525.Az

"Hər kim yüz il yaşamasa..." - Rəşid Faxralı yazır...


 

RESPUBLİKA MÜHARİBƏ, ƏMƏK VƏ SİLAHLI QÜVVƏLƏR VETERANLARI TƏŞKİLATININ SƏDRİ FATMA SƏTTAROVANIN 100 İLLİK YUBİLEY TƏDBİRİNDƏN QEYDLƏR

"Hər kim yüz il yaşamasa..." -<b style="color:red"> Rəşid Faxralı yazır...</b>

Ömür xalq üçün, dövlət üçün, dövlətçilik üçün yaşanılmış illərdir. Belə yaşanılan illər zaman keçdikcə daha duyğusallıqla, bəzən örnək olaraq xatırlanır. Onda bu günə, yaşanılan tarixə dünənlərlə sabahlar arasında mənəvi bağlılıq deyirsən. İkinci Dünya müharibəsinin iştirakçısı, Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 100 illiyinə həsr olunmuş yubiley tədbiri bu düşüncələrin haləsiydi sanki. Müdafiə Nazirliyinin təşkilatçılığıyla keçirilən tədbirin layihə müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani belə tədbirlərin bilavasitə vətənpərvərlik tərbiyəsində stimul olduğunu qeyd edərək - ömrü ömürləşdirən illərin fəlsəfi mahiyyətindən, fərdlərin necə şəxsiyyətləşməsindən, şəxsiyyətlərin cəmiyyətdəki mövqeyindən danışır. Bildirir ki, Fatma Səttarova Böyük Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq döyüşlərə yollanıb. Moskva ətrafında, Leninqradın mühasirəsində döyüşənlərə ilk tibbi yardım göstərənlərin sırasında olub - bu, onun döyüşü idi. Qanlı savaş meydanlarında yaralananlar da olur. Leytenant Fatma Səttarova yaralıların təxliyyə edilməsində, onların həyata qaytarılmasında fəal iştirak edib.

Böyük Vətən müharibəsindən sonra o da tərxis edildi, Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdi, uzun müddət məsul vəzifələrdə çalışıb. Müharibə və əmək veteranları hərəkatının öncüllərindən olub. Ulu öndər Heydər Əliyevin digər veteranlar kimi Fatma Səttarovaya da xüsusi rəğbəti vardı...

Milli mentalitetimizin ağsaqqallığa, ağbirçəkliyə ehtiramı düşür yadıma; ağ birçək ağbirçəklik deyil, xalq ağbirçəyinin tövsiyələrini, məsləhətlərini ehtiramla dinləyir, onu yerinə yetirməyi özünə mənəvi borc bilir...

Tədbir iştirakçılarının baxışlarında nizamlı ehtiram dalğası görürəm. Bu, yaşanılmış illərə görə bir ömrə rəğbətin təzahürüdü.

"İstiqlal" ordeni ilə təltif ediləndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bir yerdə çəkilmiş şəkil yubilyarın diqqətindən yayınmır. Dövlət başçısı qürurludur ki, layiqli bir vətəndaşı da təltif edib, vətəndaş qürurludur ki, belə bir yüksək təltif bu səviyyədə tarixləşib. Fatma xanım plakat önündə müntəzir dayanır, Azərbaycana xidmətinə görə minnətdarlıq edir ölkə başçısına, azərbaycançılığa xidmətinə görə, Vətən müharibəsində qazanılan Zəfərə görə minnətdarlıq edir...

Plakatın solunda dövlət başçısının kəlamları düşüncələrin yönümünü müəyyənləşdirir: "Siz bizim üçün nümunəsiniz. Siz İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmisiniz, böyük fədakarlıq göstərmisiniz. Siz öz həyatınızla ideallarınızı tərənnüm etmisiniz və müstəqillik dövründə sizin fəallığınız, sizin səyiniz, qətiyyətli addımlarınız dövlətçiliklə bağlı gördüyünüz işlər bizim üçün çox əzizdir və nümunədir".

Fatma xanım İkinci Dünya müharibəsində də, müharibədən sonra da, yaşının ağbirçəklik çağında da yüzlərlə insanın mənəvi bacısı, anası olub, indi yüzlərin könül dünyasının xoş ovqat cəfakeşidi. Bu təltif Fatma xanımın döyüş yolundan sonrakı illərində Vətənə xidmətinə görə verilib. Bu təltifi minlər öz təltifi ovqatında yaşayır. Belə bir sevgi ilə əhatələnib Fatma xanım...

