525.Az

Avropa ölkəsində rəqs mütəxəssisi kimi çalışan həmvətənimiz - Əhsən Rəhmanlı yazır


 

Avropa ölkəsində rəqs mütəxəssisi kimi çalışan həmvətənimiz -<b style="color:red"> Əhsən Rəhmanlı yazır</b>

İstər Sovet dövründə, istərsə də sonrakı mərhələdə rəqs mütəxəssislərimiz xarici dövlətlərə dəvət olunublar. Bu elə belə deyil, sənət adamı kimi onlara ehtiyac olduğu üçün belə hallar baş verir. 

Mais Şükür oğlu Nuruyev 1957-ci il iyunun 17-də Bakıda anadan olub. Hələ uşaqlıqdan istedadı üzə çıxıb. 1982-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. 1974-1986-cı illərdə Azərbaycan Dövlət Rəqs Ansamblında çalışıb. Az vaxt ərzində bacarığını, məharətini göstərərək rəhbərliyin diqqətini cəlb edib və əsas rəqqaslardan birinə çevrilib.

1975-1977-ci illərdə hərbi xidmətdə olub. 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub və buranı 1982-ci ildə rejissor ixtisası üzrə bitirib. 

1983 - cü ildə “Araz” Mahnı və Rəqs Ansamblının geniş bazası əsasında Naxçıvan Dövlət Filarmoniyası yaradılmışdır. Həmin ildə rəqqas - baletmeyster Mais Nuriyev filarmoniyaya dəvət alıb. O, burada yüksək enerji, böyük həvəs, yaradıcı xüsusiyyətlər və vətənpərpər hisslərlə çalışaraq bir-birindən maraqlı, ideya-bədii cəhətdən zəngin rəqs quruluşları verib.

M.Nuruyev Həştərxan şəhərinə qədər çox yerlərdə Naxçıvan Dövlət Filarmoniyasının bədii kollektivi ilə qastrol səfərlərində olub. Onun quruluş verdiyi bütün rəqslər hər yerdə sevgi və alqışlarla qarşılanıb. 

Mahir rəqqaslığı, işgüzarlığı, çalışqanlığı, sənətə dərin sevgisi, qurub yaratmaq bacarığı və xoreoqraf kimi hərtərəfli perspektivli olması nəzərə alınaraq M.Nuruyev Azərbaycan SSR Mədəniyyət Nazirliyinin xəttilə A.V.Lunaçarski adına Moskva Dövlət Teatr İnstitutuna göndərilib. O, burada 1984-1989-cu illərdə təhsil alıb xoreoqraf ixtisasına yiyələnərək yüksək mütəxəssis kimi Azərbaycana qayıdıb. 

1988-ci ildə M.Nuruyev Azərbaycan Mədəniyyət Nazirliyinin xəttilə Gəncə “Göy-göl” Dövlət Mahnı və Rəqs Ansamblına baletmeyster göndərilir. Burada ilk növbədə “Gəncə toyu”nu bərpa edir, “Qaragilə” xalq mahnısına, “Çobanlar” və digər rəqslərə, həmçinin xalq artisti, bəstəkar Ramiz Mirişlinin (1934-2015) “Azərbaycan təranələri” musiqisinə quruluş verir. Onun hazırladığı proqramla ansambl Bolqarıstan və Meksikada səfərdə olur. M.Nuruyevin fikirlərindən: “Mən “Gəncə toyu” kompozisiyası üzərində işlərkən foklorumuzdan istifadə etmişəm”. M.Nuruyev bu kollektivlə “Qılınclarla rəqs” də hazırlamışdı. Həmin dövrdə “Göy-Göl” ansamblnının səs-sədası çox yerlərə yayılmışdı. 

M.Nuruyev 1989-1992-ci illərdə Bakı Xoreoqrafiya Məktəbində dünya xalq rəqslərini və xarakter rəqsləri tədris edib.

