525.Az

Dövlətə, dövlətçiliyə, xalqa sədaqət örnəyi... - Bayram Məmmədov yazır


 

Dövlətə, dövlətçiliyə, xalqa sədaqət örnəyi... -<b style="color:red"> Bayram Məmmədov yazır</b>

Ötənlərə, yaşanılmışlara xatirə deyirik. Xatirə həm də tarixdi. 

Yaxın-uzaq ellərin yaddaşında təkcə xatirə kimi deyil, həm də tarix kimi qalan xatirələr oxunmuşların da tarixidi, eşidilənlərin də, görünənlərin də. İlləri el-obaya ad olan xatirələrin işığında yaşamaq necə xoşdu! Oğlunu yaxından tanıdığın atanın xarakteri haqqında düşüncələrində o qədər nizamlı, o qədər ehtiramlı, sevgiyə dönən duyğular yaranır ki!

Atası Kərbəlayı Məmmədxan yüzbaşı idi. Sovet hökuməti bu vəzifəyə görə minlərin taleyində yel əsdirmişdi...

Şəfaət Mehdiyev 1912-ci ildə Qubadlı rayonuun Qəzyan kəndində anadan olmuşdu. Nəfəsi ata nəfəsi ilə cəmi üç il isindi Şəfaətin. Buna yetimlik deyirlər; bir atalar sözünü xatırlayıram: "Yetim böyüyür, əzrayılın paxıllığı özünə qalır"...

Anası Sara oğlunun təhsil alması üçün bütün çətinliklərə qatlaşır. O illərin güzəran sıxıntılarını  səbriylə, dözümüylə, ana qüdrətiylə yumşaldır. Şəfaətin təhsil almasını qardaşları da sevgilərlə istəyir; Şəfaət oxuyur. Azərbaycanda 1920-ci il adlı sovetləşmə yelləri əsdi. Bu yellərin hardan əsdiyi bəlli idi, necə əsdiyi görünürdü, necə əsəcəyini kimsə güman edə bilməzdi. Şəfaət Müskanlı orta məktəbini bitirdi. Qardaşı Mehdixan geniş dünyagörüşlü cavan kimi sovetləsmənin təhsillə bağlı olduğunu, təhsildən kənarda düz-əməlli gün-güzəran olmayacağını duyurdu. Bu duyumun mahiyyəti zamanın "nəbzini tutmaq" idi. Bu mahiyyət ötən əsrin 20-ci illərinin yaşam fəlsəfəsi idi və bu fəlsəfə sabahlara hesablanmış niyyətə açar idi...

Mehdixanın məsləhəti ilə Şəfaət 1927-ci ildə Quba rayonunda Kənd Təsərrüfatı Texnikumunda təhsil almağa gedir. Savad sovetləşmənin əzəli etimadı idi və Məmmədxan qardaşının bu etimadla etibarlı şəkildə əhatələnməsini istəyirdi. Şəfaət bu əhatələnmədən təkcə özünün deyil, həm də ailəsinin - əzizlərinin yaşantılarına işıq düşməsini arzulayırdı. Şəfaətin dünyaduyumu ilə, təhsilə marağı ilə, zəhmətə qatlaşma qüdrəti ilə bu işıq səxavətini zərrəcə əsirgəmədi.

Şəfaət təhsilini 1932-ci ildə tamamladı. Aqronom idi. Torpağı sevmişdi, bundan sonra torpaqla daha incəliklə kəlmələşəcəkdi. Torpağı öldürə-öldürə, yəni becərə-becərə dirildənlərin məsləhətçisi olacaqdı. Camaat dədə-baba əkib-becərmə üsullarıyla bir sırada torpağın elmi əsaslarla becərilməsini də öyrənəcəkdi, məhsuldarlıq artacaqdı, güzəran yaxşılaşacaqdı. O dövr üçün normal elmi təhsil hesab edilirdi Şəfaətin aldığı təhsil. Onu Qubadlı rayonunun torpaq şöbəsinə göndərirlər.

Torpaq çəkir adamı. Doğma yurd, el-oba adamın ruhunu, ruhuna görə cismini - özünü çəkir. Gec-tez dönüş adlı yolun yolçusu olursan və doğma elinə qayıdırsan. Ruh cana qayıdan təki qayıdırsan...

Hər qayıdış könül xoşluğıyla süslənmir. Hər ürək bir məzhəbin cəfakeşidi. Eyni məzhəbin cəfakeşi olan ürəklərin də duyumu, insafı, haqqa, ədalətə sədaqəti eyni olmur. Nəyinsə xətrinə, haqqın, ədalətin ayaqları altını eşməyə meyil göstərənlər də olur. "37" deyirik, sən demə, "37" 37-dən neçə il əvvəllər başlayıbmış. Pərakəndə şəkildə, "danoslar" əsasında, gözəgötürməzliyin nəticəsi kimi. O illər də tarixdi. Öz əli ilə öz ocağını söndürməyə meyilli olanların tarixi, "yuxarılara" yarınmağın tarixi, sağ gözünün işığını  bir qədər artırmaq niyyətiylə sol gözünün ovulmasına etiraz etməyənlərin tarixi...