100 yaşlı yubilyara xitabən deyilir ki, sən Osman Sarıvəllinin əzbərimizdə olan bu misralarını böyük həyat eşqi ilə yerinə yetirdin:

 

Hər kim yüz il yaşamasa

Günah onun özündədir.

 

Sən 100 il yaşadın, Fatma xanım. Ömrün on səkkizindən Azərbaycan üçün yaşadın, bu gün də Azərbaycan üçün yaşayırsan...

Fatma xanım müharibəyə tibb bacısı kimi gedib. Leytenant rütbəsində. Moskva altında gedən döyüşlərdə iştirak edib, sonra Leninqradın mühasirəsində. Bu məqam tarix müstəvisində tarixi məqam kimi təqdim edilir. Bu təqdimi Üzeyir Hacıbəylinin "Şəfqət bacısı" mahnısı tamamlayır. Mahnını o illərin şəfqət bacısı geyimində hərbi qulluqçu Leyla Qəhrəmanova ifa edir. Və səslər qoşalaşır. Bu gözlənilməz qoşalaşma Leylanın səsiylə Fatma xanımın səsi! Şəfqət bacılarına sayğıdı, ehtiramdı! Yüz yaşlı səsin azalmayan-sozalmayan sevgisidi bu! 80 yaşlı duyğular 100 yaşlı Ananı bir qədər kövrəldir də. "Böyük bəstəkarın Böyük Vətən müharibəsində iştirak edən azərbaycanlı şəfqət bacılarına sevgisidi bu mahnı. Fatma xanım da onların sırasındadı. Neçə-neçə 18 yaşlı azərbaycanlı tibb bacıları bu mahnıda o qədər sevgilərlə obrazlaşıb ki! "Şəfqət bacısı"nı Fatma xanım da öz mahnısı kimi dinləyir...

Tədbirin bu biçim könüləyatımlılığı tədbirin mahiyyətinə ehtiramıdı: İkinci Dünya müharibəsi iştirakçısına o illəri xatırlatmaq, duyğuları incələşdirmək, kövrəkliyə söykənikli qürur yaşatmaq (və yaşamaq!).

80 ilin o üzündə qalmış döyüşlər xatırlanır, Leninqradın mühasirəsini, Ladoqa gölü ilə ağır yaralıların təxliyyəsi xatırlanır, təxliyələrin hansı səviyyədə olduğu yada salınır və sual dolu baxışlar Fatma xanımın baxışlarına qarışır. Belə təxliyyələrin birində ağır yaralı əsgər son nəfəsində "Ana" deyib 20 yaşlı tibb bacısına. Sözün doğmalığına görə, səsin doğmalığına görə, ruhun eyniliyinə görə və son nəfəsi Azərbaycandan çox-çox uzaqlarda azərbaycanlı qızına əmanət etmək istəyinə görə. Həmin anlar Fatma xanımı illər sonra indi də yandırıb-yaxır - döyüşçü yaşaya bilmədi, yanıb-yaxıla-yaxıla anır - qardaşı kimi oxşamışdı döyüşçünün qana bələnmiş saçlarını, son nəfəsinə "Can bala..." demişdi, bu kəlmələr döyüşçünün son nəfəsinə kəfən olmuşdu...

Fatma xanımın baxışları nəhayətsizliyə dikilir, nəhayətsizliyə baxdıqca baxır, bəlkə azərbaycanlı döyüşçünün Ladoqa gölündə eşitdiyi səsini bir də eşitmək keçir könlündən, yoxsa möcüzələrdən o səsin yiyəsini təbrikə gələnlərin sırasında görməkmi?..

Bu yaşantılar da tədbirin səmimiliyinin qüdrətindədi; "Sev ki, seviləsən, xatırla ki, xatırlanasan, yaşat ki, yaşayasan" fəlsəfi ricəti tədbirin ecazkarlıq naxışına dönür. Fatma xanım 80 ildi xatırlayır, ona görə bunca ehtiramlarla xatırlanır, Fatma xanım dili söz tutandan bəri Vətən deyir, Azərbaycan deyir, sevir, ona görə bunca sevilir...

Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyir ki, təşkilatın dövlətçiliyə, dövlətin daxili və xarici siyasətinə məsuliyyətli fəaliyyətinin təşkilində Fatma Səttarovanın xidmətləri böyükdür. O, istər təşkilatın, istərsə də təşkilatın üzvlərinin fəaliyyətinin gənc nəslin vətənpərvərlik tərbiyəsinin formalaşmasını təmin edən fəaliyyət mühitinin yaşadılmasının cəfakeşlərindəndir. Fatma xanımı həm 100 illik yubileyi münasibətilə, həm də "İstiqlal" ordeninə layiq görülməsi münasibətilə təşkilatımızın çoxsaylı üzvləri adından təbrik edir.

Hərbçi-solist Vüsal Ağayev Vətən müharibəsinin döyüşçüsü obrazında, yaralı əsgər obrazında "Vətən bayatıları"nı oxuyur. Kövrəkliklə dinlənilən mahnı sona çatar-çatmaz Fatma xanım ifaçıya xitabən, "Sən yaralananda xəbər yutsaydım quş qanadında da olsa özümü sənə yetirərdim, can bala...", - deyir. Səsində qəhər var. Bu qəhəri Vətən müharibəsi iştirakçılarının bir qrupunun səhnəyə dəvəti yumşaldır. Onlar 100 yaşlı Böyük Vətən müharibəsi veteranına  Vətən müharibəsi iştirakçıları adından hesabat verirlər. Fatma xanım hərbi qulluqçuları oğullarını dinləyən kimi dinləyir. 2020-ci ilin 10 noyabrında qazanılan Zəfərin sevinci 14 aydan sonra da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə sığmır.

İfaçı Ananın havadan asılı qalmış əlinin hərarətini şərti yarasına məlhəm eləyir...

"Sinəsində Azərbaycan boyda ürək döyünən" Fatma Səttarova Səməd Vurğunun "Azərbaycan" şeirini o qədər sevgilərlə, o qədər duyğusallıqla deyir ki!..

Bu tədbir tarixin tarixləşmiş illərini yada salır.

İkinci Dünya müharibəsində Bakıda, Montin adına zavodda çox sayda hərbi sursat istehsal olunurdu - zavod müharibəyə səfərbər edilmişdi. Bu zavodda istehsal olunan "Katyuşa"lar düşmənin başına odlar ələyirdi. Ötənlərə ehtiram kimi "Katyuşa" mahnısı təqdim edilir. Və yenə möcüzə! Mahnını misra-misra Fatma xanım da ifa edir! Bu nədir? - ötənlərin yenidən yaşanılmasımı, "Katyuşa"lar faşizmi necə sarsıtmışdısa, 82 ildən sonra "Bayraktar"ların düşməni elə sarsıtmasının, işğalı sonlandırmasının qürurumu? Azərbaycan əsgərinə ana xeyir-duasının ifadəsimi?..

Fatma Səttarovanın söhbətlərə müdaxiləsi (səmimi və gərəkli müdaxiləsi!) tədbirin səmimi ünsiyyətə düzülməsinə şərait yaradır (bu da belə tədbirlərdə yenilik (gərəkli yenilik!) yaratma missiyasının nəticəsidir).

Fatma xanım mənəvi borc kimi bildirir: Leninqrad şəhər qubernatoru ilə telefon əlaqəsi saxladım. Ona xatırlatdım ki, Leninqradın mühasirəsində yüzlərlə azərbaycanlı hərbi qulluqçu həlak olub. Onlara abidə qoyulması 77 ildir yada düşmür. Bu, İkinci Dünya müharibəsində qazanılan qələbəyə xəyanətdir. Qubernator abidə qoyulacağına söz verdi.

100 yaşın gərəkli tələbi azərbaycançılığın təzahürüdür, şübhəsiz...

Müdafiə Nazirliyi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov Fatma Səttarovanı Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edir, qiymətli hədiyyələr təqdim  edərək deyir: "Vətən müharibəsində sizin davamçılarınız kimi yüzlərlə gənc qız döyüşlərdə, hospitallarda xidmət etdi. Bu, sizin timsalınızda yaşadılan vətənpərvərliyin, nümunənin, örnəyin nəticəsidir. Nəsillər dəyişəcək, bu nümunə, bu örnək daha böyük sevgilərlə yaşadılacaq..."

Hərbi qulluqçular "İstiqlal" ordenli, İkinci Dünya müharibəsi iştirakçısı, 100 yaşlı Fatma Səttarovanın "Salam, əsgər!" görüş-salamlaşmasını da, "Sağ ol, əsgər!" sağollaşmasını da uzun müddət unutmayacaqlar...

 





04.02.2022    çap et  çap et