525.Az

Kiarustaminin məzarı - Göyərçin Kərimi yazır


 

Kiarustaminin məzarı -<b style="color:red"> Göyərçin Kərimi yazır</b>

Göyərçin KƏRİMİ

Şair-publisist, AYB-nin üzvü

Bu şəhər Ləvasandır,

Eşq əhlinə lisandır,

Baxıb-baxıb susandır,

Deməyə sözümü var?

Şəhərlər, qəsəbələr bir-birinə bənzəmir; hərəsinin öz gözəlliyi, öz havası, öz yeri, təbiəti - özəlliyi var. Bütün şəhərlərin ürəksıxan xüsusiyyətlərilə yanaşı axar-baxarı ürəkaçan mənzərələri də az deyil. Axar-baxarlı şəhərlərin, qəsəbələrin timsalında qocaman dağ atalı, Cayrud çay analı Ləvasan da var. Onun varlı görünüsünü vəsf etməyə söz aciz qalır, qələm yazmağa çətinlik çəkir: həm təbiəti zəngindir, həm memarlıq üslubu. 

2019-cu ilin 11 fevral günü, saat 11-12 radələridir... İlk dəfədir ki, buralara ayağım dəyir. Qar maşının içəri tərəfdən yüngülcə tərləyən şüşəsini o biri üzündən ağ çiçəklərə bürüyür. Çiçəklər sevinc damcısına çevrilib şüşələrdən göz yaşı kimi süzülür. Paytaxtdan baş alan geniş yol qəsəbənin içərilərinə doğru burulur. Çay xərçənginin ayaqlarına bənzəyən küçələr yuxulu bələdçi kimi mat-mat üzümüzə baxır; bilmirsən, hansını seçəsən, hansından keçəsən?! Peyzajları dəqiqdən də dəqiq olan qəsəbənin qeyri-dəqiq simmetriyası adamı çaşdırır.

Ləvasanı başqa qəsəbələr, şəhərlərlə müqayisə etmək olmaz. Məsələn, Nyu-York zövqü yaşamaq üçün şəhəri yuxarıdan seyr etmək lazım gəlirsə, Ləvasana tamaşa etməkdən ötrü uzağa çəkilməyə ehtiyac yoxdu. Nyu-Yorkun zəngin layihəsi çoxmərtəbəli binaların arasında  itirsə, Ləvasanın arxitekturası bənzərsiz landşaftı ilə yanaşı canlanır.  

Yuxusuz şəhər deyil Ləvasan; şirin yuxu gətirən qarlı gecələri var, hay-küylə heç arası yoxdur, qulaqbatıran səssizliyi var, səngin təbiətlilə tənbələ də oxşamır, işgüzar səhərləri var. 

Güzgüyə də bənzəmir, sehirli teleskop kimi gözəlliyini hər tərəfə bəxş edir.      

Həm giriş, həm çıxış qapısı, həm də iri darvazası qıfıllı olan Tükməzrəyi qəbiristanlığı Ləvasanda yerləşir. Dünya şöhrətli sənətkar Abbas Kiarustaminin məzarını ziyarət etməkdən ötrü buradayam. Açarın kimdə olmasını soruşmaq üçün ətrafda kimsə gözə dəymir. Əlacsız qalıb küçənin o biri tərəfinə adlayıram ki, bəlkə sakinlərdən "qapıların tilsimini" açan olar. Düzgün əməl olmadığını düşünsəm də, əcnəbi olmağıma arxayınlaşıb, qarşılaşdığım ilk qapının zəngini çalıram: səsimə səs verən yoxdur; ikinci düyməni sıxıram: cavab gəlmir, nəhayət üçüncü qapı... və sonra digər qapıdan boylanan ortayaşlı kişi nə istədiyimi soruşur. Məzarlığın açarını, yaxud qarovulçusunu axtardığımı söyləyirəm. Çaharrahdakı məscidi nişan verir.

Qəbiristanlıq, qəsəbə içində qəsəbə misalı, dağın yamacında yuyurdu. Özü boyda ağ mərmərin altında yuxuya gedib Kiarustami. Ruhu ilə həmsöhbət olub, adsız, soy adsız məzarının üstünü oxuyuram: xəttat dəqiqliyilə cızılmış bir tək imza... İmzasının hər yanına çiçək dəstələri düzüb getməyə hazırlaşıram. 

Qışın oğlan çağıdır, qar yağır. Həmişəyaşıl sidri, şamı, ardıcı... nəzərə almasaq, küçələr boyu sıralanan ağacların əksəriyyəti yarpaqsızdır, çəmənlər isə yamyaşıl. Maşın irəlilədikcə yanından ötdüyüm binalar ratuşa, atribut təsiri bağışlayır mənə, havanın soyuqluğunu unuduram.

İqtidar qanunlu deyil, ailə qayğılı Ləvasan və mənim gözüm arxada qalır. - Arxada daha nələr qalır? - Ətrafı yaxşı seyr etmək üçün qarlı kirpiklərini tez-tez qırpan pəncərələr, soyuğa dözməzlər deyə ana laylasına uyuyan bənövşələr, dünyadan kənar gəzişmələr, ziyarətə gəlişmələr, yaşayırkən ölüşmələr, həsəddən (öldür!)üşmələr, sonuncu haqqından keçib axirətə dönüşmələr, yaxud nələr ?!

Gözəllik zövqün ehtiyacıdır; eynən su zanbağının suya olan tələbatı qədər həyat üçün vacib amildir. Bəlkə də Cayrud çayı üzərində salınan Lətiyan su hövzəsinə görədir ki, Ləvasanda təbii landşaft ilə antropogen landşaftın estetik vəhdəti özünün pik həddinə qovuşur:

Onun payına düşməyən

heç nə yoxdur dünyada,

Dost qəlbini oxuyandır,

sevgi yoludur, ya da

Özü kimi eyni görkəm,

eyni iqlim, eyni adda

Sənət oxşarı olmayan

Ləvasandır bu şəhər...

 

 





03.02.2022    çap et  çap et