Dünyada bir çox peşələr var, amma bütün peşələrin fövqündə müəllimlik peşəsi dayanır. Əbəs deyil ki, Platon "Müəllimlik, hər şeydən əvvəl, bir Tanrı sənətidir" deyirdi. Əsrlərdir səmavi kitablarda nəql olunanların, böyük yaradanla insanlar arasında vəsilə olan elçilərin apardıqları mübarizənin, mövcud olan fəlsəfi nəzəriyyələrin əsasında bir məqsəd dayanırdı: İnsanın ali varlıq kimi yetişdirilməsi. Ali şüur səviyyəsinin artırılması nazil olan ilk ayədə deyildiyi kimi, oxumaqdan başlayırdı. Üç dəfə təkrarlanan "Oxu!" kəlməsi, onun davamında nəql olunanlarda oxumağın və öyrənməyin nə qədər zəruri olduğu, kamil insan hazırlığına aparan yolun yalnız elmdən və helmdən keçdiyi göstərilir, hədisi-şərifdə "Elmin zinəti elm sahibinin helmidir" deyə buyrulurdu. Elm məbədinin açarı isə müəllimlərin əlindədir, kamil olmaq istəyən bu açarı əlində saxlamağı bacarmalıdır.
***
Tələbələr qarşısında müəllim kimi ilk təqdimatımı edəndə 21 yaşım vardı. Magistraturada ikinci kursda təhsil alırdım. Ədəbiyyatın tədrisi metodikası fənni üzrə seminar məşğələlərinin birində müəllimimiz bir həftə sonra ilk sınaq mühazirəmə hazırlaşmağımı tapşırdı. Auditoriyanı idarə etmək, tələbələr qarşısında mühazirə deməyin asan bir iş olacağını düşünüb həvəslə mühazirəmi hazırlamağa başladım. Günlərlə güzgünün qarşısında deyəcəyim mövzunu təkrarlayaraq nitqimdəki nöqsanları düzəltməyə çalışdım. Saatı qurub ali məktəb tələblərinə uyğun mühazirə mətnimin neçə dəqiqə çəkə biləcəyini də təxmini hesabladım. Bir sözlə, tam məsuliyyətlə mühazirəyə hazır idim. Gözlədiyim gün gəlib çatdı. Qapını açıb auditoriyaya girəndə artıq bu işin düşündüyüm qədər asan olmayacağını anladım. Gözümü qaldırıb tələbələri salamlamaq istədikdə onların necə təəccüblə arıq, balaca və birinci kurs tələbələrindən seçilməyən "müəllimlərinə" baxdıqlarını gördüm. İlk mühazirə təlaşından yaranan həyəcanı özümdən kənarlaşdıra bilmirdim. Tələbələrlə göz təmasına və ünsiyyətə girməmək üçün tələsik mövzunu elan edib hazırladığım mühazirəni danışmağa başladım. Həyəcandan çıxışımı hansı sürətlə dediyimi xatırlamıram, bircə onu xatırlayıram ki, 80 dəqiqəlik mühazirəni 15 dəqiqəyə deyib bitirmişdim. Mühazirə bitəndən sonra tələbələrin sual dolu baxışlarından heç nə anlamadıqlarını, ilk mühazirəmin alınmadığını başa düşdüm. Həmin gün anladım ki, müəllim olmaq dərsi mükəmməl öyrənməklə bitmir. Tələbələrlə ünsiyyət qurma bacarığı və tədrisetmə metodikası olmasa, ensiklopedik biliyin olsa belə - heç nəyə yaramır. İlk dərsim mənə həyatımın dərsini verdi. Və həmin gündən başlayaraq ünsiyyət, kommunikasiya, idarəetmə və psixologiya ilə bağlı araşdırmalar etməyə başladım.
