525.Az

"Tinder ovçusu" - Türkan Turan yazır


 

"Tinder ovçusu" -<b style="color:red"> Türkan Turan yazır</b>

Sujet xətti qüsursuz fırıldaqlıq, mükəmməl kələkbazlıq, ustaca hiyləgərlikdir. Dünyanın yarısı "Netflix"in çəkdiyi bu sənədli filmdən danışır. Ayın gündəminə bomba kimi düşən "Tinder ovçusu" ən çox müzakirə olunan mövzular siyahısındadır. Film şəxsi təyyarələri, yaxtaları, son model avtomobilləri olan Simon Levievin "lüks" həyatından, bahalı jestləri ilə qadınları özünə heyran edib onları soyan beynəlxalq dələduzdan bəhs edir. Onun qurbanlarını ağılsızlıqda ittiham edənlər əsas məqamı qaçırırlar: gecə saat 1-də "sənin üçün darıxıram" yazıldıqdan bir saat sonra şəxsi təyyarəsi ilə başqa ölkədən qadının yaşadığı ölkəyə gələrək ona sürpriz edən kişi əlbəttə, insanda nə ağıl qoyar, nə də məntiq!

Levievin qadınlara seçib söylədiyi cümlələri dinləyəndə "fövqəladə manipulyator" olduğu görünür. Müxtəlif pasportlara, adlara, soyadlara sahib olan bu adam "Tinder"də tanış olduğu qadınlardan on milyon dollardan artıq pul qoparıb. Əslində, yad mənzərə deyil. Bu kimi hallar ölkəmizdə də yaşanmaqdadır. Məsələn, filmi izləyərkən ağlıma üç-dörd il öncə vəzifədən azad edilən məmurlardan birinin qızını soğan kimi soyan oğlan gəldi. Üç-beş manatı tapanda papağını göyə atan həmin şəxs, qızla tanış olandan sonra pulu xəzəl kimi sağa-sola səpməyə başlamışdı. Üstəlik, bir sözü ilə ölkənin gündəmini dəyişən adamın qızının bütün günü belə birinə yalvarması əsl tragediya idi. Başqa bir məmurun orta yaşlı həyat yoldaşı ilə sevgili olan gənc tanışımın macərası da yadıma düşdü. Ona görə bu sənədli filmi heyrət içində izləmədim. Sadəcə, bəslədiyi duyğuların qadını necə müdafiəsiz, gücsüz, məntiqsiz vəziyyətə saldığına üzüldüm.

Qadınların şirin yuxusuna kabus kimi çökən Simon Levievi tanıyaq. Həqiqi adı Şimon Hayutdur. İnandırıcı olsun deyə, özünü Özbəkistan əsilli Buxari yəhudisi, "Brilyantların kralı" kimi tanınan Lev Levievin soyadını götürərək onun oğlu kimi təqdim eidr.

Qadınlar yeni tanış olduqları Simonun adını internetdə axtarışa verəndə iş adamı ilə fotoşop olduğunu bilmədikləri şəklini görür və düşünürlər ki, milyonçunun tək varisi "ağ atlı şahzadə" onların bəxtinə düşüb. Ona görə də, Simona tərəddüdsüz təslim olur, dost məclislərində "tanış olun, gələcək həyat yoldaşım" təqdimatları xanımları bihuş edir və əllərində nə var, nə yoxsa bir gözqırpımında onun önünə sərirlər.

