brodski Rusiyanın Əməkdar incəsənət xadimi olub. Dövrünün məşhur rəssamı kimi tanınıb. İ.Repin, M.Qorki, V.Lenin, Stalin və bir çox başqa sənət və dövlət xadimləri ilə yaxından dostluq edib və həmçinin onların naturadan portretlərini yaradıb. İ.Brodskinin kitabında H.Z.Tağıyevlə bağlı nəşr olunmuş memuarın tərcüməsini (tərcümə Ə.Quliyev) təqdim edirik.

"O illərdə əsasən "özüm üçün" işlər çəkirdim və çox nadir hallarda, istisna olaraq sifarişlər alırdım. Xatırlamıram, kimsə mənə Bakı milyonçusu, məşhur neft sənayeçisi Tağıyevin portretini çəkməyi təklif etdi. Bununla əlaqədar mən Bakıya getdim. O, qoca bir kişi idi - 80 yaşlarında idi (onda Hacı 88 yaşında olub. - Ə.Q.). Tağıyevin dəvəti ilə iki vəkil də mənimlə birlikdə Bakıya gəlirdi. Onlardan birinin adı Maklakov idi (Vasiliy Alekseeviç Maklakov (1869-1957) Rusiya dövlət və siyasi  xadimi, Dövlət dumasının üzvü olub - Ə.Q.), o birinin adı yadımda deyil. Tağıyevin qulluqçuları məni də vəkil bilib Tağıyevin qəbuluna buraxdılar. Çünki həmin vaxt Tağıyev ancaq vəkilləri qəbul edirdi. Tağıyev çox çətin poza verirdi. Çox çətinliklə iki-üç dəqiqə əyləşdikdən sonra tez yuxuya gedirdi. Mən məcbur oldum ki, nahar vaxtı ona diqqətlə baxım və sonra xəyalən çəkim. Tağıyev ümumiyyətlə, belə hesab edirdi ki, sifət (üz) cizgilərini dəqiqliklə çəkmək elə də vacib deyil. Vacib olan portretdə lent və ordenləri çəkib göstərməkdir ki, onlar hansı dərəcədədirlər... Bunu eşidəndə mən işdən soyudum. Portreti tezliklə işləyib bitirmək qərarına gəldim.

Dərzidən maneken aldım. Lent və ordenlərlə bəzədilmiş uniformanı manekenə geyindirib, beləcə çəkməyə başladım. Artıq Tağıyev nöqsan axtarıb tapa bilməyəcəkdi. Bundan sonra portretin başını çəkdim.

Portret hazır olandan sonra Tağıyev mə

nə ödəniləcək məbləği vermək istəmədi, çünki o hesab etdi ki, belə qısa vaxtda iki min manat qazanmaq  olmaz. O mənə dedi: "Bir həftəyə iki min!? Mən balaca olanda günə altı qəpik qazanırdım! Əlavə iki həftə də işlə!" 15 nəfərlik tərkibdə, mühəndis və rəsm müəllimlərindən ibarət komissiya heyəti yaratmağa məcbur oldum. Komissiya etiraf etdi ki, portret uğurlu alınıb, Tağıyevə çox oxşayır və onu qəbul etmək olar..."

Eyni zamanda qeyd edək ki, professor, Əməkdar incəsənət xadimi, sənətşünas  Mürsəl Nəcəfov rəssamın vəfatından sonra "Mənim yaradıcılıq yolum" kitabının əlyazmasını çapa hazırlamış, rəssamın yaxın qohumu, sənətşünas İosif Brodski ilə Peterburda görüşdüklərini və görüş zamanı İosif Brodskinin ona belə dediyini yazır: "Tağıyevlə pul barədə rəssam özü yox, vəkil Maklakov danışmışdı. Maklakov Tağıyevə deyib ki, Brodski Peterburqda çox məşhur bir rəssamdır. Repinin tələbəsi olmuş Brodskini hətta çar II Nikolay yaxşı tanıyır, xahiş edirəm, onun haqqını verin, çıxıb getsin" ("Elm və həyat" jurnalı N-4. 1990).

Lakin İ.Brodskinin kitabda nəşr olunmuş məlum xatirələrindən belə anlaşılır ki, guya Hacı xəsislik edərək, portretə iki min manat ödəmək istəməyib. Halbuki Tağıyev xeyriyyə işlərindən pul əsirgəmədiyi halda, kiminsə ondan zəhmətsiz pul qoparmasını istəməmişdi.

Öz həyatını və sərvətini xalqının yolunda şam kimi əridən H.Z.Tağıyevin işıqlı əməlləri və əziz xatirəsi həmişə ehtiramla xatırlanacaq.

 





28.01.2022    çap et  çap et