22 yaşımdan ali məktəbdə müxtəlif fənləri tədris edirəm. Ötən 20 illik müddətdə öyrətməklə bərabər öyrənməyin və daim özünü inkişaf etdirməyin də zəruri olduğunu anladım. Son günlər Azərbaycan mətbuatından, sosial şəbəkələrdəki müzakirələrdən müəllim-şagird, müəllim-tələbə münasibətlərinin problemli tərəflərini izləyib bu sahədə qazandığım təcrübəni sizlərlə bölüşmək qərarına gəldim. Auditoriyaya təsir etmək baxımından illərlə sınaqdan keçirdiyim və özümün də əməl etdiyim 10 qaydanı sizə təqdim edirəm.
Müəllim gərək öz peşəsini sevsin
Ən böyük təsir gücü sevgidir. Sevgi ilə görülən bütün işlər öz bəhrəsini qısa müddətdə verir. Müəllim öz peşəsinə yalnız maddi gəlir mənbəyi və vaxtını keçirəcəyi iş kimi baxmamalı, onu sevməli və sevdirməlidir. Müəllimlər də yaradıcı insanlar kimi bu işi ürəkdən və sevərək etmədikdə auditoriya saxtalığı sezir və onu dinləmək istəmir. Tələbələr qarşısına sevgi ilə çıxın.
Müəllim gərək tələbələrini sevsin
Auditoriyada əyləşən hər bir gənc müəllim nəvazişini və qayğısını öz üzərində hiss etməlidir. Müəllim tələbələr arasında ayrı-seçkilik salmamalı, birinin digərindən üstünlüyünü elmi rəqabətlə göstərməli, onların hər birinin inkişafına fərdi yanaşmalıdır. Tələbələri sevən və onları obyektiv qiymətləndirən müəllim auditoriyada ədalət simvoluna çevrilməlidir. Auditoriyada tələbələrin sayının az və ya çox olmasına baxmayaraq müəllim heç kimi və heç nəyi unutmamalıdır.
Müəllim gərək pedaqoq olsun Tədris etdiyi fənni pedaqoji ustalıqla izah etmək, öyrətmək bacarığı olmasa, tələbələr bu fənni niyə dinləməli olduqlarını anlamayacaqlar. Müəllim bunu elə peşəkarlıqla etməlidir ki, tələbə məcburiyyət qarşısında qaldığı və ya yaxşı qiymət alacağı üçün yox, bu fənnin onun gələcək inkişafının bir parçası olduğunu anlayıb oxuya bilsin. Auditoriyada pedaqoji bacarıqlarınızı maksimum tətbiq edin!
Müəllim gərək yaxşı psixoloq olsun
Psixologiya müasir dünyamızın ən təsirli və idarəetməni asanlaşdıran yollarından biridir. Müəllim hər bir tələbənin psixoloqu olmalıdır. Güclü müşahidə qabiliyyəti müəllimə tələbənin psixoloji durumunu hiss etməyə imkan verir. Auditoriyada tələbəyə psixoloji təsir edə bilmək bacarığı müəllimin müşahidələrinin səviyyəsini göstərir. Bunu tətbiq etmək auditoriyanı asanlıqla ələ almağa kömək edir. Auditoriyaya təsir edin ki, sizin gücünüzü hiss edə bilsinlər.
Müəllim gərək auditoriyanın lideri olsun
Auditoriyanı kiçik dövlət kimi təsəvvür etsək, burada liderlik mövqeyi müəllimə məxsusdur. Məhz lider öz cəmiyyətinin gələcək inkişaf strategiyasını müəyyənləşdirir və bunu tətbiq edən addımlar atır. Bu kiçik dövlətdə lideri dəstəkləyənlər də olacaq, ona müxalif çıxanlar da. Yalnız lider sükanı elə saxlamalıdır ki, bu kiçik dövlətin problemləri kənar qüvvələrə yansımasın. Daxili problemlər daxildə həll olunmalıdır! Kənar müdaxilə liderlik mövqeyinin zəifləməsinə və idarəetmədə boşluqların yaranmasına səbəb olacaqdır. İdarəetməni öz əlinizdə saxlayın.
