525.Az

Yardımlıda bir şair var... - Bilal Alarlı yazır


 

İDRİS BABAYEVİN SÖZ DÜNYASINDAN QEYDLƏR

Yardımlıda bir şair var... -<b style="color:red"> Bilal Alarlı yazır</b>

Bölgələrdə yaşayan qələm adamlarının çəkdiklərini elə bölgələrdə yaşayan həmkarları yaxşı bilir. Düzdür, informasiya texnologiyalarının sərhəd tanımadığı bir zamanda şöhrət qazanmaq, yaman-yaxşı qiymət almaq mümkündür, oxucu auditoriyası da genişdir. Yazdığın və yayımladığın şeirin son nöqtəsini qoyduğun saniyədə "Bəyəndim" işarələri işə düşür. Amma bu dəyərləndirmə internet imkanlarından bəhrələnən oxucunun verdiyi qiymətdir, internet oxucusu isə müxtəlif səviyyəlidir. Bundan başqa, sosial məkanlar, hətta saytlar məhdud dairələr çərçivəsində fəaliyyət göstərir. Elarası deyimlə ifadə etsəm, hər kəsin bəyənənləri və bəyəndikləri var, bu isə düzgün, obyektiv qiymətləndirmənin məhdud göstəricisidir. Buna baxmayaraq, sosial şəbəkələr fərdlərin təqdimatı üzərində qurulduğundan həmin fərdlərin kimlik, məlumat və təbliğat mərkəzləri kimi əvəzsiz mənbədir. 

Mən İdris Babayevi sosial şəbəkələrdən tanımışam. Mənim özüm kimi bölgədə yaşadığını bildikdə isə yaradıcılığına marağım artdı. Paylaşdığı şeirləri müntəzəm izlədim. "Mən iti xəncər kimiyəm" deyən şairin təlatümlü, sərt misraları ilə yanaşı, kövrək, həssas duyğularını ifadə edən bədahətləri də var. İnsanı dağa-dərəyə çəkən həyat hekayətləri real yaşantılarından doğur. Söz atına minib ağ vərəq üstə qapqara izlər buraxan şair gördüklərini yazmasa, qulaqları kar, gözləri kor olar:

Kar olar qulaqlarım, kor kimi gözlərim baxar,
Yazmasam gündə əgər, bəlkə də, dünyam darıxar.
Ağ vərəq üstə qaçar, qapqara izlər buraxar,
Qələmim Qırat kimi, mən ona mehtər kimiyəm.

Bu cür döşüdolu şairi yaxından tanımaq istəyim yarandı. Onun yaşadığı Yardımlını kənd-kənd gəzsəm də, folklor nümunələri toplayarkən hər kənddə bir neçə gecə yatıb qalsam da, İdris Babayev şəxsiyyətini yaxşı tanımamışdım. Bu günahı özümdə görürəm ki, bu cür fitrətən istedadlı bir şəxsin yaradıcılığı diqqətimdən yayınıb. Babayev İdris Babakişi oğlu 1962-ci il iyul ayının 12-də Yardımlı rayonunun Telavar kəndində anadan olub. Orta təhsillidir. 1987-2015-ci illərdə Telavar kənd tam orta məktəbində laborant işləyib. Bölgələrdə iş yerlərinin az olması adamların çoxunu bekar qoyur. Bu bekarçılığın əziyyətini İdris Babayev də çəkir, bir neçə ildir, işsizdir. Həyat sıxıntıları şeirlərində də hiss olunur:

Dərdim üstə gün düşə quruyub xəzan ola,
Hər yarpağım bir kitab, oturub yazan ola,
Misra-misra oxuyan qopuzlu ozan ola,
Bu millət kaş görməyə, mən nəmin içindəyəm.
Dərd mənə neynəyəcək, mən qəmin içindəyəm.

Bu hisslər fərdi hisslər deyil, bir şairin düşüncəsinin məhsulu olsa da, el dərdini izhar edir. İşsizlik, bekarçılıq adamları kəndi tərk etməyə, dolanışıq dalınca şəhərə, başqa yaşayış məntəqələrinə üz tutmağa vadar edir. Şair bunu ürək ağrısı ilə qələmə alır:

Köçhaköç  başladı, köçdü adamlar,
Qəbirlər üstündə yanmadı şamlar.
Yasin sədasına həsrət axşamlar,
Ah çəkdi, ağlatdı mərmər daşları.

