525.Az

Tələbə kreditləri təhsildə əlçatanlığı təmin edir


 

Tələbə kreditləri təhsildə əlçatanlığı təmin edir<b style="color:red"></b>

Fevralın 16-dan etibarən 2021-2022-ci tədris ilinin yaz semestri üçün təhsil tələbə kreditinə müraciətlərin qəbuluna başlanılıb. 2021-2022-ci tədris ilində ödənişli təhsil alan 1-ci kurs tələbələrdən 40 719 nəfərin təhsil krediti almaq hüququ var. Təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmini, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir.

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayevin sözlərinə görə, təhsil krediti almaq hüququna malik tələbələrdən 21 364-ü bakalavr, 6 522 nəfəri magistr, 12 833 nəfəri isə subbakalavrdır. Ümumilikdə təhsil haqqını ödəyən tələbələrin sayı 126 173 nəfərdir. Onların 28 674-ü akademik borcu olanlardır. Bu da həmin tələbələrin 20-30 faizini təşkil edir. 41 291-nin ümumi orta müvəffəqiyyət göstəricisi 71 baldan aşağıdır. Bu da 30-40 faiz təşkil edir.

Sədr deyir ki, Azərbaycanda 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 972 nəfəri ali, orta ixtisas və orta təhsilə malikdir: "Əhalinin hər 10000 nəfərinə düşən tələbələrin sayı 200 nəfərdir. Bu rəqəm orta ixtisas təhsili müəssisələrində 63 nəfərdir. Bütün əyani təhsil alan tələbələrin 59,5 faiz ödənişli təhsil alan tələbələrdir, o cümlədən, bakalavriat səviyyəsi üzrə 58,5 faiz, magistratura səviyyəsi üzrə 62.8 faiz və subbakalavriat səviyyəsi üzrə 61 faiz ödənişli təhsil alır".

Araz Paşayevin sözlərinə görə, indiyə olan məlumata əsasən, təhsil tələbə krediti üçün 5000 müraciət daxil olub. Həmin müraciətlərdən 1945-nə müsbət rəy verilib. 1200 müraciət emal olunub və onların rəsmiləşdirilməsi yaxın iki həftədə baş tutacaq: "Təxminən, 400-ə yaxın müraciət texniki baxımdan tamamlanmayıb".

Sədr vurğulayıb ki, indiki qaydalarla sırf əyani tədris alan tələbələrə təhsil kreditləri verilir. Bəzi tələbələr müraciət zamanı qoyulan tələblərlə yaxından tanış olmayıblar: "Misal olaraq, qiyabi təhsil alan tələbələr də kredit almaq üçün müraciət ediblər. Həmin tələbələrə sistem avtomatik imtina cavabı göndərilib".

İdarə Heyətinin sədri əlavə edib ki, göstəricisi 71 baldan aşağı olan tələbələr təhsil krediti ala bilmələri üçün səy göstərirlər: "Yəni araşdırmalarımızla müəyyən etmişik ki, həmin tələbələrin bir qismi I semestr üzrə göstəricilərini 71 bala çatdırıblar. Təhsil səviyyəsi üzrə təhsil tələbə krediti almaq hüququnu müəyyən edən tələbə qəbulu imtahanında toplanan ümumi balın minimal həddi dəyişdirilə bilər. Hazırda bununla bağlı müzakirələr və məsləhətləşmələr aparılır: "Bu, gələcəkdə müzakirə oluna biləcək mövzulardan biridir. Çünki kredit təhsil alan tələbələri deyil, eyni zamanda abituriyentləri də əhatə edir".

Qeyd edək ki, hazırda bakalavr səviyyəsi üzrə ödənişli təhsil alan tələbələr üçün həmin hədd 300-700, magistr səviyyəsi üzrə 50-100, subbakalvr səviyyəsi üzrə isə 110-300 bal aralığı müəyyən edilib.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov deyir ki, təhsil krediti maddi imkansızlıq ucbatından təhsil haqqını ödəyə bilməyib təhsildən kənarda qalan yüzlərlə tələbəyə böyük dəstək olacaq: "Təhsil krediti əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin edəcək. Qeyd edim ki, belə fondlar Almaniyada, Fransada, Böyük Britaniyada, Şərqi Avropa ölkələrində geniş fəaliyyətdədir. Bir çox hallarda belə fondlar müxtəlif istiqamətlər üzrə fəaliyyətləri stimullaşdırırlar. Kreditlərin mənbəyi kimi adətən dövlət resursları çıxış edir, amma dövlətin stimullaşdırdığı özəl fondlar, banklar da bu prosesdə iştirak edə bilir. Hesab edirəm ki, gələcəkdə müxtəlif mənbələr hesabına Təhsil Tələbə Krediti Fondunun da maliyyəsi artırıla bilər".

S. Məmmədovun sözlərinə görə, şərtlərə əsasən, hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ da veriləcək. Bu isə olduqca vacib bir məqamdır: "Kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə veriləcək. Tələbə təhsili bitirəndən təxminən 20 il ərzində kreditini hissə-hissə ödəyəcək. Bu və ya digər səbəbdən ödəyə bilmədiyi, hərbidə olduğu, işləmədiyi və digər hallarda kiçik müddətli möhlət hüququ da veriləcək".

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, Təhsil Tələbə Krediti Fondu tərəfindən veriləcək kredit gənclərin təhsilə əlçatanlığını təmin edəcək: "Təhsil Tələbə Krediti Fondu təhsil almaq istəyən, bunun üçün maddi imkanları zəif olan gənclərin təhsilinə dəstək missiyasını həyata keçirir. Bu fond maddi imkanı aşağı olan insanların təhsil arzusunun gerçəkləşdirilməsi məqsədilə yaradılıb: "Təhsil Tələbə Krediti Fondu sosial baxımdan həssas ailələrin övladlarının təhsilinə dəstək olacaq. Güzəştli şərtlərlə təhsil kreditlərinin verilməsi onların ali təhsil alaraq savadlı insan kimi yetişməsinə, gələcəkdə özünün və ailəsinin maddi durumunun yaxşılaşdırılmasına imkan yaradacaq".

S.QARAYEVA

 





13.02.2022    çap et  çap et