Müəllim gərək şəxsiyyət yetişdirməyə çalışsın
Auditoriyada əyləşən hər bir tələbə bir şəxsiyyətdir. Onun şəxsiyyətini alçaltmaq cəmiyyətin gələcək inkişafını sual altında qoya bilər. Azərbaycan cəmiyyətinə özgüvənli, intellektli, mənliyini müdafiə edən və qoruyan cəmiyyət lazımdır. Cılız cəmiyyət o yerdə yaranır ki, o yerdə şəxsiyyətin formalaşmasına zəmin yaradılmasın. Bu zəmini yaradan isə müəllimlər ordusudur. Unutmayın, kiçik auditoriyalardan böyük şəxsiyyətlər çıxır.
Müəllim gərək nümunə olsun
İstər orta, istərsə ali məktəbdə şagird və tələbələrin valideynlərindən sonra bənzəmək istədikləri ikinci şəxslər onların müəllimləridir. Günün daha çox hissəsini müəllimləri ilə keçirən tələbələr müəllimin geyimindən tutmuş, onun davranışına qədər bütün detalları beynində incələyir və özündə ona bənzər cəhətlər formalaşdırmağa çalışır. Hər bir müəllim öz davranışı ilə hər hansı bir tələbənin idealına çevrilə bilər. Bu məsuliyyəti onların qarşısına çıxmazdan öncə düşünüb, davranışlarınızla onlara nümunə olduğunuzu unutmayın. Qarşınızdakı tələbələrin sizə münasibəti sizin davranışlarınızın təzahürüdür.
Müəllim gərək özünütənqidə hazır olsun
Ailə qayğıları və sosial problemlər bəzən müəllimlərin fəaliyyətində müəyyən boşluqlar yarada və əmək fəaliyətində nöqsanlara səbəb ola bilər. Bunu fərq etdiyiniz təqdirdə günahı başqalarında yox, özünüzdə axtarmağa çalışın. Özünüzü kənardan müşahidə edin, tələbələr arasında fəaliyyətinizlə bağlı anonim sorğular keçirin. Əmin olun ki, tələbələrin müşahidələri və tənqidləri sizin fəaliyyətinizin xeyrinə olacaqdır. Əlbəttə ki, tənqiddən nəticə çıxara bilsəniz.
Müəllim gərək yeniliklərə açıq olsun
İnformasiyalı cəmiyyət bizi hər gün müasir texnoloji yeniliklərlə qarşılayır. Tələbələr isə texnologiya əsrinin daşıyıcılarıdır. Müəllimin azacıq da olsa bu sahədə onlardan geri qalması auditoriyada balansı qorumaqda çətinlik yaradacaqdır. Hər gün yenilənməyə və öyrənməyə açıq olun. Texnoloji yenilikləri tətbiq etməkdən çəkinməyin. Müasir cəmiyyətin həmişəcavan müəllimi qalmağı bacarın.
Müəllim - işıq kimi
Müəllim öz biliyi, davranışı, münasibəti, dünyagörüşü ilə tələbələrin gələcək yoluna işıq tutmağı bacarmalıdır. Bu işıq nə qədər gur olsa, məqsədə gedən yol bir o qədər aydın olacaqdır. İşığınızı və nurunuzu cəmiyyətimizdən əskik etməyin, əziz müəllimlər.
***
Həyatda qazandığım bütün uğurlara görə müəllimlərimə borclu olmuşam, onlara layiq olmağa çalışmışam. Məktəb siniflərində, universitet auditoriyalarında eşitdiyim bütün dəyərli fikirləri müəllimlərimdən əxz etmişəm. Müəllimlərimə bənzəməyə çalışmışam... Onları qoruyaq, hörmət edək, dəyərləndirək. Müəllimsiz həyat qaranlıq yola bənzər. Yolumuzu qaranlığa qərq etməyək!..
Naxçıvan
çap et