525.Az

Cavanlaşan Naftalanda Gənclər Günü


 

ƏLAMƏTDAR 2 FEVRAL TARİXİNƏ SİLSİLƏ TƏDBİRLƏR HƏSR OLUNUB

Cavanlaşan Naftalanda Gənclər Günü <b style="color:red"></b>

Statistik məlumatlar kurort və şəfa şəhərimiz Naftalanın əhalisinin sayının son 15 ildə iki dəfəyədək artdığını göstərir. Deməli, bu şəhərin sakinlərinin böyük qismini uşaq və gənclər təşkil edir. Əlbəttə, belə bir məkanda gənclərin ictimai-mədəni fəallığı da gözə çarpır.

Bu baxımdan, 2 Fevral - Gənclər Günü, xüsusən də bu əlamətdar tarixin 25 illik yubileyi münasibətilə naftalanlı gənclərin öz bayramlarını rəngarəng tədbirlərlə qeyd etmələri təqdirəlayiq hadisədir.

Naftalan İcra Hakimiyyətinin və şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə keçirilən, 2 fevral ərəfəsini də əhatə edən "Gənclər həftəsi"nə yüzlərlə yeniyetmə və gənc qatılıb.

Onlar Vətənin bötövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə ucaldılmış Memorial  Kompleksi ziyarət edib, qəhrəmanlarımızın əbədiyyətə qovuşmuş ruhlarına ehtiram nümayiş etdiriblər.

Naftalan şəhər Heydər Əliyev Mərkəzindəki bayram tədbirindəki çıxışlarda isə ölkəmizdə aparılan gənclərin inkişafı strategiyasından danışılıb. Natiqlər bildiriblər ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda idarəetmə və yaradıcılıq bacarığı ilə seçilən intellektual, yüksək dünyagörüşlü yeni nəsil yetişir, həmçinin, bu sahədə qəbul edilmiş müvafiq dövlət proqramları yeniyetmə və gənclərin hərtərəfli inkişafı və qabiliyyətlərinin üzə çıxarılması üçün geniş imkanlar açır.

"Gənclər həftəsi" çərçivəsində məktəb komandaları arasında "Nə? Harada? Nə zaman?" intellektual yarışması üzrə Naftalan şəhər çempionatı, yeniyetmələrin şahmat turniri, gənc velosipedçilərin yürüşü keçirilib.

Şəhərin ictimai-mədəni həyatında, təhsil, səhiyyə, idman və digər sahələrdə uğurlar əldə edən gənclərə isə "İlin ən fəal gənci" nominasiyası üzrə diplom və hədiyyələr təqdim edilib.

Zakir MURADOV,

Gəncə-Naftalan

 





03.02.2022    çap et  çap et