Rusiyanın Vaşinqtondakı səfirliyinin feysbuk üzərindən yaydığı açıqlamada deyilir ki, Moskva geri çəkilməyəcək və ABŞ-ın sanksiyalarının qorxusu qarşısında farağat dayanmayacaq. Ukrayna ətrafında yaranmış gərginliyə görə Vaşinqtonu ittiham edən səfirlik 2014-cü ildə Ukraynada baş vermiş hakimiyyət dəyişikliyini radikal-millətçi dövlət çevrilişi adlandırıb. Səfirliyin açıqlamasında daha sonra deyilir ki, Vladimir Zelenski hökuməti Donbass problemini güc yolu ilə həll etmək istəyir və ABŞ Ukraynanı müasir hücum silahları ilə təmin edir.
Bundan başqa, Rusiya səfirliyi ABŞ-ı "təhlükəsizliyin bölünməzliyi prinsipini pozaraq, hərbi infrastrukturunu Rusiya sərhədlərinə yaxınlaşmaqda" ittiham edib.
Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonovun 2011-2016-cı illərdə müdafiə nazirinin müavini, 2016-2017-ci illərdə xarici işlər nazirinin hərbi-siyasi təhlükəsizlik məsələləri üzrə müavini olduğunu nəzərə alanda səfirliyin bu açıqlaması Moskvanın hərbi-siyasi dairələrinin ümumi mövqeyi kimi qəbul edilə bilər. Məhz bu açıqlamadan sonra siyasi dairələrdə Rusiyanın geri çəkilməyəcəyinin doğuracağı nəticələr müzakirə olunmağa başlayıb.

Vaşinqton gərginliyin azaldılması üçün danışıqların davam etdirməyə çalışdığını bəyan edir. ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bildirib ki, dövlət katibi Entoni Blinken ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında yeni görüş keçirilə bilər. Rusiyanın isə daha yüksək səviyyədə, dövlət başçıları səviyyəsində görüş keçirilməsində maraqlı olduğu haqqında məlumatlar yayılır. Bu məlumatlar rəsmi olmasa da, yenə də nikbinlik üçün əsas verir. Belə görünür ki, tərəflər öz mövqelərindən dönmək istəməsələr də, danışıqları davam etdirməkdə də maraqlıdırlar. Diplomatik müzakirələrin tamamilə dayandırılması müharibəni qaçılmaz edəcək. Ona görə də tərəflər danışıqlar masasını birdəfəlik tərk etmək istəmirlər. Tərəflərin ehtiyatlı davranması təsadüfi deyil. Hər iki tərəf anlayır ki, bu dəfə məsələ Ukraynaya hərbi müdaxilə ilə yekunlaşmayacaq və müharibənin sərhədləri genişlənəcək. Bəşəriyyətin uçurumun kənarında dayandığını və fəlakətin qarşısını almaq üçün Rusiyanın geri çəkilməsinin ən doğru yol olduğunu bəyan edən Böyük Britaniyanın Baş naziri Boris Conson tamamilə haqlıdır. Lakin Rusiyanın Vaşinqtondakı səfirliyinin açıqlamasından belə görünür ki, Moskva geri çəkilmək istəmir.
Rusiyanın geri çəkilməyəcəyi halda Avropada böyük müharibə qaçılmaz olacaq. Çünki Ukrayna ordusu 8 il əvvəlki ordu deyil. Krımın ilhaqından ötən 8 ildə Ukrayna ordusu çox güclənib. Yalnız ABŞ ötən 8 ildə Ukrayna ordusuna 2.5 milyard dollarlıq silah və sursat verib. Eyni zamanda, ötən 8 il ərzində NATO-ya üzv ölkələri təmsil hərbi təlmatçılar on minlərlə Ukrayna əsgərinə müasir döyüş sənətini öyrədiblər. Yalnız ABŞ-ın hərbi təlimatçıları tərəfindən təlim keçrilən əsgərlərin sayının 22500 nəfər olduğu haqqında məlumatlar var. Bundan başqa, NATO-nun digər aparıcı dövlətlərinin - Böyük Britaniya, Türkiyə və Kanadanın hərbi təlimçilərinin də Ukrayna ordusuna döyüş təlimi verdiyi məlumdur. Son iki ayda isə bu proses daha geniş miqyas alıb.
Ukrayna ordusunun müasir silahlarla silahlandırdığını nəzərə alanda Rusiyanın ehtimal olunan hərbi münadaxiləsinin qanlı müharibəyə çevriləcəyi artıq hər kəsə aydındır. Müharibənin qızışması isə onun sərhədlərinin genişlənməsinə səbəb olacaq. ABŞ-ın Şərqi Avropa ölkələrinə əlavə hərbi qüvvə göndərmək niyyəti də məhz müharibənin miqyasının genişlənəcəyi ilə bağlı narahatlıqdan irəli gəlir.
BMT Təhlükəsizlik Şurasındakı Ukrayna ətrafındakı vəziyyətin müzakirəyə çıxarılması gərginliyin diplomatik yolla həlli istiqamətində sonuncu addım ola bilər. Rusiya və Çinin etirazlarına baxmayaraq, BMT Təhlükəsizlik Şurasının 10 üzvü ABŞ-ın Ukrayna ətrafında vəziyyətlə bağlı açıq toplantı keçirmək təşəbbüsünü dəstəkləyib. ABŞ, Böyük Britaniya, Fransa, Braziliya, Meksika, Norveç, İrlandiya, Albaniya, Qana və Birləşmiş Ərəb Əmirliyinin dəstəklədiyi, Rusiya və Çinin əleyhinə çıxdığı təkliflə bağlı səsvermədə Hindistan, Keniya və Qabon bitərəf qalıblar. Aydın görünür ki, Rusiyanı Çindən başqa heç bir dövlət dəstəkləməyib. Hindistan, Keniya və Qabon Ukrayna ətrafındakı vəziyyətin BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılması ilə bağlı ABŞ-ın təklifini dəstəkləməsə də, əleyhinə də çıxmayıb. Müşahidəçilər Hindistanın Rusiyanı dəstəkləməməsinə daha çox diqqət çəkirlər. Çünki son iki ildə Hindistanla münasibətlər Rusiya xarici siyasətində əsas xətlərdən birinə çevrilmidi. Rusiya prezidenti Vladimir Putinin koronavirus pandemiyası müddətində yeganə Hindistana rəsmi səfər etməsi Moskvanın Nyu-Delhi ilə münasibətlərə nə qədər önəm verdiyini göstərir. Lakin belə görünür ki, Rusiya Hindistanı öz tərəfinə çəkə bilməyib. Rusiyanın xarici siyasətində xüsusi önəm verdiyi və Qərb blokuna alternativ gördüyü BRİCS-də Hindistanla yanaşı təmsil olunan Braziliya da Moskvanın mövqeyini dəstəkləməyib.
Moskvanın Çinin ümidinə qaldığı BMT Təhlükəsizlik Şurasında isə Ukrayna ətrafındakı vəziyyətə həsr olunmuş müzakirənin fevralın ortalarında baş tutacağı gözlənilir. Çox böyük ehtimalla bu müzakirələr ehtimal edilən Putin-Bayden görüşündən sonra, fevralın 17-də keçiriləcək.
Beləliklə, qarşıdakı 15 günün bəşəriyyətin taleyi üçün çox önəmli olacağı aydın görünür. Əgər Rusiyanın Vaşinqtondakı səfirliyinin açıqlamasında deyildiyi kimi Rusiya geri çəkilməsə, müharibə qaçılmaz olacaq.
çap et