525.Az

"Mərifət inciləri" ilə üçüncü görüş


 

"Mərifət inciləri" ilə üçüncü görüş<b style="color:red"></b>

Azərbaycanın Milli İnkişafı Naminə (AMİN) İctimai Birliyi "Mərifət inciləri" adlı rüblük ədəbi-irfani dərginin çapına başlayıb. Təsisçisi Seyyid Əsri, redaktoru Məhəmməd Nuridir.

525.az xəbər verir ki, yalnız klassik ədəbiyyata dair məzmunları əhatə edən məcmuə öz yönündə təkdir. Hər nömrədə şərq klassiklərinin şeirlərindən öz vəznində tərcümə nümunələri verilir. Burada əski əlifbada mətnlərə, əlyazma fotosurətlərinə, həmçinin, ərəb, fars dillərində, çağatayca, osmanlıca olan ədəbi nümunələrə yer ayrılır.

Məcmuədə "Tərcümandur söz" adlı mənzum tərcümə nəzəriyyəsi, "Ver sözə ehya" adlı əski türk sözlərinin izahlı lüğətçəsi, "Şeir bir zivərdür" adlı bəlağət fənləri, "Vəfa ədəbi məclisi" adlı müasir əruz şairlərinin yazdıqları nəzirə, təzmin, təxmis və sairdən ibarət daimi bölmələr var.

Dərginin artıq 3 sayı nəşr olunub. İlk iki say ümumi olduğu halda, 3-cü say bütövlükdə görkəmli füzulişünas alim, şair mərhum Hacı Mail Əliyevə həsr olunmuş xüsusi buraxılışdır ki, burada onun heç yerdə çap olunmamış şeirləri, Nəsimiyə şərhləri, haqqında xatirələr, əlyazmasının fotosurətləri verilib.

Gələcək saylarda təkcə şərqli müəlliflərdən deyil, ingilis, rus, alman və digər dillərdən də irfani-təsəvvüfi, elmi-ədəbi məqalələrin tərcüməsinə yer ayrılması nəzərdə tutulur. Məcmuə mütəxəssislər üçün əsaslı mənbə, söz xiridarları üçün isə yadigar olası töhfədir.

Dərgini əldə etmək istəyənlər kitab dükanlarına və ya AMİN-in sosial şəbəkə hesablarına müraciət edə bilərlər. Qeyd edək ki, yaxın günlərdə Amin.az saytı da fəaliyyətə başlayacaq.

 





29.01.2022    çap et  çap et