525.Az

Elmə bağlı ömür - Rafiq Əliyev yazır


 

Elmə bağlı ömür -<b style="color:red"> Rafiq Əliyev yazır</b>

Psixologiya tarixin bütün dönəmlərində insan haqqında ən mühüm elmlərdən biri kimi diqqəti cəlb edib. İnsan həyatı və fəaliyyətinin elə bir sahəsi yoxdur ki,  psixologiya elmi ora  nüfuz etməsin. Bu gün bütün dünyada insan münasibətlərinin səmərəliliyinə sözün əsl mənasında məhz psixoloji biliklərin tətbiqi ilə nail olunur. Lakin nəzərə almaq lazımdır ki, mühüm elm olan psixologiya başqa sahələrdən təcrid olunmuş şəkildə deyil, onlarla vəhdətdədir. Psixologiya bütün elmlərin məlumatlarını özündə birləşdirir və eyni zamanda onlara təsir etməklə insan haqqında elmlərin modelinə çevrilir. Bəlkə də elə buna görə psixologiya dünyada ən mürəkkəb elmlərdən sayılır. Peşəkar psixoloq olmaq həm də təcrübəli həkim, pedaqoq, sosioloq, tarixçi, filosof olmaq deməkdir. Bu baxımdan tibb elmləri doktoru, professor Nadir İsmayılov kimi alimlər istisnadır. Azərbaycan Psixiatriya Assosiasiyasının Prezidenti, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Psixiatriya Kafedrasının professoru, Əməkdar həkim, Beynəlxalq Psixiatriya Akademiyasının (ABŞ) şura üzvü və vitse prezidenti, ümumi və məhkəmə psixiatriyası üzrə beynəlxalq ekspert, psixiatriya, tibbi psixologiya və psixoterapiya üzrə bir neçə dərsliyin müəllifi Nadir İsmayılov kimi  yüksək talant sahibi olan şəxsiyyətlərin nailiyyətləri təkcə yaşayıb-yaratdığı ölkə üçün deyil, həm də bütün dünya elminə, tibbinə böyük töhfədir.

Nadir İsmayılov 1937-ci ildə Cəbrayıl rayonunda dünyaya göz açıb. O, 1968-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universitetinin) Müalicə profilaktika fakültəsini bitirib. 1973-cü ildə Bakıda Azərbaycan Dövlət Tibb İnstitutunda "Sayıqlama və affektiv sayıqlama sindromları ilə gedən şizofreniya xəstəliyində qan zərdabı zülallarının bəzi immunoloji xüsusiyyətləri" mövzusunda tibb elmləri üzrə namizədlik, 1983-cü ildə isə Moskva şəhərində professor Vladimir Petroviç Serbski adına Ümumi və Məhkəmə Psixiatriyası Elmi-Tədqiqat İnstitutunda "Şizofreniyanın mənşəyində və gedişində immunoloji amillər" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1984-1993-cü illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş psixiatrı olub. 1985-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi həkim-psixiatr, narkoloq və psixoterapevtlərin attestasiya komissiyasının sədridir. Professor N.İsmayılov 1993-cü ildən psixiatriya üzrə Beynəlxalq "Cenevrə təşəbbüsü" təşkilatının üzvü, 1996-cı ildən Azərbaycan Psixiatrlar Assosiasiyasının prezidentidir, 1999-cu ildən Ümumdünya Psixiatriya Assosiasiyasının üzvü, elə həmin ildən nəşr edilən "Azərbaycan psixiatriya jurnalı"nın baş redaktorudur.

Yorulmaq bilmədən çalışan alim N.İsmayılov 2000-ci ildə Avropa Psixiatriya Assosiasiyasının üzvü, 2001-ci ildə Amerika Birləşmiş Ştatları Beynəlxalq Psixoterapiya Akademiyasının həqiqi üzvü, Cənubi Asiya və Zaqafqaziya ölkələri üzrə vitse-prezidenti seçilib. Professor N.İsmayılov bir sıra xarici ölkə elmi-tibbi qurumlarının mükafatlarına layiq görülüb. 2001-ci ildə İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzinin və Amerika Birləşmiş Ştatları Bioqrafiya İnstitutunun "XX əsrin tanınmış alimi" medalına və qızıl heykəl mükafatına layiq görülməsi xüsusən yaddaqalan hadisədir. Sevindiricidir ki, bu sahədə belə yüksək səviyyəyə nail olmuş ilk azərbaycanlıdır. Professor N.İsmayılov 2002-ci ildə Yaponiyada keçirilmiş XII Ümumdünya Psixiatriya Konqresinin hazırlıq komitəsinin üzvü seçilib, 2003-cü ildə isə ona ümumi və 2 məhkəmə psixiatriyası üzrə Beynəlxalq ekspert rütbəsi (dərəcəsi) verilib.