O illərdə respublika partiya təşkilatında da, ayrı-ayrı rayonlarda da sosial cəhətdən yad elementləri araşdıran komissiyalar vardı. Belə donoslara inananlar da olurdu. 1935-ci ildə bir insaflı məmur olmasaydı, Şəfaət Məmmədxan oğlunun taleyi necə olacaqdı? O illərdə bunu kimsə güman edə bilməzdi. Dekabr ayının 31-də Qubadlı rayon Komitəsinin Komissiyasında belə donoslar əsasında məsələyə baxılır. Belə baxılmalar şərti xarakter daşıyırdı. Həmin iclasda bir in-saflı komissiya üzvünün məsələyə vicdanlı münasibəti Şəfaət Məmmədxan oğlunun taleyinə qondarılan böhtanları üyüşdürür. İclasın qərarında qeyd edilirdi ki, Şəfaət Mehdiyevin atası çar dövründə starşina (yüzbaşı) olub. Hazırda Şəfaət vicdanla işləyir, kolxoz quruculuğu fəallarındandır. Heç bir inzibati tədbir görülmür, qərara alınır ki, Şəfaət Mehdiyev işdə qalsın, işləsin...

Maraqlı bir məqam: Kimisə günahlandırmaq, cəzalandırmaq üçün onun atasının əvvəlki dövlətdə tutduğu vəzifə başlıca səbəb olurmuş. Ona görə yeni yaradılan imperiya da yaşaya bilməzdi. Azərbaycançılıq bu imperiyanı son nəfəsinə yetirdi. Sovet hökumətinin ilk illərində də, 50-ci, 60-cı illərində də milli-xəlqi ruhu yaşadanlarımız gizlin də olsa bu ruhun yaşam cəfakeşi olub. Qəzyandan başlayan ömür yolu bu ruhun sədaqətli daşıyıcıları sırasında olub. Tofiq Şəfaət oğlu Mehdiyev kimi savadlı, istedadlı, dövlətə, dövlətçiliyə sədaqətli dövlət xadimi davam etdirib bu ömür yolunu...

1935-ci il qadasız sovuşdu...

1937-ci il gəldi. Sürgünləriylə, qazamatlarıyla, "gedər-gəlməzləriylə", bir kəlməyə görə ömür itirmək sıxıntılarıyla, ...

1937-ci il idi. "Üçlüy"ün ömürlərə divan tutan ili idi. Şəfaətə yönəldilən bədxahlıq yelləri kəsməyibmiş, o insaflı məmurun təklifinin ömrü cəmi iki il olacaqmış; Şəfaətə siyasi "barmaq qıcandı": Atan Məmmədxan yüzbaşı olub. Əvvəlki hökumətə qulluq göstərib. Öldü, ölməsə sürgünlərdə can əridərdi. Sən atanın əvəzinə cəzalanacaqsan. Həm də ən ağır cəzayla. Nargin adasına göndəriləcəksən.

"Üçlük" bilirdi ki, Məmmədxan iman adamı kimi zamanında İraqda, İranda, Nəcəfdə ziyarətlərdə olub. Bir kimsənin könlünü qırmayıb, balalarına haram çörək yedirtməyib. Hamı ona Kərbəlayı deyə müraciət edərdi. Sovet hökuməti gələndə oğulları sovetləşmənin nə olduğunu dərk edib, atalarının dəyirmanlarını, torpaqlarını, mal-qarasını təzə hökumətə təhvil veriblər. Güman ediblər ki, Şura hökuməti onları dünənlərinə görə "silistə" çəkməz. "Mayası qanla yoğrulmuş" təzə hökumət Kərbəlayı Məmmədxanın təzə hökumətə sədaqətlə xidmət edən oğlunu "çək-çevir"ə salanda Moskvaya, "NarkomZemə" (Torpaq işləri üzrə xalq komissarlığı) gedir, rəsmilərə müraciət edir. Yad eldə, yad dildə, yad dində deyilənləri dinləyənlər olur. Həm də insafla dinləyirlər.

Haqq nazilir, ancaq üzülmür. Maraqlıların niyyəti gözündə qalır...

Şəfaət Mehdiyev Zəngilan rayonuna qayıdır, eyni vəzifədə işləməyə...

