525.Az

Azərbaycanda aqrar sektorun maliyyələşdirilməsinə dair yeni mərhələ başlayır


 

Azərbaycanda aqrar sektorun maliyyələşdirilməsinə dair yeni mərhələ başlayır<b style="color:red"></b>

Azərbaycanda aqrar sektorun maliyyləşdirilməsinə dair yeni mərhələ başlayır.

Prezident İlham Əliyevin ötən həftə “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli fərmanına etdiyi dəyişiklik 3 əsas məsələni əhatə edir.

525.az Report-a istinadən xəbər verir ki, bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədr müavini Mehman İsmayılov deyib.

"Həmin məsələlərdən birincisi budur ki, yeni dəyişikliklər güzəştli maliyyələşmə ilə bağlı mexanizmlərin fermerlərin təlabatına uyğunlaşdırılmasını nəzərdə tutur. İkinci məsələ, qərarla müvəkkil kredit təşkilatları ilə münasibətlərin hüquqi çərçivəsi daha da konkretləşdirilir. Yəni, burda vəsaitləri vaxtında yerləşdirilməsi və ödənişlərin vaxtında həyata keçirilməsi üçün bəndlər əlavə edilib. Üçüncü məsələ isə vəsaitlərdən istifadəyə nəzarətin gücləndirilməsi ilə bağlı müddəaların əlavə edilməsidir. Qısaca şərh etsək qərarda birinci hissədə kreditləşmə-maliyyələşmə mexanizmlərinin təkmilləşdirilmə hissəsində bir neçə əsaslı dəyişiklik edilib. Bunlardan biri, fermerin bir kredit müraciəti üzrə vəsaiti bir neçə tranşla fərqli tarixlərdə almaq imkanın əldə etməsidir. Elə təsərrüfat növləri var ki, vəsait eyni vaxtda tələb edilmir. Bu, bir çox təsərrüfat növlərində belədir. İlkin mərhələdə fermerə toxum, gübrə ilə bağlı vəsait lazım olur.

Növbəti mərhələdə fermerə aqro-texniki qulluq elementləri ilə əlaqədar, iki-üç ay sonra vəsait tələb edilə bilər. Məsələn, vətəndaş müraciət edir, 10 min manat dəyərində kredit istəyir, həmin məbləğin 2 min manatını aprel ayında, 8 min manatını isə yay aylarında istifadə etmək istəyir. Əvvəl bir nəfərin aktiv krediti var idisə, ikinci krediti vermək olmurdu. Yeni qaydada mərhələli kreditləşmə ilə bağlı şərait yaradılıb”.

M.İsmayılovun sözlərinə görə, kooperativləşmədə daha cəlbedici faiz dərəcələrinin tətbiqi, vahid əkin prinsipinin tətbiqi, ümumiyyətlə, kooperativləşmənin təşviqi ilə bağlı müxtəlif dövlət proqramlarında nəzərdə tutulan hədəflərə xidmət edir: “Yeni qaydalara görə, kənd təsərrüfatı kooperativlərinə veriləcək bütün növ kreditlər üçün illik faiz dərəcəsinin yuxarı həddi 5% müəyyən edilib. Dəyişiklik bu sahədə təşviq proseslərinə dəstək verəcək”.

O vurğulayıb ki, bağçılıq kreditlərində məhsula çıxış uzun müddət tələb etdiyindən borcun ödənişi şərtləri nisbətən yumşaq olmalıdır : “Bu baxımdan bağçılıq kreditlərinin müddətləri və güzəşt müddəti, yəni, əsas məbləğin ödənmədiyi, yalnız faizlərin ödəndiyi güzəşt müddəti dövrü 3 ilə qədər artırılıb, kreditin özünün maksimum müddəti isə 6 ilə qədər (əvvəl 5 il idi) artırılıb”.

AKİA rəsmisinin sözlərinə görə, indiyə qədər bank olmayan kredit təşkilatlarına (BOKT) ancaq onların nizamnamə kapitalı qədər maliyyələşmə verilirdi: “Məsələn, əvvəlki qaydaya görə, BOKT-ların kapitalı 300 min manatdırsa, bundan çox kredit əldə edə bilmirdi, indi bank zəmanəti təqdim etməklə BOKT-lar əlavə vəsait yerləşdirmək imkanı əldə edəcəklər. Bu, maliyyə sağlamlığına malik BOKT-lara aiddir.