N.İsmayılov Bakı şəhəri ruhi-əsəb xəstəlikləri dispanserinin və psixosomatika şöbəsinin, Mərkəzi hərbi hospitalın, habelə Respublikası Daxili işlər Nazirliyinin daxili qoşunlar hospitalının məsləhətçisidir. Nüfuzlu alim psixiatriya və psixoterapiya sahəsində bir sıra orijinal metodlar təklif edərək, bu yenilikləri ixtira kimi  patentləşdirib. N.İsmayılov dünyanın bir çox ölkələrində keçirilən konfrans və konqreslərdə iştirak edərək, maraqlı elmi məruzələrlə çıxış edib. O, on iki nəfərin tibb və psixologiya üzrə fəlsəfə doktoru dissertasiyalarının elmi rəhbəri olub. Professor N.İsmayılov bu sahədə çap olunmuş 180 elmi işin, 6 kitabın müəllifidir.

Nadir müəllim elmi fəaliyyətinin böyük bir hissəsini bir çox psixi xəstəliklərin müalicəsinə həsr edib. Onlardan biri əhali arasında tez-tez rast gəlinən, sağlam insanların, demək olar ki, 15 faizində müşahidə olunan depressiya  xəstəliyidir. Professorun bu xəstəliyin müalicəsində tətbiq etdiyi tamamilə yeni bir üsul nəinki Azərbaycanda, hətta bir çox Avropa ölkələrində elm adamları tərəfindən böyük maraqla qarşılanıb. Bu zaman əsas müalicədən əvvəl qanı toksik amillərdən təmizlənir - yəni olazmaforez adlanan üsuldan istifadə olunur. Qan 3-cü dəfə təmizləndikdən sonra orqanizmin ümmunitetini qaldırmaq üçün autohemoterapiya tətbiq olunur və paralel olaraq antidepresantlardan və vitaminlərdən istifadə edilir. Göstərilən bu üsulu tətbiq etməklə xəstələrin 98 faizində ciddi yaxşılaşma və tam sağalma müşahidə edilmişdir. Maraqlıdır ki, Almaniyada və o cümlədən, digər Avropa ölkələrində depressiyaların klassik üsulla, yəni andidepressantlar tətbiq etməklə müalicəsi zamanı, təəccüblü olsa da, yalnız 50 faizi müsbət nəticə verir.

Kəşf etdiyi yeni müalicə üsulunun həm yerli, həm də əcnəbi həmkarları tərəfindən böyük maraqla qarşılandığını görən Nadir müəllim 450 xəstə üzərində aldığı nəticələri elmi məqalə şəklində yazıb Moskva jurnallarının birində çap etdirmək qərarına gəlib. Onun bəzi həmkarları Rusiyada digər MDB ölkələrindən gələn bu cür yeniliyə ənənəvi olaraq tənqidi yanaşıldığını deyərək məqalənin Moskvada çapını mümkünsüz hesab edirlər. Lakin professor böyük ümid və inadkarlıqla məqaləni Moskvanın yüksək səviyyəli jurnallarından birinə göndərib. İki ay keçməmiş həmin yazı Moskvada nəşr olunan "Psixiatriya i psixofarmakoterapiya imeni.Qannişkina" jurnalında dərc olunur. Məqalə çap edildikdən iki ay sonra Avropanın müxtəlif ölkələrindən (İngiltərə, Macarıstan, Çexiya) ona təkliflər gəlir. Məqalənin orijinalı rus dilində olsa da, İngiltərənin "Psixatriya, psixologiya" jurnalı onu ingilis dilinə tərcümə edərək çap edir. Məqalədə ən çox maraq doğuran effektiv müalicə üsullarının cəmi 50 faiz hallarda müsbət nəticə verdiyi halda Nadir müəllimin kəşf etdiyi elmi ixtira ilə 98 faiz uğura nail olunması idi. Səkkiz səhifəlik məqalə 2021-ci ildə "Psichology and psixiatry" jurnalının 5-ci sayında dərc olunur. Bu hadisədən sonra professor Moskva və İngiltərədən məqaləni çap edən jurnalların redaktorlarından yeni təkliflər almağa başlayır. Onların müraciətlərinə cavab olaraq Nadir müəllim  bu dəfə üç həkim həmkarı ilə birgə şizofreniyanın müalicəsinə aid məqalə tərtib edib həm İngiltərəyə, həm də Moskvaya göndərir. Çox keçmir ki, həmin məqalələr Moskvada və İngiltərə dərgilərində nəşr olunur. İndi həmin jurnallar N.Ismayılovdan yeni məqalələr göndərməsini istəyirlər. Hazırda professor "Psixi xəstəliklərin diaqnostikasında obyektiv müayinə üsullarından istifadə haqqında" məqalə üzərində işləyir.