Şəfaət Məmmədxan oğlu rayona qayıdanda qəlbipaxırların "içində qərəzlik vurnuxur", özünün nail ola bilmədiyi mərtəbəyə başqasının nail olduğuna paxıllaşanlar gizlin fəallaşır, gecələrin lampa, çıraq işığında qondardıqları olmamışlardan danoslar yazırlar, kimlərinsə dürüst ömrünü qarayaxmalarla korlamağın könüllü quluna dönürlər. Danoslarla dürüst adamları gözdən salmağa, sürgünlərə ürcah eləməyə, qazamatlara salınmasına nail olmağa çalışırdılar. Şəfaət Mehdixan oğlunun insanlıq işığı da, bacarıq, qabiliyyət nuru da kimlərinsə gözlərini qamaşdırırmış. "Yuxarılara" müxtəlif məzmunlu donoslar, böhtanlar yazırdılar. O illərdə belə donosların əksəriyyəti yoxlanılmadan qərar çıxarılırdı...

Şəfaət Mehdiyev aldığı təhsillə kifayətlənmək istəmirdi. Hiss edirdi ki, texnikum təhsili orta pilləli vəzifələr üçün yetərlidir; hamı özünün nəyə (və nələrə!") qadir olduğunu yaxşı bilir. Şəfaət Məmmədxan oğlu Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu da bitirir. Fərqlənmə diplomu ilə. Bu, Böyük Dünyaya böyük ürəklə salam verilməsinə tutarlı zəmanət idi. Sovetlərin kadr siyasətində bu, əsas istinadlar sırasındaydı. O illərdə ali təhsilli mütəxəssislər cəmiyyətin etimad ünvanlarındanıydı və Şəfaət Məmmədxan oğlu bu sevgini varlığına Tanrıya şükranlıqla qoşa hopdururdu...

Şəfaət təhsildən sonra Zəngilan Maşın Traktor Stansiyasına baş aqronom vəzifəsinə təyin edilir, az sonra direktoru olur. Qısa müddətdə bu yeni təyinat həm də xarakterə inamın təzahürü idi; hökumət Şəfaət Məmmədxan oğluna inanırdı. O illərdə belə inam həm siyasi baxımdan ümid, arxayınlıq idi, həm də sabahlara daha inamla baxma imkanı; o ümid, o imkan Şəfaətin də, onun ailəsinin də könül xoşluğu idi və bu könül xoşluğu illəri halallıq axarıyla illərə qo-vuşdururdu...

Keçən əsrin 50-ci illərində Azərbaycanda kənd təsərrüfatı üzrə başlıca sahə pambıqçılıq idi. Müharibədən təzəcə çıxmış dövlətin iqtisadiyyatını dirçəltmək, istehsalı yüksəltmək olduqca ciddi tələblərdən idi. 

Şəfaət böyük şövqlə işləyir, sevgilərlə, sevə-sevə, sevilə-sevilə işləyir.

Böyük Vətən Müharibəsi başa çatmışdı...

...Prinsipiallığı ilə sayılıb-seçilən Şəfaət Mehdiyev Zəngilan rayon Xalq Deputatları Sovetinin sədri olanda çox böyük quruculuq işləri həyata keçirib.

Şəfaət Mehdiyev 1950-ci ilin sonlarında Pambıqçılıq Nazirliyinin Mil-Qarabağ Regional İdarəsinin rəisi vəzifəsinə təyin edilir...

O illərdə belə yüksək vəzifələrdə işləyən Şəfaət Mehdiyev elmi araşdırmalar aparmağa da vaxt tapırdı (zamana, aylara, günlərə məsuliyyət kimi, bu məsuliyyət ömürə məsuliyyətin təzahürü idi). Elmi araşdırmalarını ümumiləşdirdi, uğurla namizədlik dissertasiyası müdafiə etdi, kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi aldı...

Vətəni Azərbaycanı sevirdi Şəfaət Mehdiyev...

Azərbaycanımızın tarixini sevirdi, ədəbiyyatını, incəsənətini, mədəniyyətini sevirdi...

Ata nəsihətinin işığında övladları yüksək təhsil aldı, hamısı geniş erudisiyaya malik idi. Ata ruhu dünyadan gileyli deyil: övladlarım Azərbaycan üçün layiqli vətəndaş  oldu...

Şəfaət Mehdiyevin ruhunun da qırışığı açılıb: Torpaqlarımız işğaldan azad edilib...

Əsl vətəndaş idi Şəfaət Məmmədxan oğlu...

Əsl ömür odur ki, son nəfəsindən sonra sənin yoxluğuna təəssüflənsinlər...

Son nəfəsdən sonrakı ömür əbədiyyətə qovuşur...

Şəfaət Mehdiyevin ömrü dövlətə, dövlətçiliyə, xalqa sədaqət ömrü oldu...

 





10.02.2022    çap et  çap et