525.Az

"Ölüm və fəlsəfə" - Türkan Turan yazır


 

"Ölüm və fəlsəfə" -<b style="color:red"> Türkan Turan yazır</b>

Alber Kamyu "Sizif haqqında mif" kitabına "Fəlsəfədə araşdırılması lazım olan ən vacib məsələ həyatın yaşamağa dəyib-dəymədiyi sualı" ilə başlayır. Kamyunun bu sualı bütün dövrlər üçün aktualdır. Malraux isə deyir ki, həyatın bir mənası olmaya bilər, amma ondan daha mənalı nə var ki əlimizdə? Həqiqətən, heç ölməyəcək kimi davranmaq, yoxsa hər an ölümü düşünərək yaşamaq lazımdır? Böyük paradoksdur. Ölüm qarşısındakı çarəsizlik insan övladının ən böyük faciəsidir. Rahat yaşamaq üçün ölümü bəzən unutmaq, bəzən xatırlamaq məcburiyyətindəyik. Ölümün qaçılmazlığını nəzərə alsaq, görərik ki, zaman həm bir andan, həm də sonsuzluqdan ibarətdir. Məsələn, ölüm yaşanılmır, ölümü sınaqdan keçirmək olmur, ölüm təcrübəsini bölüşmək mümkün deyil. Ölüm anını və ondan sonrasını danışa bilməmək bu prosesi daha məşəqqətli edir gözümüzdə. Bilinməzliyin, qeyri-müəyyənliyin bu tükürpədici halı ölüm sonrasına dair təxminlərlə təsəlli tapmağa sövq edir insanı. Çoxtanrılı, təktanrılı dinlərdən səmavi kitablara qədər ölümün düyünlənmiş nöqtələrini açan məlumatlar, ölümdən sonrakı sirr pərdəsini aralamağa dair açıqlamalarla doludur. Di gəl ki, insan üçün bu mərhələni büsbütün, sorğusuz-sualsız qəbul etmək çətindir.

Cef Malpas və Robert Solomonun redaktorluğu ilə ərsəyə gələn "Ölüm və fəlsəfə" əsərinin bu mövzuda ən uğurlu kitablardan biri olduğu qənaətindəyəm. Bu kitab ezoterizmdən metofizikaya, ədəbiyyatdan Şərq mistikasına qədər olan ölüm anlayışını müxtəlif başlıqlar altında müzakirəyə açıq elan edir. Bitirəndə isə beynində bir sual canlanır: görəsən, yaşamaq ölmək sənətidir?

Ölüm iki fərqli sona uyğunlaşdırmalıdır - bədənin bütün funksiyalarını itirməyə və ya ömrün sonlanmasına. Deməli, bədənin cansız hala keçməsi hər şeyin bitdiyi anlamına gəlmir. Həyat geridə qalanların ölümsüz xatirələrində davam edir, ta ki  onlar da yaşamlarını itirənə qədər. Ölümün bir son, yoxsa bir başlanğıc olduğu minillərdir sorğulandığı halda, o biri dünyada sonsuzluğun başladığına dair əllə tutulacaq, gözlə görüləcək bir fakt yoxdur. Daha doğrusu, bir təcrübəyə şahid deyilik.

Məsələn, təktanrılı dinlər ruhun ölmədiyini söyləyir. Sonsuz bir aləmin qapılarının açılması ilə ruhun sonsuzluğa getdiyi iddia edilir. Amma buna rəğmən, imanı güclü insanlar belə ölüm qorxusunu canlarından tamamilə yox edə bilmirlər. Ölümə yüklənən mənaların çoxluğu, dərinliyi, insanın istər yaxşı, istər pis mənada dilindən düşməməyi, uydurmaları qeyri-müəyyənliyinə görədir. Çünki insan bilmədiyi şeylərlə bağlı fərziyyələr irəli sürməyə, xəyal qurmağa meyilli varlıqdır.

Kitabı oxuduqca özünü sorğulamağa başlayırsan. Fikirləşirsən ki, nədir ölümü bu qədər ürküdücü və qorxulu edən? Madam ki, ruh ölmür, o zaman insan niyə bu qədər qorxur? Ölümün gecikdirilməyən, kontrol edilməyən bir durum olduğuna, yoxsa vaxtsız və ya hər an hər kəsin qapısını döyəcək gücdə olduğuna görə? İnsan ölüm qorxusunu özünü həyatın axışına buraxmaqla, dünyaya qaptırmaqla, anda qalmaqla məğlub edir. Hətta bu unutqanlıq elə təbii şəkildə baş verir ki, tanıdığı və ya tanımadığı birinin ölüm xəbərini almayanda ömrün sonsuz olduğu yanlışına qapılır.

"Ölüm və fəlsəfə"də ölümü bir transformasiya enerjisi olaraq görən çinli filosofların fikirlərinə də geniş yer verilib. Çində ölüm yəhudi-xristian ənənələrində olduğu kimi insanın təkəbbürünə və itaətsizliyinə qarşı bir cəza olaraq görülmür. Şərq inancında "varlıqların transformasiya" anlayışı ölümün Şərq və Qərb arasında nə qədər fərqləndiyini gözlər önündə canlandırır.

Məsələn, Çində ölüm bir son, cəza və ya lənət deyil. Ölümü dəyərsizləşdirmək, ya da ölümə gərəyindən artıq dəyər vermək insanın həyata yenik düşməsi ilə eyni mənaya gəlir. Burada ölümdən sonrasını axtarmayan insan üstündür. Yəni o biri dünyada qılmana, huriyə qovuşmaq üçün bu dünyada hesab-kitab işləri aparmırlar. Kitabda maraqlı paraqrafları yer alan Çjuan Tzsiyə görə, "dəridən-qabıqdan çıxıb təlaşlanmaqdansa, gedilən bu yolun dadını çıxartmaq lazımdır". Filosofun fikrincə, ölüm insan şəklindən başqa bir şəklə keçmək deməkdir. "O halda bu mərhələ niyə qorxulu olsun ki" deyə sual verir və vəziyyətin digər canlıları aşağılamaqla eyni mənaya gəldiyini söyləyir!

"Ölüm və fəlsəfə" varlıq və yoxluq üzərində düşünməyə sövq edir insanı.

Həqiqətən, heç ölməyəcək kimi davranmalı, yoxsa hər an ölümü düşünərək yaşamalı? Bax, əsl məsələ budur!..

 





30.01.2022    çap et  çap et