525.Az

Generalların qiyamı - Xaqani Cəfərlinin siyasi şərhi


 

Generalların qiyamı -<b style="color:red"> Xaqani Cəfərlinin siyasi şərhi</b>

Ukrayna ilə müharibə ehtimalının artması Rusiya cəmiyyətində parçalanmanı  hər ötən gün daha da dərinləşdirir. Ziyalılar Konqresinin Ukrayna ilə müharibənin əleyhinə çıxış etməsinin ardınca "Ümumrusiya Zabitlər Məclisi"nin sədri general-polkovnik Leonid İvaşovun Rusiya prezidentinə və vətəndaşlarına ünvanlanmış sərt müraciəti yayıldı. Ziyalılar Konqresinin adından müharibə əleyhinə çıxış edən 100 nəfərdən çox akademik, professor, yazıçı, şair, musiqiçi və ictimai-siyasi xadimin imzaladığı müraciətdə diqqət çəkən iki əsas məqam vardı. Müraciət müəllifləri baş verə biləcək müharibəyə görə bütün məsuliyyətin Rusiya hakimiyyətinin üzərinə düşəcəyini bəyan etməklə yanaşı, müharibə olacağı tərzdə hökumətlərinin məğlub olması üçün çalışacaqlarını açıq mətinlə qeyd edirdilər. Bu hal bolşeviklərin Birinci Dünya müharibəsində əsgərləri döyüşməkdən imtina etməyə çağırmasından sonra Rusiya tarixində müşahidə olunan müharibə əleyhinə ən böyük çağırışdır.

Ziyalılar Konqresinin müraciətini çoxsaylı tanınmış şəxsin imzalamasına baxmayaraq, "Ümumrusiya Zabitlər Məclisi"nin sədri general-polkovnik Leonid İvaşovun bəyanatı daha təsirli oldu. Ziyalıların bəyanatı ilə müqayisədə generalın müraciətinin siyasi zəlzələ effekti verməsinin bir neçə səbəbi var. Birincisi, general İvaşov bu gün Rusiya cəmiyyətdə aparıcı mövqeyə malik olan, prezident Vladimir Putinin də daxil olduğu  hərbi-vətənpərvər dairələrinin təmsilçilərindən sayılır. İkincisi, "Ümumrusiya Zabitlər Məclisi"nin prezidentə və vətəndaşlara müraciətinin əsas müəllifinin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının yüksək vəzifəli rəsmiləri olduğu iddia edilir. Belə məlumatlar var ki, Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi ordu generalı Valeri Gerasimov müharibənin qəti əleyhinədir. Ancaq marşal Nikolay Oqarkovun 1978-ci ildə etdiyi kimi o, siyasi rəhbərliyin fikirlərinin əleyhinə açıq çıxış etmir. Görünür, burada marşal Nikolay Oqarkovun sonrakı taleyi mühüm rol oynayır.

Sovet İttifaqı 1978-ci ildə Əfqanistana ordu göndərmək niyyətinə düşəndə, o zaman Baş Qərargah rəisi Nikolay Oqarkov, onun birinci müavini ordu generalı Sergey Axromeyev və digər müavini ordu generalı Valentin Varennikov qəti şəkildə hərbi müdaxilənin əleyhinə çıxış edirlər. Hətta marşal Oqarkov və general Axromeyev yazılı şəkildə Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosuna müraciət edərək Əfqanıstana ordu göndərilməsinə qarşı olduqlarını bildirirlər.  Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Yuri Andropov isə sərt şəkildə Baş Qərargah rəisinin fikrinin Siyasi Büro üçün önəmsiz olduğunu bildirir və bundan sonra Oqarkovla Andropov sərt dialoq baş verir. Bu hadisə bir neçə il sonra - Yuri Andropov Kommunist Partiyasının Baş katibi seçiləndə marşal Oqarkov və general Axromeyev vəzifələrini itirməli olurlar. İddialara görə, məhz bu tarixi hadisə general Valeri Gerasimovun Ukrayna ilə müharibə əleyhinə açıq çıxış etməsinə mane olur. Buna görə də o, "Ümumrusiya Zabitlər Məclisi"nin vasitəsilə müharibənin əleyhinə çıxış edir.

General İvaşovun imzası ilə yayılan müraciətdə deyilir ki, Rusiyanın varlığı üçün ən böyük təhlükə demoqrafiya da daxil olmaqla, ölkənin bütün həyati əhəmiyyət kəsb edən sahələrinin durmadan deqradasiya uğraması və əhalinin azalma sürətinin dünya rekordu qırmasıdır. "Deqradasiya sistemli xarakter daşıyır. Belə vəziyyətdə isə heç bir ölkə uzun müddət mövcud ola bilməz". Ən sonda isə general İvaşov Putini Rusiyanın Qərbin birləşmiş qüvvələrinə qarşı tək qalacağı müharibəyə səbəb olan cinayətkar siyasətindən əl çəkməyə və istefa verməyə çağırır.

