525.Az

Qayğıkeş müəllim, dəyərli alim - İlqar İmamverdiyev yazır


 

Qayğıkeş müəllim, dəyərli alim -<b style="color:red"> İlqar İmamverdiyev yazır</b>

Müəllimin dəyəri və qiyməti bu iki cümlədə şahanə tərənnüm olunub:  

“Allahım məni göydən yerə endirdi. Müəllimim məni yerdən göyə ucaltdı”.

Bu müdrik kəlam ömrümün sonuna kimi mənə yol göstərdi, həyatıma işıq saçdı. 1976-cı ildə Konservatoriyaya daxil olduğum zaman yüksək əxlaq sahibi, iffət-izzət, abır həya timsallı müəllimlərlə həmsöhbət olmaq şərəfinə nail oldum: rektorumuz Elmira xanım Abbasova, xalq çalğı alətləri kafedrasının müdiri vəzifəsində çalışan bəstəkarımız Süleyman Ələsgərov, tar müəllimim Oqtay Quliyev, konservatoriyamızın keçmiş dekanı, 80 yaşa qədəm qoyan, insani dəyərlərlə yaddaşımıza həkk olunmuş Zemfira xanım Qafarova kimi istedadlı, nurlu şəxsiyyətlər... Xoşbəxtəm ki, bu dəyərli insanların əhatəsində yetişdim, tələbəlik həyatımda müəllimlərimdən dərs aldım, mənə xeyir-dua verdilər. Əsl tələbə kimi mənə qiymət verən müəllimlərimi heç unutmaq olarmı? Mümkün deyil. Çünki bu müqəddəs insani keyfiyyətlərə sahib müəllimlərimiz bizə həyatın məziyyətlərini aşılamaqla yanaşı, elm yolumuza aydınlıq gətirdilər. Atam Cəmil Əkbərdən eşitdiyim indi də xatırlayıram:

Müəllim! Bu ada baş əyir cahan,

Ondan hansı dahi dərs almamışdır?!

Müəllim sözünə qulaq asmayan

Ömründə heç zaman ucalmamışdır.

Müəllimlərimiz işıq kimi nur saçdılar uğurlu sabahımıza. Zemfira xanım  başda olmaqla dəyərli müəllimlərimiz öz  davranışları ilə hər zaman bizə ana, ata kimi qayğı göstərdilər.

Tələbəlik illərində saza-sözə marağımız Zemfira xanımın diqqətindən heç qaçardımı? 23-24 yaşımda – tələbəlik illərində musiqişünas Xanəli Quliyevin və Namiq Nəbiyevin rəhbərliyi ilə çıxış etdiyim ilk elmi konfransda seçdiyim mövzu Zemfira xanım üçün aktual göründü. Beləcə bizə xüsusi diqqət göstərməklə heç vaxt qayğısını əsirgəmədi. Xalq musiqisinə marağımızı görüb bizə istiqamət verdi, tələbəlik dönəmində səriştəli təcrübəyə sahib bilgilərini ərmağan etdi ki, həvəsdən düşməyək, daha çox axtaraq, araşdıraq, təhlil edək, Azərbaycan  etnomusiqişünaslıq elmində öz sözümüzü deyə bilək. Etiaf edim ki mənə olan diqqəti özümə qarşı tələbkarlığımı, çalışmaq əzmimi, inamımı, gücümü artırırdı.

Zemfira xanımın hər birimiz üçün olan səmimi münasibəti indi də gözümün önündən getmir. Hər hansı bir problemi olanda Zemfira xanıma fikirlərimi, düşüncələrimi gizlicə, çəkinmədən söyləyirdim və dəyərli məsləhətlərini alırdım. Bu baxımdan Zemfira xanımın diqqətinin işığında olduğum günlər ən gözəl anlarımdır. Bu diqqət mənim üçün qiyməti ölçüyə gəlməz bir bəxşişdir. Zemfira xanımı gördüyümüz gündən biliyinə, təcrübəsinə heyran olmuşduq. Dərsin kefiyyətindən ciddi insan olduğu aydın sezilirdi. Tələbələri ilə ayrı-ayrı mövzulardakı zəngin bilgilərini səxavətlə paylaşardı. Bu tələbələr içərisində mənə olan inamı digər tələbələrə də aid idi.  Bu diqqətindən istifadə edib elmə marağı olan digər kurslardakı tələbələri də Zemfira xanımın diqqət işığına cəlb edirdim. Deyirdim ki, Zemfira xanım, tələbələr arasında Fuad Əzimli və Faiq Çələbiyev var ki, onlar da xalq musiqimizin ayrı-ayrı sahələri ilə məşğul olmaq istəyirlər. Diqqətinizdə bu iki tələbəni də nəzərə alın. Zaman keçdi və sonradan həyat göstərdi ki, Fuad Əzimli və Faiq Çələbiyev elm aləmində yüksək məqama çatdılar, namizədlik, doktorluq işlərini müdafiə edib professorluq elmi adı mərtəbəsinə yüksəldilər. Neçə-neçə konfranslarda çıxış etdilər, beynəlxalq konqreslərdən uğurlu sədaları gəldi, məqalələr, kitablar ərsəyə gətirdilər. Bütün bu fəaliyyətlərin təməlində Zemfira Qafarova adlı ülvi müəllimimizin zəhməti, əməyi, xeyirxahlığı dayanır.

