525.Az

Belarus müəmması - ABŞ Dövlət Departamentinin çağırışı nələri dəyişdi?


 

Belarus müəmması -<b style="color:red"> ABŞ Dövlət Departamentinin çağırışı nələri dəyişdi?</b>

ABŞ Dövlət Departamenti amerikalıları Belarusa səfər etməkdən çəkinməyə çağırdıqdan sonra Minskdəki diplomatlarının ailə üzvlərinin də təxliyəsinə başlanıb. ABŞ vətəndaşlarının Belarusa səfər etməkdən çəkindirəcək səbəb kimi qanunsuzluq və həbs olunma təhlükəsinin yüksək olması əsas gətirilirdi. Diplomatların ailə üzvlərinin təxliyəsi Belarusun Ukrayna ilə sərhədi boyunca Rusiya hərbi qüvvələrinin cəmləşməsi və vəziyyətin təhlükəli olması ilə bağlıdır.

Bundan əvvəl ABŞ diplomatarını Ukraynadan çıxarmağa başlamışdı və bu addım Rusiyanın hərbi təcavüz ehtimalının artması ilə izah olunurdu. İndi isə ABŞ Dövlət Departamenti diplomatlarını Belarusdan təxliyyəsi ilə bağlı qərar verib. Belə görünür ki, Belarus ətrafında hansısa müəmmalı proseslər cərəyan edir. Rusiya və Belarusun "Müttəfiqlərin qətiyyəti-2022" adı altında fevralın 20-dək iki mərhələdən ibarət hərbi təlim keçirməsi narahatlığın əsas mənbəyidir. Bu hərbi təlimlərlə bağlı narahatlığı artıran məqamlardan birincisi hərbi təlimin Ukrayna, Polşa və Litva sərhədinə çox yaxın məsafədə keçirilməsidir. Müşahidəçilər belə vəziyyətin ilk dəfə baş verdiyinə diqqət çəkirlər. Hazırkı təlimləri əvvəlki illərdəki təlimlərdən fərqləndirən məqamlardan biri də Rusiyanın Belarus ərazisinə 12 ədəd Su-35 qırıcı təyyarəsi, S-400 hava hücumundan müdafiə sistemlərinin iki diviziyasını və Pantsir-S zenit-raket komplekslərini göndərməsidir. Məlum olduğu kimi, bu silahlar Rusiya ordusunun əsas gücünü təşkil edən silah-sursat siyahısına daxildir. Xüsusilə Su-35 qırıcısı Rusiya silahlı qüvvələrinin malik olduğu ən yaxşı təyyarə sayılır və dördüncü nəsil təyyarələr arasında dizaynın zirvəsi adlandırılır. Bənzərsiz manevr qabiliyyəti ilə seçilən Su-35-in elektronika və silah potensialının əksəriyyəti F-15, "Eurofighters" və "Rafales" kimi rəqiblərindən geri qalmır. Əlbəttə, Su -35 ABŞ-ın F-22 və F-35 kimi beşinci nəsil qırıcı təyyarələri ilə bərabər səviyyədə mübarizə etmək imkanlarına malik deyil. Bununla belə, Su-35 qırıcıları Rusiya ordusunun əsas zərbə qüvvəsini təşkil edir.

Belarus ərazisinə 12 ədəd Su-35 qırıcı təyyarəsinin göndərilməsi isə Rusiyanın hansısa ciddi niyyətindən irəli gələ bilər. Qeyd edək ki, bu təyyarələr Belarusa Rusiyanın ən ucqar ərazisindən, Xaborovskdan  göndərilib. Yanvar ayının 26-da Xabarovskdan havaya qalxan bu təyyarələr 8 min kilometr məsafə qət edərək Belarusdakı Baranoviç aviabazasına eniş ediblər.

Belə məlumatlar var ki, Ukrayna ətrafındakı gərginlik müharibəyə çevrilsə, Rusiya Baltikyanı respublikalara da hərbi zərbə endirəcək. Bu əməliyyatların isə Belarus ərazsindən keçiriləcəyi iddia olunur. Əgər belə olarsa, o zaman Belarusun da NATO tərəfindən hədəf alınacağı qaçılmaz olacaq. İstisna deyil ki, hadisələrin məhz belə qorxunc istiqamətdə inkişafı ehtimalının çox olması ABŞ-ı öz diplomatlarını Belarusdan çıxarmağa vadar edir.

 





02.02.2022    çap et  çap et