İlk görüşdə özləri ilə bağlı ən xırda detallara qədər danışmaqlarını xahiş edir, qarşı tərəf isə maraqlı qadın təsiri bağışladığını düşünüb buna sevinirlər. Halbuki bu, qurbanı tanımaq üçün atılmış addım olur. İkinci görüşdə şəxsi təyyarəsi ilə onları xaricə səyahətə aparır. Bahalı restoranlarda bahalı yeməkləri yeyirlər, bahalı otellərdə kral dairələrində gecələyirlər. "Rolls Royc"dan düşüb, "Ferrari"yə minirlər. Proses bir ay bu axarda davam edir. Yəni qadını özünə aşiq edənə qədər... Sonra dələduzun ssenarisinin əsas mərhələsi başlayır. Dünənə qədər pula pul deməyən Simon birdən müşkül vəziyyətə düşür və gecənin bir aləmində şirkətinə basqın olduğunu, cangüdəni Piterin onun həyatını xilas etmək üçün yaralandığını söyləyir, bir iki qanlı foto, həyəcan dolu səs yazısı ilə planını bəzəyir. Ertəsi gün qadınlardan borc pul istəyir. Qadınlar 200-300 min dollarlıq borcun altına girirlər. Məsələn, Ciciliya adlı qadın başına gələnləri başa düşənə qədər 7-8 bankdan kredit götürməli olur.

Adı dələduzluğun hər növünə qarışan Simon adlı bu adam dünyanın bir çox ölkələrində axtarışdadır. Eyni zamanda bir o qədər də sərbəstdir. Qurbanlardan biri yaşadıqlarını Norveçdə bir qəzet vasitəsi ilə yayımladır. Jurnalistlərin köməyi ilə Simonla bağlı faktlar bir gün üzünə çıxarılır və onun həbsinə nail olurlar. On beş ay iş verilir. Lakin pandemiyaya görə 5 aydan sonra azadlığa çıxır. Hazırda İsraildə dəbdəbəli həyatına davam edir.

Ümumiyyətlə, sosial şəbəkədə paylaşılan görüntülərə aldanan çox insan var. Özü də dələduzların əsas mərkəzinin bu platformalar olduğu bilindiyi halda... Fırıldaqçı əlində olan-olmayan hər şeyi yığır həmin mərkəzə və özünü sərgiləməyə başlayır. Qadınlar da baxır və deyir ki, "axtardığım budur"! İndinin özündə belə bu torun içində olanlar var. "Restorana iki min manat hesab ödəyir. Evinə gedirik qaldığı yerin tövlədən fərqi yoxdur" deyir tanışım. Eldar Mahmudovun dönəmində ortada gəzən fırıldaqçılar özünü "MTN əməkdaşı" adı ilə sırıyırdı həmin qadınlara. İndi də MTN-də ixtisara düşən şəxslər kimi tanıdırlar, amma keşmişdən "güclü əlaqələrinin" hələ də qaldığını hər vəchlə qıza sübut etməyə çalışırlar. İşə bax ki, qızlar bu vəziyyətə tərəddüdsüz inanır, sorğulamırlar belə. Eynşteyn boş yerə demirdi, sorğulama qabiliyyətini itirmiş beyin kainat üçün böyük təhlükədir. Yeri gəlmişkən, son günlərdə "keçmiş MTN-çidir" sözünü yalnız qadın ortamlarında eşidirəm.

Peşəkar fırıldaqçı dünyanın hər yerində var. Qadın, ya kişi - fərq qoymadan mütəmadi ov axtarışındadırlar. Bunun səbəbləri çoxdur. Məsələn, bizim coğrafiyada qızların ailələri tərəfindən mühafizəkar şəraitdə yetişdirilməkləri, "Ağ atlı oğlan" nağılları ilə böyüdülmələri onların bu tora düşmələrini daha da asanlaşdırır. Ümidlərini zəngin, güclü, vəzifə, mal-mülk sahibi olan kişilər tərəfindən qurtarılmağa bağlayırlar. Orta yaşlı qadınların bu tələyə düşmə səbəbləri isə "gənc sevgili tapmışam, itirməyim", "bu, son şansımdır" düşüncəsidir.

Bu təhlükədən xilas yolu insanın özünə güvənməyindən keçir. Özünə güvənən insan üstü dolu, içi boş adamlara ehtiyac duymur. Sorğulama qabiliyyətini itirmir. Özünün fərqində olduğu üçün qarşısındakının mahiyyətini dərhal anlayır. Unutmayaq ki, sosial şəbəkə qumar masası kimidir, masaya qoyulanla, əldə edilən arasında həmişə uçurum olur. Şimonun Simon olması kimi...

 





12.02.2022    çap et  çap et