İdris Babayev gənc yaşlarından şeirə-sənətə maraq göstərir. İlk kitabı nəşr olunana qədər şeirləri müxtəlif antologiyaların, ədəbi topluların səhifələrini bəzəyib. 2018-ci ildə "Döndər məni daşa, Vətən" adlı ilk şeirlər toplusu nəşr olunub. 2020-ci ildə isə "Vaxtsız qonağıyam mən bu cahanın" adlı ikinci şeirlər kitabı oxucuların ixtiyarına verilib. 

Özünü gözü yolda qalan, paramparça olan Vətənin bəxtsiz balası sayan şair vətənpərvərlərin də az olduğunu, vətəni düşünənlərin də barmaqla sayıldığını söyləyir. Bir qədər mübahisəli fikir olsa da, bəzi məqamlar üçün haqqına söylənilən misralardır. Ağrılı Vətən dərdi bununla bitmir. Matəmi bayramından çox olan ölkənin keşməkeşli bir tarixi vardır: 

Başı Dərbənd qapısında,
Ayaqları o taydadır.

İdris Babayevin qələmi şeirin bütün şəkillərinə baş vurur, Klassik poeziyanın ənənələri üzərində dayanan, qoşma və gəraylılara daha çox yer verən İdris Babayev yaradıcılığı ictimai-siyasi mövzulardan tutmuş məhəbbət lirikasınadək incə bir yol keçir, sərt olanda satiraya qanad verir, kövrələndə qəzələ üz tutur. Bəzən şair şeirlərinin anlaşılmayacağından ehtiyat edir, iç dünyasında çəkdiklərinin oxucuya çatmayacağından "şübhələnir": 

Korun-korun yanır içim,
Xeyir işim şər görünür.
Köhnə dərdim ütülənir,
Təzədən də tər görünür.

Sevgi poeziyanın əbədi mövzusudur. Söz adamlarının çoxunu eşq, sevda şair edib. Məhəbbət elə bir qüvvədir ki, ürəkləri titrədir. Şair sevdiyindən umur ki, əzabını azaltsın. Bu sevdanın dərin qatlarında gördüyümüz aşiqin təcrid olunmuş obrazı deyil, yaşadığı cəmiyyətin təsirləri altında uğursuzluqlara məruz qalan prototipidir:

Verin o gözələ iti bir xəncər,
Sinəmi ortadan bölsün tən yarı.
Baxıb ürəyimdə görsün özünü,
Verdiyi əzabı azaltsın barı.

Bəzən mövzu özü üslub, janr və şəkli xüsusiyyətlər tələb edir. İroniya, istehza, təkzib, etiraz daha çox satirik yanaşma tələb edir. Fikrin açıq ifadəsi də məqbul sayılmır, bu açıq-saçıqlıq müəllifi başqa bir aləmə - siyasət meydanına sürükləyə bilər. Onun təsvir etdiyi eybəcərliklər fərdi deyil, ictimaidir. İdris Babayevin şeirləri daha çox bu meyl və maraqlar üzərində qurulmuşdur. Buna görə də bir müəllif olaraq ətrafında baş verənlərə biganə qala bilmir. Hətta bəzi şeirlərində ifadə olunan tənqidi fikirləri kimsə özünə almasın deyə, "Ünvanlı deyil" qeydini etməyi vacib sayır. Fərdi olmayan yaşantılar şairin əhatəsində olduğu mühitin eybəcərliklərinə işıq salır. Bu mühitdə əzab çəkənlər kimsənin üz tutmadığı, halına yanmadığı yetim timsalındadır:

Uzaqdan hamımız gəl-gəl söylədik,
Sənə çörək verən olmadı, yetim.

"Gözündə yer", "yatmağa qəlbində yataq" verdiyi coşan təbinin şahzadəsi həmişə şairin qayğısına qalmır, şair isə bu sevdanın bədəlini ödəməyi tələb edir. Əgər sevgi qarşılıqlı deyilsə, aşiqin ömür yolunda dərd bitir, telində dən "göyərir":

Niyə üz döndərdin, a zalım qızı?
Döndü zimistana eşqimin yazı,
Sənsiz yola verdim ''qızıl'' payızı,
Qırıb aparmısan könlümün simin,
Gəl, ödə bədəlin mənim sevgimin.