Mais Nuriyev 1989-1996-cı illərdə Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdindəki “Bulaq” rəqs teatrının bədii rəhbəri olaraq mühüm işlərə imza atıb. O, xalq adət-ənənələrindən, oyun və tamaşalardan, foklorumuzdan topladığı material əsasında bir-birindən maraqlı rəqslərə quruluş verib. Bu quruluşlar arasında “Alma oyunu”, “Dəsmalı”, “Fəsvi-hal”, “Fincan-fincan”, “Dolma-dolma” üzərində yaradıcılıq işləri apararaq ortaya çıxarmışdı. Bundan əlavə o, “Ovçu” və “Dəli Ceyran” adlı rəqs-tamaşalar da hazırlamışdı. Bu işlərdə onun xoreoqraflığı ilə birlikdə rejissor işi də diqqət çəkirdi. 

Mais bəyin fikirlərindən: “Alma oyunu” bölgələrimizdə, ən çox da Gəncədə oynanılıb. Rəqs-tamaşanın əvvəlində qızların fala baxması var. Badyaya hərə bir əşya qoyur: qolbaq, sırğa, üzük, bilərzik və s. Sonra fala baxan qızın gözləri dəsmalla bağlanır, o, bayatının müşayiəti ilə əlini badyaya uzadır və oradan bir əşya görürür. Bu onun ürəyində tutduğu niyyətə aid sayılır və hansı oğlana nişanlanması bilinir. Sonra isə oğlanlar gəlirlər, oyun başlanır. O vaxtlar qızın kimi bəyənməsi hansı oğlana alma atması ilə bilinirdi.

“Dəsmalı”da dəsmal aldı-qaç oyunu və onun əsasında yarışma, əylənmə var. Bu oğlanların yarışması olduğu üçün cəldlik, çeviklik və məharət tələb olunur. 

“Qocəli” rəqsində Bakı qoçularının yerişi, duruşu, ədası və qoz-fındıq sındırmasını göstərmişdik. 

“Ovçu” rəqsində oğlan tütək çalaraq quş ovlayır. Quş tütək səsinə gəlir. Qızdakı füsünkar gözəlliyi, cacibədarlığı, zərifliyi görən ovçu onu tutmaqdan imtina edir. Mövzunu Azərbaycan şairlərinən birinin şeirindən götürmüşdük. 

“Dəli ceyran” adlanan rəqsdə qızın qeyri adi gözəlliyi, heyranedici görünüşü, məlahəti, nəcibliyi vəsf olunur. Bu rəqs-tamaşalarla biz Türkiyə, Belçika, Fransa, Polşa, İçveçrə və Misirdə olduq. Çxışımız hər yerdə bəyənilirdi. Biz artıq folklor rəqslərimizlə CİOFF – da tanındıq və onlar bizi dünyanın bir neçə ölkəsinə dəvət etdilər. O zaman “Bulaq” vətənimizdəki cəbhə bölgələrində də çıxış edirdi. 

Azərbaycan bölgələrində toy adətləri ilə bağlı zəngin və maraqlı ənənələr var. Ümumiyyətlə toy adətləri bizim milli mədəniyyətimizin ayrılmaz hissəsidir. Bu adətlərin daxilində rəqs quruluşları üçün zəngin material var.

Moskvada, ali təhsil ocağında (QİTİS-də) tələbə yoldaşım olan İosif Matayev deyirdi: Azərbaycanda folklor axtarmaq lazm deyil, elə hara əl atsan, hara baş vursan, hara yol alsan, foklorla qarşılaşacaqsan”. 

M.Nuruyev 2000-ci ildən bu günə qədər İtaliyada yaşayır və öz ixtisası üzrə dərs deyir, həmin ölkədə rəqs sənətinə aid keçirilən bütün müsabiqələr və festivalların münsiflər heyətində təmsil olunur. O, İtaliyada fəaliyyət göstərən Azərbaycan diaspor təkilatları ilə sıx əlaqədə olaraq onların keçirdiyi bütün tədbirlərdə yaxından iştirak edir.