Zemfira xanım dekanlığı dönəmində imzaladığı sənədlər hamısı mədəniyyətimizə xidmət etməklə musiqişünaslıq elmimizin inkişafına yönəlmişdi. Yaxşı xatırlayıram ki, 2008-ci ildə doktorluk elmi işimin müzakirəsinin ilkin mərhələsində Zemfira xanım Qafarova da keçmiş tələbəsinin bu xoş günündə iştirak edib elmi tövsiyələrini vermək, rəyini rəsmi sənəddə imzalamaq üçün təşrif gətirmişdi. Bir zaman tələbə kimi müəllimimin dərsini dinləyirdim. 2008-ci ildə isə “Azərbaycan və İran türklərinin aşıq ifaçılıq sənətinin qarşılıqlı əlaqələri” mövzusundakı elmi işim barədə məlumat verirdim, müəllimim Zemfira xanım Qafarova da mütəxəssis gözüylə, sanki bir tələbə kimi yetirməsini dinləməkdən məmnun qalırdı. Örnək olası bu xatirəni yazmağımda məqsəd gənc elmi işcilərə diqqət verən müəllimlərin, elmi rəhbərlərin əməyini dəyərləndirməkdir.

Zemfira xanımım adı gələndə musiqişünaslıq elmimizdə ciddiyət, təvazökar olduğu qədər də səriştəli, təcrübəli, zəngin bilgilərlə əhatə olunmuş bir müəllim gözümün önündə canlanır. Zemfira xanım professor Babək Qurbanovun tələbəlik illərinin səmimi dostu olub. Babək Osmanoğlu Qaziantep Universitetində çalışdığımız 10 il ərzində hər zaman Zemfira xanımın adını sayqı ilə anardı. O mənim Bəstəkarlar ittifaqına üzv olmağımı çox istəyirdi. 700 məqalənin, 53 kitabın müəllifi olan, musiqi estetikası üzrə qüdrətli alimimiz Babək Qurbanov deyirdi ki, “bir rəy mən verərəm, birini də Zemfira xanım Qafarova”. Mən bu ülvi xatirələri zəngin könül dəftərimdə yaşadıram.

Babək Qurbanovun musiqişünaslıq elmində hesablaşdığı alimlərdən biri də bu günlərdə 80 yaşına qədəm qoymuş əziz müəllimim, bizə istiqamət göstərməklə xeyir-dua verən görkəmli elm xadimimiz Zemfira xanım Qafarovadır. Sanki dilimdə iki sözümdür professor Zemfira Qafarova və professor Babək Qurabov.

Babək müəllimin bir çox məqalələrinin gün üzünə çıxmasında, xalqımız arasında tanınmasında Zemfira Xanımın əməyini də qeyd etmək lazımdır. Çünki Babək müəllim ömrünün sonunda elmi yazılarını təkcə Zemfira xanıma göndərər, redaktə işlərini təkcə Zemfira xanıma etibar edərdi. Bü dediyim faktlar Babək müəllimin Zemfira xanımın elminə, zəkasına, təcrübəsinə olan ehtiramının təcəssümü idi.

Türkiyənin Batman Universitetində çalışmış, oğlu Seyranla tanışlığım zamanı onun ədəbinə, mərifətinə, əxlaqına heyran qalmışdım. Çünki əsl müəllimlərin tərbiyə kürəsindən, etika-estetika məktəbindən uğurla dərs almışdı Seyran Əmir oğlu Qafarov.

2018-ci il oktaybrın sonlarına yaxın - ağır xəsdə yatağında olanda atası Əmir Qafarovun video görüntüsünü internet adresinə göndərdiyim zaman çox sevnmişdi: “20 ildir atam bu dünyadan köç edib. Sən mənə ən gözəl bəxşiş verdin bu video görüntü ilə. İndi anam Zemfira xanıma da göndərəcəm, o da baxsın”. Təsadüfən etdiyim bu xidmətimə necə də sevinirdi dostum - Zemfira Xanımın, Əmir Bəyin övladı Seyran. Heyif... Nə isə. Əcəl onu da bizdən vaxtsız aldı. Zemfira xanımın dünyasına qaranlıq səhifə çökdü. Nə edəsən? Taleh belədir...

Seyran Əmir oğlu Qafarov (1969-2018)

 

Hər zaman müqəddəs müəllimlər arasında yer alan professor Zemfira Qafarovaya cansağlığı arzulayıram. Neçə-neçə  tələbələrə örnək olan, dəyər verən müəllimimizin 80 yaşını təbrik edirəm.

 





10.02.2022    çap et  çap et