Vətənpərvərlik mövzusu şairin poeziyasının aparıcı qanadını təşkil edir. İdris Babayevin Qarabağ mövzusunda yazdığı şeirlər çağırış, tərənnüm, təsvir xarakterlidir. Çağırış motivli şeirlərindən biri "Vur, sənə qurban" adlanır. Vətən müharibəsinin davam etdiyi günlərdə oxşar mövzuda çoxlu şeirlər yazıldı. İdris Babayevin eyniadlı şeiri öz axıcılığı, deyim özəlliyi ilə fərqlənir:

Al ələ silahı, nə danış, nə din,
Məhv eylə düşmənin keçilməz səddin.
Göstər sən, nəhayət, ona öz həddin,
Səninlə fəxr edir can Azərbaycan,
Vur, igid əsgərim, vur sənə qurban.

İdris Babayevin şeirlərinin bir qismi folklordan qaynaqlanır. O, atalar sözünə, məsəllərə, el deyimlərinə üz tutur, bu folklor nümunələrini nəinki şeirinə gətirir, hətta özü yeni aforizmlər yaradır. "Hikmətli kəlamlar" məsnəvisində Nizami ənənələri gözlənilir, müdrik fikirlər nəzmə çəkilir. Klassik poeziyada olduğu kimi, İdris Babayev də Allah, Peyğəmbər, Quran, Saihibi-Zaman kimi məfhumların müqəddəsliyinə diqqət çəkir. Onun müdrik kəlamları insanları haqq yola, ədalətə, halallığa dəvət edir. Onun aforistik deyimləri klassik şairlərin öz övladlarına yazdıqları nəsihətnamələri xatırladır. "Oğluma nəsihət" adlı bu tipli şeirlərdə ağıllı məsləhət, müdrik tövsiyə, hikmət dolu nəsihət həmişə gərəkli, həmişə önəmli bir vasitə sayılıb. Yeniyetmələrin, gənc nəslin bu cür nəsihətlərə bu gün böyük ehtiyacı var. İdris Babayevin "Müasir atalar sözü" şeiri isə müdrik kəlamlara fərqli yanaşmanın məhsuludur. Şeir ironik üslubdadır, bunu atalar sözünün tərsi də adlandırmaq olar.

İdris Babayev şairliyi Allahdan verilən pay sayır. Şairlik bostanda əkilmir, səhrada bitmir, ruhdan gəlir, İlahidən pay kimi verilir, buna görə çağlayan çaya bənzəyir:  

Haramdan, riyadan hey uzaq qaçan,
Sözüylə qıfıllı qapılar açan,
Möhürlü qəlblərə ziya, nur saçan,
Zülmətdə parlayan aydı şairlik.

Şair tutduğu yolu haqq yolu bilir, bu yoldan dönməyəcəyini israr edir, halalı harama qatmır, mübarizəsindən dönmür. Ona görə də yazmağından qalmır və deyir: "Qələmi qoyma yerə, yaz nə qədər var ilhamın, öləndən sonra verər xalq sənə öz qiymətini".

Adətən, yaxşı adamların, xeyirxah insanların qiymətini dünyasını dəyişəndən sonra verirlər, çünki belə adamların yeri görünür, ən azından onların gördüyü işlər yarımçıq qalanda daha çox xatırlanırlar və bu itkiyə təəssüf edirlər. Amma bu sözləri şairə və onun şeirinə aid etmək yanlışlıq olar. Bu yerdə şair özünü nə qədər haqlı saysa da, onun qənaəti ilə razılaşmıram. Yaxşı şeir həmişə sevilib və yaxşı şair daim elin sevimlisi olub və olacaqdır. El dərdinin carçısı el üçün əzizdir! Mən İdris Babayevin şeirlərində öz fərdi dərdlərini, qəmini deyil, xalq kədərini, xalq ağrısını gördüm. Düzdür, elə şeirləri var ki, poetik səviyyəsinə görə oxucu tələbini tam ödəmir, amma mövzusuna, məzmununa görə aktualdır. Onu da deyim ki, şairin sözlə şəklini çəkdikləri elə mənim öz həyatımda çəkdiklərimin poetik rəsmidir. Bu poetik təsvirin dəyərini orada öz yaşantılarını görən mənim kimi yüzlərlə oxucu daha yaxşı bilir.  
 

 





28.01.2022    çap et  çap et