Mais Nuriyev də görkəmli rəqs mütəxəssisi kimi harada çalışmasından aslı olmayaraq hər yerdə layiqli və məhsuldar fəaliyyət göstərib. O, Milan “Orizondanza” Rəqs Akademiyasında dünya xalq rəqsləri, xarakterik və klassik rəqs sənətindən dərs deyir, dosentdir. Belə sənət adamları bizim fəxrimizdir. Odur ki, M.Nuriyevin xarici ölkədə göstərdiyi fəaliyyətini ardıcıllıqla səhifəyə düzürük:

-2000-2003-ci illərdə Milan Bələdiyyəsinin mədəniyyət şöbəsində dünya xalq rəqsləri üzrə müəllim;

-2006-cı ildən İtaliyada Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti;

-2007-ci ildən İtaliyanın bir-neçə rəqs akademiyasında; Origami, Lecole Balet (Neapol), Cizel dans (Porto San Giorgio) Arte e Spettacolo-Monza (Milan), Teatr Alla Skala ilə birgə əməkdaşlıq edən “Aida” Professional Rəqqasların İxtisaslaşma Mərkəzi Akademiyasında dünya rəqsləri üzrə dosent;

-2009-cu ildən “Türksoy” Beynəlxalq Mədəniyyət Təşkilatının İtalyada fəxri təmsilçisi;

-2009-cu ildən bu günədək Beynəlxalq müsabiqələrdə rəqs üzrə mütəxəssis kimi münsiflər heyətinin üzvü:-Türkiyə Anadolu Beynəlxalq müsabiqəsində (Ankara), Shou one (Monza), Sonremo Beynəlxalq Konkursu GEF (İtaliya-Sonremo), Ukraina (Kiyev), Rusiya (Tver, Volqoqrad, Novosibirsk), Qazaxıstan, Qırğızıstan.

-2011-ci ildən hazırkı dövrədək İtaliya Delfik Milli Şurasının vitse prezidenti (Unsco);

-2012-ci ildən bu günədək Cüzeppe Verdi adına Milan Dövlət Konservatoriyasının improvizasiya fakültəsində xoreoqraf;

-2013-cü ildən İtaliya Mərkəzi Televiziyası Rai kanalında Rafaella Carra proqramında xoreoqraf;

-2014-2017-ci ildə Novosibirskin, Qırğızıstanın, Qzaxıstanın Dövlət Xoreoqrafiya Akademiyasında ustad dərsləri;

-2014-cü ildə “Breqa” adına Milan Mədəniyyət Universiteti ilə əməkdaşlıq, xoreoqraf;

-2014-2016-cı illərdə Milan Provinsiya Təhsil Nazirliyinin qərarı ilə “Toskanini” adına məktəbdə dünya rəqsləri dosenti;

-2015-ci il aprelin 30-dan oktyabrın 31-ə kimi Milan Bələdiyyəsi EXPO Beynəlxalq Sərgisində xoreoqqraf;

-2017-ci ildən Milan “Arabesque” və “Professional balet” Safno Rəqs Akademiyasının dosenti;

İtaliyada öz işi ilə böyük nüfuz qazanan soydaşımız orada böyük mütəxəssis kimi məşhurlaşmışdır. Rəqs sənətindəki xidmətlərinə görə İtaliaya ölkəsində Mais Nuriyevə dəfələrlə təşəkkürnamə və fəxri diplomlar verilmişdir. Həmçinin Azərbaycan Respublikası Xüsusi Komissiyası tərəfindən fəxri fərmana layiq görülüb. Bundan əlavə mədəniyyət və incəsənət sahəsindəki xidmətlərə görə 2017-ci ildə Azərbaycan Respublikası prezidentinin fərmanı ilə o, əməkdar artist fəxri adına layiq görülüb.

M.Nuruyev vətənpərvər olaraq respublikamızla daim əlaqədədir və İtaliyada tələbələrinə bizim milli rəqs tariximiz haqqında bilgi verir, həmçinin onlara xalq rəqslərimizi öyrədir. 

Bu layiqli insana, böyük sənət və elm adamına xalqımız, vətənimiz adından təşəkkür etməyə və daha böyük nailiyyətlər arzulamağa dəyər. Daim uğurlar qardaşım! 
 

 





01.02.2022    çap et  çap et