525.Az

"Rafiq Əliyev - invariantlıq məktəbi"ni Şuşada yaradaqmı?!


 

Rafiq Əliyev - 80

"Rafiq Əliyev - invariantlıq məktəbi"ni Şuşada yaradaqmı?!<b style="color:red"></b>

Tanınmış elm xadimi, ixtiraçı alim Rafiq Əliyev gənc yaşlarından Azərbaycan Neft və Kimya İnstitutunda professor adına layiq görülüb. Onun ixtiralarının Neftayırma Zavodunda tətbiq olunması Dövlət Mükafatı ilə qiymətləndirilib. Elm potensialı tükənməz olan Rafiq müəllimin pedaqoji fəaliyyəti də o dövr üçün mürəkkəb sayılan avtomatika-telemexanika ixtisasına istinadən sadə suallarla müşayiət olunurdu. Qardaşıma dərs deyən alimin onlara "Qazıntı zamanı yerdən nə çıxır?" kimi sadə suallar verməsi tələbələrin təhsilə həvəslərini daha da artırırdı. 

Zaman keçdi, dövran dəyişdi. Sovetlərdən müstəqilliyimizə qədəm qoyduq. Professor Rafiq Əliyev beynəlxalq arenada Azərbaycanı uğurla təmsil etməklə elmi müstəvidə öz layiqli yerini tutdu. Rafiq müəllimin Qarabağ ağrısına isə, nəhayət, 30 il sonra müzəffər ordumuzun misilsiz şücaəti sayəsində son qoyuldu. 

Yaxşı xatirimdədir, İctimai Televiziyada professor Rafiq Əliyevlə müsahibə aparılırdı. Müsahibə zamanı elmi məqamlarla yanaşı, muğam və şeiriyyətə də toxunması alimin diapozonunun ölçü vahidinin sonsuzluğundan xəbər verirdi. Vacib görüşə tələsməyimə rəğmən, ayaqüstü də olsa, maraqlı müsahibəyə axıra qədər baxmağa üstünlük verdim. Düşünürəm ki, bu situasiyada çoxları mənim kimi hərəkət edərdi. Fikrimcə, ağıllı, intellektual cəmiyyət qurmaq üçün televiziyalarımız bəzi bayağı verilişlərdənsə Rafiq Əliyevin elmi potensialından faydalı istifadə etməklə reytinqlərini də yüksəldə bilərlər. Hələlik isə bunu dəyərləndirmək üçün mütəxəssislərin ixtiyarına buraxıram. 

Yeri gəlmişkən, 2021-ci ilin əvvəllərində İqtisadi Təhlil Mərkəzi Lütfi Zadənin yubileyi ilə bağlı konfrans təşkil etmişdi. Düşünürdüm ki, konfransın açılışında məruzəçi Rafiq Əliyev olacaq. Ancaq adəti üzrə elmi konfransı açıq elan edən şəxs Lütfi Zadənin həyat və yaradıcılığı haqqında məlumat verdi, Rafiq müəllim isə Lütfi Zadənin iqtisadiyyatda rolunu elə qabartdı ki, əsasən, iqtisadçıların iştirak etdikləri konfransda bir anlığa sükut yarandı. 

İlk dəfə professor Rafiq Əliyevin 1996-cı ilin iyun ayında Almaniyanın Zigen Texniki Universitetində təşkil olunmuş beynəlxalq konfransda nüfuzunun və idarəçilik mədəniyyətinin canlı şahidi olduğum üçün təəccüblənmədim. Onun Lütfi Zadə ilə yanaşı, müxtəlif ölkələrdən konfransa qatılan alimlərlə bir səviyyədə etdiyi təqdimatları Qərb elmi düşüncə tərzinə əsaslanırdı. 

Lütfi Zadə və Rafiq Əliyevin elmi yaradıcılıq xəzinəsinə səyahət etməklə bəzi məqamlara toxunmaq istərdim. Əgər Lütfi Zadə elmi əsərlərini döşəmədən yığırdısa, Rafiq Əliyev elmi əsərləri iclas masasının üstünə sıralamağa üstünlük verirdi. Bu nümunəni Rafiq Əliyevdən götürərək gələcəkdə işləyəcəyim elmi əsərləri iclas stoluma ardıcıllıqla düzərək hər bir vərəqin ünvanını yaddaşda da saxlamağa çalışıram. 

Rafiq Əliyevin nüfuzlu alman nəşriyyatı "Sprenger"də çap olunan kitabı Azərbaycan adına yüksək elmi yaradıcılığın məhsuludur, desək, yanılmarıq. Məhz onun sayəsində istər ABŞ-ın Corciya ştatında, istərsə də Almaniyanın Zigen Universitetində həyata keçirilən birgə elm və təhsil proqramları professor Rafiq Əliyevin nüfuzuna istinad olunan nümunəvi məqamdır. 

Rafiq Əliyev Eynşteynin nisbilik nəzəriyyəsinə davamlı istinad etməsinə rəğmən, onu Eynşteynin elmdə daha çox əxlaqi yanaşması daim düşündürür. 

Rafiq Əliyev Ağdamda doğulsa da, uşaqlıq və yeniyetməlik çağlarında yay tətillərini Şuşada keçirib. Qohumlarının həyətindəki nəhəng palıd ağacının küləkli havada invariantlığı onun diqqətini cəlb etməsi isə təsadüfdən doğan zərurətdir. Deməli, onun elmi təfəkkürü də elə o mühitdən başlayıb. Bəlkə bu fürsəti qaçırmayaraq, yubiley münasibəti ilə "Rafiq Əliyev - invariantlıq məktəbi"ni Şuşada yaratmaqla elm mərkəzinin bünövrəsini qoyaq?!

 





10.02.2022    çap et  çap et