Yeniyetmə çağlarında yarımçıq qalmış arzusunu gec də olsa - 70 yaşında həyata keçirir. Özünə tut ağacında düzəldilən sədəfli tar alır, müəllim tutub, tar çalmağı öyrənir. Dostlarının atmaca zarafatlarına baxmayaraq arzusuna çatır, yeri gələndə dostları üçün "Segah", "Şur" muğamlarını, sevimli xalq mahnılarını ifa edir. Gənclik dönəmində yazıb saxladığı şeir dəftərinə könlünü riqqətə gətirən yeni şeirlər əlavə edir. Nadir müəllim kimi təcrübəli, savadlı mütəxəssisə, təvazökar insana, elmə, bəşəriyyətə, gəncliyə töhfə verən alimə həyatda nadir hallarda rast gəlirik. O, bütün ömrünü öz sevimli peşəsinə həsr edib.  Professor Nadir İsmayılov psixoterapiya ilə məşğul olan nadir mütəxəssislərdəndir.

Professor Nadir İsmayılov psixiatriya və psixoterapiya sahəsində beynəlxalq patent alan ilk soydaşlarımızdandır.  N.İsmayılovun tətbiq etdiyi hipnoz-psixoterapiya neçə - neçə adamların əhval-ruhiyyə düşkünlüyündən, iztirablardan, sinir sisteminin funksional xəstəliklərindən xilas olmalarına səbəb olmuşdur. Tək Azərbaycanda deyil, dünyada tanınan, Ümumdünya və Avropa Psixiatriya assosiasiyalarının, ABŞ Psixoterapiya Akademiyasının üzvü olan professor Nadir İsmayılov belə tanınan bilim adamlarındandır. Passiv həyat yaşamaq, sakit həyat sürmək onun yaxın buraxmadığı cəhətlərdəndir. O, elimizin sevinci ilə yaşayır, dərdlərini sovmaq üçün əlindən gələni edir. Yadımdadır, keçən əsrin doxsanıncı illərində Azərbaycan xalqı stress içində olarkən, xəstələrin sayının çoxluğundan o, geniş auditoriyalarda (sayı 500-1000 nəfər) xəstələrə müalicəni hipnoz seansları keçirir, bir çoxlarını isə fərdi müalicə edirdi. Həm də bunları tək Bakıda deyil, ölkənin digər regionlarında da (Naxçıvan, Goranboy, Naftalanda) tətbiq edirdi.

85 yaşı bu il tamam olacaq professorun 1941-1945-ci və ondan sonrakı ağır illərdə müharibə dönəminə təsadüf edən uşaqlığı, yeniyetmə dövrü çox çətin, keçməkeşli olub. Bütün qarabağlılar kimi musiqiyə, şeirə meyilli olan gənc Nadirin arzusu tar çalmağı öyrənmək idi. Lakin orta məktəb şagirdinin müəllim tutmaq imkanı olmamışdı. Hər bir pasiyentinə xüsusi diqqət və qayğı ilə yanaşan professor hazırkı mövcud mürəkkəb sosial-iqtisadi dönəmdə hər kəsi özünə və doğmalarına qarşı xüsusilə diqqətlə yanaşmağı məsləhət görür: "Gərginlik iki mənbədən qaynaqlanır. Birincisi, genetik, irsi amillərdir. İkincisi, sosial-iqtisadi faktorlardır. Əgər cəmiyyətdə iqtisadi çətinlik, sosial problemlər artırsa, bu, ilk növbədə əsəb sisteminə təsir edir. Daha sonra ürək və digər orqanlara təsirləri görünməyə başlayır. Yəni onların emosiyasına, düşüncəsinə, təfəkkürünə, hətta yaddaşına təsir edir. Ona görə də baxır hansı xəstəlikdən şübhələr var, hansı xəstəliyin üzərində dayanmaq lazımdır. Əgər nevrozlar və depressiyaların adını çəksək, onda deməliyik ki, sosial-iqtisadi amillər bu xəstələrə güclü təsir göstərir. Ancaq şizofreniya, epilepsiya kimi güclü baş-beyin xəstəliklərinin yaranmasında sosial-iqtisadi faktorlar rol oynamır, hətta yox dərəcəsindədir. Biz ümumilikdə desək, bir çox nevrotik xəstəliklərin, intiharların sayı artıb".

Professor Nadir İsmayılov nəinki təcrübəli psixoloq, psixiatr kimi, dünya görmüş təcrübəli insan kimi gənclərə öz mənəvi istirahətlərinə xüsusi vaxt ayırmağı, ruhi tələbatlarını yetərincə ödəmələrini məsləhət görür. O, həyatda uğur qazanmağın əsas sirrini məqsədin olmasında görür. Belə ki, o, konkret məqsədi olan, nəyisə ürəkdən istəyən və ona can atan insanın gec-tez bu arzusunu reallaşdıracağından əmindir. Nadir müəllim bütün gənclərə öz ürəklərinin səsini dinləməyi, arzularının arxasınca getməyi məsləhət görür: "Yollar uzun, keşməkeşli, bəzən bezdirici olsa belə, arzularınızın arxasınca gedin, inancınızı itirməyin, sizdə də mütləq alınacaq!"

 





13.02.2022    çap et  çap et