525.Az

TANAP-la digər region ölkələrinin qazı nəql edilə bilər


 

TANAP-la digər region ölkələrinin qazı nəql edilə bilər<b style="color:red"></b>

Trans-Anadolu boru kəməri (TANAP) vasitəsi ilə təkcə Azərbaycanın deyil, digər region ölkələrinin qazını da Avropaya nəql etmək imkanı var.

525.az-ın "Anadolu Ajansı"na istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

O qeyd edib ki, Azərbaycan və Türkmənistan "Dostluq" yatağından qazın birgə hasilatına hazırlaşır.

"Bizim də Türkmənistan hökuməti ilə çoxdankı dostluğumuz və təbii qaz anlaşmamız var, lakin uyğun marşrut və boru xətti olmadığından bu günə qədər məsələ reallaşmayıb. Bəlkə, yaxın illərdə Xəzərdən keçid layihəsi (Trans-Xəzər boru xətti – red.) həyata keçirildikdə, region ölkələri yeni mənbəyə qovuşmuş olacaqlar", - F. Dönməz vurğulayıb.

Məlumata görə, hazırda TANAP-ın tutumunun artırılması məsələsi müzakirə olunur.

Boru kəməri layihələndirilərkən illik ötürmə qabiliyyətinin 31 mlrd. kubmetr olması nəzərdə tutulurdu. Bu artım gələcək tələb və təklifə uyğun olacaq.

"Bəlkə də, çox gözləmədən boru kəmərinin layihə gücünə çatacağını birlikdə görəcəyik", - deyə F. Dönməz qeyd edib.

Nazir vurğulayıb ki, Türkiyə boru kəmərinin ötürmə gücünün artırılmasının dəstəkləyir və Avropa tərəfindən də belə bir tələb var.

Xatırladaq ki, TANAP kəməri Cənubi Qaz Dəhlizinin (CQD) mərkəzi elementidir. Bu kəmər vasitəsi ilə Azərbaycan qazının bir hissəsi Türkiyəyə, digər hissəsi isə Avropaya nəql edilmək üçün (Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə) Türkiyə ilə Yunanıstanın sərhədinədək çatdırılır.

"Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazı əvvəlcə Türkiyəyə, sonra isə Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi (Faza-0) 2018-ci il iyunun 12-də keçirilmiş beynəlxalq açılış mərasimində istifadəyə verilib, iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın axını başlayıb.

Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə (İpsala) qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatıb, ötən ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulub.

2019-cu ilin noyabrında TANAP-ın ikinci – Türkiyə ilə Avropa sərhədinə qədər olan hissəsinin (Faza-1) təntənəli istismara verilməsi mərasimi keçirilib.

 





07.02.2022    çap et  çap et