İsrailin baş naziri Naftali Bennet bəyan edib ki, başçılıq etdiyi hökumət İrana qarşı siyasətini dəyişərək "davamlı müdafiə anlayışından davamlı hücum konsepsiyasına keçir". İsrail hökumətinin başçısının bu açıqlaması İsrailin İrana qarşı yeni siyasət yürüdəcəyinin xəbərçisidir. Bu siyasətin dəyişməsi əslində, təsadüfi deyil. Vyanada Tehranın nüvə proqramı ilə bağlı Fransa, Böyük Britaniya, Almaniya, Rusiya və Çinin iştirakı ilə İran arasında aparılan danışıqlarda heç bir irəliləyiş yoxdur. İsrail inanır ki, ABŞ-ın dolayısı qaydada iştirak etdiyi danışıqlardan İran vaxt qazanmaq üçün istifadə edir. İsrailin bu qənaəti əbəs deyil. İran faktiki olaraq mövqeyindən geri çəkilmir və sadəcə nəticəsiz uzun danışıqlar aparmaqla vaxt qazanır. Üstəlik, Çin və Rusiyann dəstəklədiyi İran mövqelərini sərtləşdirib. Bu danışıqların sonunda hər hansısa bir anlaşma əldə edilsə belə, bunun İranın xeyrinə olacağı ehtimalı çox yüksəkdir.
Buna görə də İsrail hökumətinin başçısı Vyanada Tehranın nüvə danışıqları ilə bağlı "həddən artıq narahatlığını" ifadə edib. Baş nazir deyib ki, İsrail sazişin tərəfi deyil və buna görə hansısa razılıq əldə olunsa belə, razılaşmaya əməl etmək niyyətindən uzaqdır. Hökumət başçısı bildirib ki, ölkəsi məhdudiyyətsiz hərəkət etməkdə azaddır və onun hərəkətləri heç kim tərəfindən məhdudlaşdırıla bilməz.
İsrailin bu mövqeyi səbəbsiz deyil. İran Rusiya ilə Qərb arasında yaranmış gərginlikdən istifadə edərək Vyana danışıqlarında mövqeyini sərtləşdirib. Son zamanlar Çin və Rusiya ilə daha da yaxınlaşan İran nüvə proqramını həyata keçirmək üçün bu dövlətləri öz tərəfinə çəkməyə çalışır. İran prezidentinin Moskvaya səfəri zamanı Tehranın bu niyyəti çox aydın hiss olundu. Qərbə qarşı birgə mübarizə təklif edən İran prezidenti əslində, Rusiyanın himayəsini qazanmağa çalışırdı.
İsrail İranın bu addımlarını diqqətlə izləyir və Tehranın nüvə proqramının son mərhələdə olduğunu da bilir. İsrail hökuməti dərk edir ki, yaxın bir neçə həftədə İranın nüvə proqramı dayandırılmasa, Tehran nüvə silahına sahib olacaq. Bu isə Yaxın Şərqdə bütün oyun qaydalarını dəyişəcək. Türkiyə və Misirlə bərabər Yaxın Şərqin üç böyük dövlətindən biri olan İran nüvə silahı əldə etdikdən sonra regionun əsas gücünə çevriləcək. İsrail isə buna imkan vermək istəmir və ona görə də, "davamlı müdafiə anlayışından davamlı hücum konsepsiyasına keçir".
İsrailin baş naziri Naftali Bennet iki gün öncə ABŞ prezidenti Co Baydenlə İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlara Vaşinqtonun qatılmamasını xahiş edib. İsrail İranın nüvə proqramının ancaq güc yolu ilə dayandırıla biləcəyini düşünür. İsrailin İrana yönəlik siyasətində baş verən bu dəyişiklik isə bütün bölgədə öz təsirini göstərəcək.
çap et