525.Az

Yazıçı və zamanın ruhu - Günel İmran yazır


 

Yazıçı və zamanın ruhu -<b style="color:red"> Günel İmran yazır</b>

Yazıçıya əsər yazdıran səbəb nədir?! Pandemiyanın başladığı ilk vaxtlar yeni nə yazmağımla bağlı suallarla daha çox qarşılaşırdım. Belə başa düşürəm ki, həmin sualı soruşanlar yazıçının əlavə vaxt tapan kimi yeni əsər yazdığına həqiqətən inanırlar. Əsərin ilkin ideyasının yarandığı andan kitabın son nöqtəsinin qoyulduğu ana qədər keçən zaman həmin əsərə aid olan zamandır.

Somerset Moem gənc yazıçılara ünvanladığı bir yazısında qeyd etmişdi ki, yazıçının yaradıcılığı təkcə düşünmə prosesi deyil, həm də fikirlərin fiziki olaraq kağız üzərində sözlərə çevrilməsidir. Bu, yaradıcılıqdır və yaradıcılıq asan ola bilməz.

Mən ilk hekayəmi payız fəslində saralıb-solmuş yarpaq haqda yazmışdım. Həmin il payız, təbiət gözümə bir başqa cür görünürdü. Parkda gedərkən yerə düşmüş yarpaqları tapdalamaqdan çəkinirdim. Əslində, təbiət özü dəyişməmiş, məndə yaratdığı duyğular dəyişmişdi. Təbiəti daha çox hiss etməyə başlamışdım.

Uşaqlıqda herbari düzəltməyi sevirdim. Çiçəkləri, yarpaqları xüsusi üsulla qurudardım. Aralarına sərdiyim kağızları tam quruyanadək hər iki saatdan bir dəyişərdim. Beləcə onlar öz canlı rənglərini, görünüşlərini saxlamış olurdular. Təbiət düzəltdiyimiz herbarilərə bənzəmir, zamanı gələndə hər bir yarpaq xəzan olur.

Mütaliə etdikcə xəzan mövzusunda çox sayda olduqca maraqlı əsərlərlə tanış oldum. Bunlardan ən sevdiyim O.Henrinin "Sonuncu yarpaq" əsəri olmuşdu. Sonuncu yarpaq olmaqdansa, sonsuz ümid olmaq daha gözəldi.

Bənzər əsərlərin yazılmasının tək səbəbi eyni dünyada yaşamaqdırmı?! Umberto Ekonun bu mövzuda bir yazısı var. Ekonun fikrinə görə, yazıçıların öz yaradıcılıqlarında oxşaq mövzulara müraciət etməsinin səbəbi "zamanın ruhu"dur. Zaman ruhunun, məncə, ən gözəl tərifini Ahmet Hamdı Tanpınar "Saatleri ayarlama enstitüsü" əsərində verib: "Saatın özü məkan, hərəkəti zaman, ayarı isə insandır". Bu da göstərir ki, zaman və məkan insanla mövcuddur.

Umberto Eko "Qızılgülün adı" romanını yazmazdan iki il əvvəl Borxesin "Babil kitabxanası" əsərinə mübtəla olduğunu qeyd edir. Onun sözlərinə görə, yazıçıya başqa əsərdən təsirlənmək qorxusundan xilas olmaq çox çətindir. Borxesə də Kafkanın sələfi olaraq xidmət etmək çətin olmuşdu. Borxes hər şey barəsində yazmış müəllifdir. Mədəniyyət tarixində elə bir mövzu tapmaq mümkün deyil ki, Borxes ona toxunmasın. Borxes barəsində onun özündən əvvəl mövcud olmayan orijinal fikirlərinin olmadığını söyləmək, Bethovenin özünün bir notunun belə olmadığını iddia etmək kimidir. Umberto Eko özünü bir sualla qarşı-qarşıya qoyur: "Borxessiz Qızılgülün adını yaza bilərdimmi?" Umberto Eko yazıçı və təsirlər mövzusunu o qədər ətraflı təhlil etmiş müəllifdir ki, bu haqda yazarkən onun məqalərinə müraciət etməmək mümkün deyil.

Özüm haqda deyə bilərəm ki, yazıçılıq mənə insanları daha dərindən anlamağı, müşahidə etməyi öyrətdi. Yazıçılığın ən vacib cəhəti başqasının duyğularını özününkü kimi hiss edə bilməkdir. Bəzən elə bir əsər oxuyursan ki, düşüncələrin aydınlaşır. Elə də olur ki, əsər kimi insanlarla qarşılaşırsan, mayak kimi yol göstərirlər. Dilinin ucunda olub da, unutduğun kəlməni tapmış kimi hiss edərsən və onu kağıza köçürərsən. Beləliklə, hər bir halda yazıçını təsirləndirən insandır. Hər bir sünilikdən uzaq, təbiətin bir parçası olan, zamanın ruhunu özündə daşıyan insan.

 





09.02.2022    çap et  çap et