525.Az

Beş dəqiqə... - Kənan Novruzov yazır


 

Beş dəqiqə... -<b style="color:red"> Kənan Novruzov yazır</b>

Bu günlərdə "Beş dəqiqə" adlı qısametrajlı bir filmə baxdım. Qısa məzmunu belədir: kişi illərlə hər gün metro stansiyasına gedir və qatarın gəlməsini gözləyir. Çünki sevdiyi ilə sonuncu dəfə danışanda qadın ona deyibmiş ki, mən buradan hərəkət edən ilk qatarla gələcəyəm. Ona görə də kişi hər gün metroya gedir, qatarın gəlişini gözləyir və sonra stansiyadan çıxıb gedir. Ancaq hər dəfə ona elə gəlir ki, daha beş dəqiqə də gözləsə, qatar gələcək, onu da gətirəcəkdi.

Çox uzatmayacam, o qədər "beş dəqiqə"lərimiz olur ki, həyatda. Ümid dolu beş dəqiqə...

...Dünən metronun "Xətai" stansiyasında qəribə bir hadisə yaşadım. Əslində tələsmirdim, amma qatarın gəldiyini hiss edəndə eskalatorla sürətlə düşməyə başladım. Ekskalatorun mexaniki sürətinə ümid etmədən, ayaqlarıma güc verdim. Sağ tərəfdə dayananları bir-bir geridə qoyurdum. Perrona çatanda qatarın qapıları şaqqıldayaraq bağlandı. Bərk məyusluq hissi keçirdim. Bir də növbəti qatarın gəlişini gözləməkdən daha çox, əziyyətimin hədər getdiyinə pis olmuşdum. Demə, boş yerə qaçmışdım. Naəlac skamyada oturub gözləyəsi oldum.

Bir neçə dəqiqə sonra tanış, əziz bir adamı gördüm. Gəlib yanımda əyləşdi. Göz-gözə gəlsək də, nə o, bir söz dedi, nə də mən. Hərçənd beynimi işlədirdim, dialoqa necə başlamaq barədə düşünürdüm. Necə olurdu ki, başqa vaxt "rastıma çıxsın" deyə dua etdiyim insana indi bir söz deyə bilmirdim?

Qatar gəldi, ikimiz də eyni vaqona mindik. Fikirləşməkdə idim. Ən doğru üslubu axtarırdım. Amma çatdırmadım, zamana uduzdum. Bir neçə dəqiqədən sonra qatar növbəti stansiyaya çatdı, ikimiz də düşdük və perrondakı onlarca insanın arasına, qələbəliyə qarışdıq. Ümidim bundan sonraya, eyni istiqamətdə hərəkət edəcək qatara minəcəyimizə idi. Mən ondan qabaqda idim. O qədər adam arasında dayana, geri çevrilə bilməzdim. Addımlarını hiss etməyə çalışırdım. O biri perronda insan daha çox idi. Onun ətrafda, onlarca tanımadığım adam arasında olduğundan əmin idim. İki əks istiqamətdə hərəkət var idi - həm "Həzi Aslanov", həm də "Dərnəgül" xətti tərəfdə. "Həzi Aslanov" xətti istiqamətinə buruldum. Onun da bu tərəfə gələcəyinə ümid edirdim. İnsanların arasında özümə yer tutdum, qatarı gözləməyə başladım. Bəlkə də, ilk dəfə idi ki, qatarın gecikməsini istəyirdim. Tez-tez arxaya baxır, perronda o tanış simanı axtarırdım. Əgər əks istiqamətə getdiyini görsəm, arxasınca gedəcək, o qatara minəcəkdim. Ancaq sərnişinlərinin çoxluğu mane olurdu. Bəlkə də, yaxınlığımda, ətrafdakı adamlardan birinin arxasında idi. Amma görə bilmirdim.

Qatar gəldi. Vaqonlarda, çox nadir hallarda olduğu kimi, az adam var idi. Qapılar açılan andaca izdiham yarandı. İnsanlar bir-birilərini tələsdirməyə, hətta itələməyə başladılar. İçəri keçməli idim. Lakin fikrim perronda qalmışdı. Ətrafdakılardan biri narazılıqla "keç də..." deyəndə nə cavab verəcəyimi bilmədim. Vaqonların tez dolmasını, qatarın tez yola düşməsini istəyirdim. Bir tərəfdən isə yorğun olduğumdan növbəti qatarı gözləməyə səbrim yox idi. İrəliyə addım atırdım, amma gözüm arxada idi. Bu vaxt bir nəfər qaça-qaça gəldi, məni və daha bir neçə adamı itələyərək özünü vaqona salmağa bacardı. Əlbəttə, istəsəm, mən də vaqona girə bilərdim. Amma istəmirdim.

Perrondakılar qatarlara daxil olandan sonra ətrafıma daha diqqətlə baxdım. Yox idi. Deməli, əks-istiqamətə hərəkət edən iki qatardan birinə minmişdi. Bəlkə də, elə bu qatara, bu vaqona. Bəlkə də, yenə birlikdə gedə bilərdik. Və mən bir dəfə gecikdiyimə görə bu dəfə cəsarətli davrana bilərdim. Ancaq daha gec idi. Qatar gəldi, onu götürdü və getdi. Daha ona çata bilməzdim. Bir də nə vaxt üz-üzə gələcəyimiz isə məlum deyil. Ola bilsin, heç vaxt.

Bəlkə də, birinci qatara beş dəqiqə tez çatsam, ikinciyə isə beş dəqiqə geciksəm, hər şey çox fərqli olardı. Nə bu qədər sevinər, nə də bu qədər məyus olardım.

İkinci beş dəqiqəyə ümid etmişdim. Niyə? Axı kimsə mənə bir gündə iki dəfə bəxtimin gətirəcəyini deməmişdi. Həyat belədir: bəzən heç gözləmədiyin anda möcüzə kimi imkanlar yaradır, bəzən isə nəinki beş, hətta bir dəqiqəni də çox görür adama. Və çox nadir hallarda sevinmək, yaşamaq üçün ikinci şansı verir. Deməli, məşhur türk şairi Can Yücelin dediyi kimi, tam zamanında yaşayacaqsan...

 

 





11.02.2022    çap et  çap et