Qaydalara müvəkkil kredit təşkilatları ilə münasibətlərin hüquqi çərçivəsinin tənzimlənməsi ilə bağlı müəyyən bəndlər əlavə edilib. Onlar əməliyyat xarakterlidir və daha çox kredit təşkilatları ilə AKİA-nın münasibətlərini, hüquqi məsuliyyətlərini konkretləşdirir . Belə ki, kredit təşkilatlarının öhdəliyinin icrası zamanı cərimələr optimallaşdırılıb. Əvvəllər limitlərin ayrılması zamanı limitdən istifadə edilməyəndə istifadə edilməmiş limit məbləğinə cərimə ödənilməsi nəzərdə tutulurdu. Hazırkı dəyişikliklərlə Limitin 80 faizindən çoxu istifadə edildikdə cərimə tətbiq olunmayacaq, limitin 80%-dən az hissəsi istifadə edildikdə, vəsaiti vaxtında yerləşdirmədiyinə görə kredit təşkilatına cərimə tətbiq ediləcək. Bu bir optimallaşma şərtidir.

İkinci tərəfdən il ərzində verilən vəsaitlərin kredit təşkilatları arasında bölgüsü ilə bağlıdır. Yeni əlavəyə əsasən il ərzində ayrılan limitin 30 %-indən çoxu bir kredit təşkilatına yerləşdirilə bilməz. Əslində risklərin idarə edilməsi üçün AKİA kredit portfelini diversifikasiya edirdi, ötən illərə nisbətən son 3 il ərzində müvəkkil bankların sayı 8-dən 18-ədək artıb, banklarla yanaşı müvəkkil BOKT-lərin də sayı artıb.

Diversifikasiya texniki olaraq aparılırdı , sadəcə qaydalarda birbaşa bənd əlavə edilməklə nəzarət və tənzimləmə alətləri möhkəmləndirilib ”.

O qeyd edib ki, müvəkkil kredit təşkilatlarına daxil olan aylıq kredit ödənişlərinə müəyyən tələblər qoyulub: “ Kredit ödəndikdə Müvəkkil kredit təşkilatı tərəfindən 5 iş günündən gec olmayaraq Agentliyin hesabına köçürülməlidir." Yeni qərara müvəkkil kredit təşkilatı vəsaitləri Agentliyə 5 iş günündən gec ödədiyi təqdirdə hansı tədbirlərin görüləcəyi əlavə edilib. Bəzi hallarda fermerlər əvvəlcədən kredit təşkilatlarına ödəniş edir, kredit təşkilatına ödəniş edildiyi halda əslində həmin vəsait Agentliyə geri köçürülməlidir. Bu, hansısa texniki diqqətsizlikdən və yaxud da bilərəkdən-bilməyərəkdən ödənmiş vəsaitin Agentliyə qayıtmamasının qarşısını almaq üçündür. Vəsaitlərin
Agentliyə vaxtında qaytarılması onun digər layihələrə yönəldilməsini sürətləndirəcək, Agentliyin resurslarının vaxtında optimallaşdırılmasını xidmət edəcək”.

M.İsmayılov əlavə edib ki, qərarda vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət məqsədilə Agentliyə maliyyələşən sahibkarlıq subyektlərində seçmə üsulu ilə müstəqil monitorinqlər apara bilmək hüququ verilib.

AKİA rəsmisi sonda vurğulayıb ki, qərar aqrar sahənin inkişafında imkanları genişləndirəcək: “Qərarda kreditləşmədə şərtlərinin yumşaldılması ilə əlaqədar müəyyən bəndlər nəzərdə tutulur, bundan əlavə vəsaitlərin təyinatı üzrə istifadəsi, müvəkkil kredit təşkilatları ilə bağlı məsələlərdə münasibətlərin daha təfərrüatlı tənzimlənməsi şərtləri əhatə edilib. Bütün hallarda qaydalarda edilən dəyişikliklərin məqsədi bir tərəfdən kreditləşmə ilə əlaqədar alətləri, imkanları genişləndirməkdirsə, digər tərəfdən vəsaitlərin istifadəsinə nəzarəti gücləndirməkdir. Bunların hər ikisi paralel şəkildə aparılmalı funksiyalardır”.

 





08.02.2022    çap et  çap et