General İvaşovun siyasi zəlzələ effekti verən bəyanatının yaratdığı gərginlik səngiməmiş Rusiya Federal Təhlükəsizlik Xidmətinin istefada olan generalı Yevgeni Savostyanov "Ümumrusiya Zabitlər Məclisi"nin müraciətini dəstəkləyən açıqlama ilə çıxış edib. Feysbuk üzərindən yaydığı açıqlamada general Savostyanov yazır ki, Rusiya vətənpərvərləri hər tərəfə tüpürcək səpərək müharibə nağarasını döyənlər və hərbi təhlükə törədənlər deyillər. Vətənpərvərlər şəhərlərin dinc və firavan inkişafının qayğısına qalanlardır". Açıqlamasının sonunda isə FTX-nin generalı vicdanlı və məsuliyyətli insanları dövlət rəhbərliyinin imperiya həvəsinin əleyhinə çıxmaq üçün birləşməyə çağırıb.

Rusiya ordusunun general-polkovniki Leonid İvaşovun mövqeyini FTX-nin generalı Yevgeni Savostyanovun dəstəkləməsi hakimiyyətin yüksək dairələrində təşviş yaradıb. Çünki hərbi xidmətdə olmamış müdafiə naziri Sergey Şoyqunun ordunun yüksək rütbəli zabitləri arasında heç bir nüfuzunun olmadığı Rusiya hakimiyyətində hər kəsə məlumdur. Əgər ordunun yüksək rütbəli zabitlərinin hətta bir hissəsi siyasi rəhbərliyin Ukrayna ilə bağlı mövqeyini dəstəkləməsə, hərbi əməliyyatların uğuruna ümid etmək mümkün deyil. Bu elə bir vəziyyətdir ki, siyasi rəhbərlik bunu görməməzliyə vura bilməz.

Birinci Dünya müharibəsində generalların çar İkinci Nikolayı onlara rəhbərlik etməyə layiqli şəxs olmadığına görə hərbi əməliyyatları qəsdən pozduqları haqqında tarixi məlumatları nəzərə alanda "generalların qiyamı"nın Rusiya hakimiyyətini narahat etməsi təbii görünür.  

"Generalların qiyamı"nın ən maraqlı hissəsi general-polkovnik Leonid İvaşovun prezident Vladimir Putinin məsuliyyətə cəlb olunmasını da müzakirə etdiklərini, ancaq hələlik istefaya çağırmaqlakifayətləndiklərini bəyan etməsidir. Bu isə o deməkdir ki, Putinin məsuliyyətə cəlb olunması ilə bağlı tələb də gündəmə gətirilə bilər. Rusiyanın avtoritar hakimiyyətinin yuxusunu qaçıracaq məlumat isə ordunun daxilində bir zamanlar Portuqaliyada diktaturaya qarşı ordunun bir qrup zabiti tərəfindən yaradılmış "Kapitanların hərəkatı"na bənzər təşəbbüsün meydana çıxması ehtimalının artmasıdır. Məlum olduğu kimi Portuqaliyada diktaturanın devrilməsi ilə nəticələn "Qərənfil inqilabı"nı məhz "Kapitanların hərəkatı" təşkil etmişdi. Bütün bu tarixi gerçəkliklər fonunda "Generalların qiyamı" Rusiyada siyasi prosesləri tamamilə gözlənilməz istiqamətə yönəldə bilər.

Onu da qeyd edək ki, bu günlər Fitch və S&P reytinq agentlikləri Rusiya iqtisadiyyatının ciddi itkilərlə üzləşəcəyini proqnozlaşdırır. Bu isə sosial-iqtisadi vəziyyətin pisləşməsinə səbəb olacaq. General Yevgeni Savostyanovun dediyi kimi, Rusiyada hakimiyyətin əleyhinə çoxşaxəli ittifaq yaranmaqdadır və belə vəziyyətdə başlayacaq müharibə ildırımsürətli qələbə ilə yekunlaşmayacaq. Belə bir vəziyyətdə proseslər 1917-ci ildəki kimi cərəyan edə bilər. Bu isə general-polkovnik Leonid İvaşovun Rusiyanın parçalanacağı ilə bağlı narahatlığının gerçəkləşməsinə yol açmış olar.

 





12.02.2022    çap et  çap et