525.Az
Gürcüstanda İmam Əlinin doğum günü qeyd olunub
Gürcüstan Müsəlmanları İdarəsi mətbuat xidmətindən "Yeniufuq.org"-a verilən məlumata görə mayın 14-ü Rustavi şəhərində Həzrət İmam Əlinin (ə) mübarək doğum günü münasibəti ilə tədbir keçirilmişdir.
İmamlar atası, İslam dünyasının nüfuzlu dövlət xadimi və alimi, Allahın yer üzərindəki vəlisi, Peyğəmbərin vəsisi həzrəti Əlinin (ə) ad günü münasibəti ilə dünyanın bir çox yerlərində olduğu kimi, Gürcüstanın - Kvemo Kartlinin mərkəzi şəhəri olan Rustavidə də təmtəraqla qeyd olundu. Tədbir Gürcüstan Müsəlmanları İdarəsinin təşəbbüsü ilə yüksək səviyyədə təşkil olunmuşdur.
Tədbirdə rəsmi dövlət xadimləri, müsəlman ölkələrinin səfirliyindən gələn nümayəndələr və regionlardan dəvət olunan alim və din xadimləri iştirak edirdi. 400 nəfərin iştirak etdiyi tədbir Quran sədası ilə başlamışdır. Tədbirdə ilk olaraq, Gürcüstanın şeyxi Hacı Ramin İgidov mərasim iştirakçılarını salamlayıb bayram münasibəti ilə təbrik etdi. Sözlərində Hz. Əlinin (ə) həyat, şəxsiyyət və İslama göstərdiyi əvəzsiz xidmətlərdən danışdı. Sonra Qərbi Gürcüstanın müftisi Hacı Camal Paksadze və Şərqi Gürcüstanın müftisi Hacı Yasin Əliyev Həzrətin həyatından örnəklər söyləyərək Əlinin (ə) əvəzsiz şəxsiyyət olduğunu qeyd etdilər. Məclisdə iştirak edən Kvemo Kartlinin qubernatoru Qiorqi Mğebrişvili ölkə müsəlmanlarını bu əziz bayram münasibəti ilə təbrik etmiş, tolerant ölkəmizin müsəlmanların dini tədbirlərinə və ainlərinə hörmətlə yanaşdığını qeyd etmişdir. Sonra müsəlman ölkələrini təmsil edən din xadimləri və Mədəniyyət mərkəzi sədrləri də İmamın barəsində öz fikirlərini bölüşdülər və məclisi təşkil edən Gürcüstan Müsəlmanları idarəsinə öz minnətdarlıqlarını bildirdilər. Məclis Azərbaycandan dəvət olunmuş “İxlas” İlahi mahnılar qrupunun Hz. Əlinin (ə) şəninə oxuduqları ilahilərlə davam etdi.
Onu da qeyd edək ki, Gürcüstanın əhlibeytsevər müsəlmanları digər dini tədbirlərə önəm verdikləri kimi on dörd məsumun doğum və şəhadət günlərini də vaxtı-vaxtında bütün bölgələrdə təntənə ilə qeyd edirlər.
15.05.2014
çap et