525.Az

"Yeni qanun medianın inkişafında mühüm rol oynayacaq" - Rəşad Məcid


 

 "Yeni qanun medianın inkişafında mühüm rol oynayacaq" -<b style="color:red"> Rəşad Məcid</b>

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev "Media haqqında" qanunu təsdiqlədi. Bu qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid mətbuat orqanlarına verdiyi açıqlamada məsələyə münasibət bildirərkən yeni qanunun medianın inkişafında mühüm rol oynayacağını vurğulayıb: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Media haqqında" qanunu imzaladı. Hesab edirəm ki, bu qanun Azərbaycanın media sahəsinin inkişafında mühüm rol oynayacaq bir sənəddir. Təxminən bir il müddətində Medianın İnkişafı Agentliyinin mütəxəssisləri və ekspertləri bu qanun layihəsinin üzərində işlədilər. Müxtəlif formatlarda qanun layihəsinin müzakirələri keçirildi. Eyni zamanda, Milli Məclisdə bir neçə dəfə mütəxəssislər və media rəhbərləri ilə müzakirələr aparıldı. Müzakirələrdə fərqli baxışlı insanlar öz fikirlərini bildirdilər. Hər halda geniş ictimai müzakirəyə səbəb olan bu qanun layihəsi göstərir ki, cəmiyyətin mediaya marağı böyükdür". 

Baş redaktor qanunun bütün media spektrini əhatə etdiyinə də diqqət çəkib: "Biz informasiya texnologiyalarının inkişafı ilə bağlı tez-tez deyirdik ki, yeni media yaranıb və bu medianın tənzimlənməsi məsələsinin qanunla əhatə olunmasında problemlər və çətinliklər var. Bu baxımdan artıq yeni qanun çox əhatəli və genişdir. Bu qanun bütün media spektrini əhatə edir. Burada audiovizual media, həm də çap mediası, onlayn və informasiya agentlikləri var. Düşünürəm ki, bu qanunun qəbul edilməsilə peşəkarlığın artması da müşahidə olunacaq, təsadüfi adamların, qeyri-peşəkarların mediaya axınının qarşısı alınacaq".

R.Məcid onu da qeyd edib ki, yeni qanunda jurnalistlər üçün dövlətin müəyyən güzəştləri də nəzərdə tutulur: "Arzu edirik ki, "Media haqqında" yeni qanun jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm rol oynasın. İnanıram ki, mütəmadi jurnalist fəaliyyəti ilə məşğul olan insanlar bu güzəştlərdən yararlana biləcəklər".

 

 

 





10.02.2022    çap et  çap et