525.Az

Yenidən doğulan şəhər - Salman Alıoğlu yazır


 

Yenidən doğulan şəhər -<b style="color:red"> Salman Alıoğlu yazır</b>

Qırx dörd günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti, qətiyyətli mövqeyi, dəmir iradəsi, Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş nazirinin imzaladığı birgə bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusu tərəfindən boşaldıldı. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil oldu. 27 il 4 aydan sonra Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa başladı.

Vətən müharibəsi şanlı qələbə ilə başa çatandan sonra işğaldan azad edilən bütün ərazilərdə, o cümlədən, Ağdamda çox əhəmiyyətli infrastruktur lahiyələrin həyata keçirilməsi prosesinə start verildi. Məlum olduğu kimi, Ermənistan otuz il ərzində zəbt etdiyi torpaqları başdan-başa minalayıb, çoxlu sayda müdafiə və istehkam xətləri yaradıb, bir sözlə, torpaqlarımızı ölümsaçan minalarla və digər döyüş sursatları ilə zəhərləyib. Qeyd etmək lazımdır ki, azad edilmiş ərazilərdə minalardan başqa, partlamamış sursatlar da kifayət qədər çoxdur. Ona görə də ilk növbədə qarşıda həmin torpaqların minalardan təmizlənməsi, təhlükənin aradan qaldırılması, həyat əhəmiyyətli infrastrukturunun yaradılması dayanırdı. Müharibədən dərhal sonra planlı şəkildə torpaqların minalardan təmizlənilməsinə başlandı. Əvvəlcə yolların və elektrik xətlərinin keçdiyi ərazilər həm ANAMA-nın, Müdafiə Nazirliyinin, eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin minaaxtaranları tərəfindən təmizləndi.

Vətən müharibəsində əldə olunan şanlı qələbə Azərbaycanın  son iki yüz illik tarixinin ən şərəfli səhifəsidir. Ermənistanın Qarabağdakı otuz illik işğalına igid oğullarımızın qəhrəmanlığı sayəsində son qoyuldu. İşğaldan azad edilən yurd yerlərinə səfər edərkən bizi düşmənin törətdiyi qəddarlıq, xarabalıqlar, təbiətə qənim kəsilmiş, mədəni-dini abidələrimizi tar-mar edən vəhşi bir toplumun  bəd əməllərinin şahidi oluruq.

Vaxtilə ən abad və gözəl şəhər olmuş Ağdam təcavüzkar Ermənistanın  faşist rejimi tərəfindən yer üzündən silinib. Bu qədim tarixi olan şəhərdə ermənilərin törətdiyi vəhşilik, barbarlıq adamı dəhşətə salır. Ağdamda tariximizin açılmayan qatları mövcuddur, burada şəhərsalma mədəniyyəti, məqbərə komplekslərinin tikintisi, dulusçuluğun, misgərliyin mövcud olması, ana təbiətin yaratdığı gözəllik bir-birinə qovuşmuşdu. Rayon ərazisində qədim dövrlərdən xəbər verən kümbəzlər, daşdan yonulmuş qoç və at fiqurları, məqbərələr, kahalar var idi. Onlardan biri də şəhərdəki İmarət Qərvənd qəbiristanlığıdır. Tarixi mənbələrə görə burada Qarabağın görkəmli nümayəndəsi Pənahəli xanın törəməsinə aid olan insanlar dəfn edilib. XVIII əsrin sonları-XIX əsrin əvvəllərində bu məqbərə-kompleks inşa edilib. Qədim memarlığın nümunələri hesab olunan türbələr çoxbucaqlı və tağvari quruluşa malik olub. Həmin türbələrdən birində Pənahəli xanın oğlu, Qarabağ xanlığının davamçısı İbrahimxəlil xan dəfn edilib. Xan qızı, dövrünün ziyalı və maarifpərvər qadını, incə naxışlar müəllifi, gözəl şeirlər yazan Xurşidbanu Natəvanın  qəbrinin üstündə büstü qoyulmuşdu. Ümumiyyətlə, İmarətdə 15 nəfər xan nəslindən olan və digər qohumları dəfn edilib. Ermənilər İmarətdəki qədim türbələri dağıdıb, buradakı çoxillik çinar və qovaq ağaclarını, bar verən meyvə ağaclarını kəsiblər, qədim daşları sındırıblar, qəbirüstü sinədaşlarını məhv ediblər.

İmarətdə tarix diyarşünaslıq muzeyi var idi. Bu tarixi yerdə bir çox tədbirlər keçirilirdi, məhsul bayarmları qeyd olunurdu, "Xarıbülbül" musiqi festivalına dünyanın əksər ölkələrindən musiqiçilər  gəlirdi. Qovaq və çinar ağacları ilə dövrələnmiş qədim İmarət öz sinəsində çox keşməkeşli və ziddiyyətli bir dövrün izini qoruyub saxladığı üçün bura həm də açıq havada qiymətli və zəngin bir muzey idi. Azərbaycanın ən zəngin şəhəri hesab olunan Ağdam həm də şeir, sənət, muğam mərkəzi kimi tanınırdı.

Şəhərin hay-küyündən ayrılıb İmarətə daxil olanda tamam başqa bir mənzərə ilə üz-üzə qalırdın, sanki cənnətə düşürdün. Tarix burada  torpağın və daşların dili ilə insanı iki yüz il əvvələ çəkib aparırdı. İmarətdə təbii ot örtüyü olan stadion var idi, burada göz yaşı kimi sərin su axırdı. İmarətdə ilk dəfə meydan tamaşası göstəriləndən sonra bura həm də sənət məbədinə çevrildi. İşğaldan azad edilən Ağdamda ötən ilin axırlarında həqiqətən çox təsirli və kövrək anlar yaşandı. 27 ildən sonra "Qarabağ" komandasının futbolçuları  İmarətdəki stadionda rəmzi olaraq məşq etdilər. Şəhərin baş planında Ağdamda çox möhtəşəm və müasir stadion tikiləcək, doğma "Qarabağ" oyunlarını öz stadionunda keçirəcək. 

Yenidən doğulan şəhər. Ağdamı belə adlandırmaq olar. Xarabalıqlar içərisindən yeni bir şəhərdə, dünyada ən gözəl şəhərlərdən biri olacaq Ağdamda məktəbin, xəstəxananın, eyni zamanda, yaşayış binasının təməli qoyulub və burada tikinti işlərinə başlanıb. Ağdam Sənaye Parkının tikintisində işlər sürətlə aparılır. Şəhər ərazisində iki elektrik yarımstansiyası quraşdırılıb. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, bütün bu işlərlə yanaşı, Ağdam şəhərinin mərkəzində həm də tarixi-mədəni ərazi salınacaq. 22,5 hektarlıq ərazini əhatə edən bu məkanda Pənahəli xanın İmarət kompleksi, Çörək muzeyi, Dram Teatrı, İşğal və Zəfər muzeyləri kompleksi olacaq. Ərazinin bir başında İşğal muzeyi, digər başında isə Zəfər muzeyi yerləşəcək. Onların arasında açıq səma altında 18 hektarda Memorial bağ salınacaq.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində Ağdam bir güllə belə atmadan, bir şəhid vermədən işğaldan azad edilib. Prezidentimizin rəhbərliyi ilə Ağdamda  bərpa və yenidənqurma işlərinə başlanılıb, dünyada hər kəs dağıdıcı Ermənistandan fərqli olaraq Azərbaycanın nə qədər qurucu dövlət olduğunu görür.

 





28.01.2022    çap et  çap et