525.Az

Televiziya və televiziyaçı həyatı - Maya İmran yazır


 

GÜNƏŞİ GÖRMƏDƏN MAVİ EKRANLA İSİNƏN TELEVİZİYAÇI, 66 YAŞIN MÜBARƏK!

Televiziya və televiziyaçı həyatı -<b style="color:red"> Maya İmran yazır</b>

Hansısa dünyəvi hadisədən, olaydan, yeni verilmiş qərardan, vətəndaşı narahat edən məsələdən, həll olunmalı sosial problemdən danışmayacağam. Bu dəfə həmişə bunlardan danışan, cəmiyətin düşünən beyni, görən gözü olan, qaranlığa işıq salan, bayramsız-seyransız, günü gecə-gündüzə ayırmadan, “işdən sonra” da işləyən, qaçaraq yaşayan, naharını axşama saxlayan, axşamını ixtisar edən, hörməti puldan, peşə sevgisini vəzifədən, vicdanı hər şeydən önəmli sayan jurnalistdən danışacağam. 

Ən kəsərli sözün, ən təsirli cümlənin, ən yerində deyilmiş bir fikrin, ictimailəşmiş problemin, həllini tapmış məsələnin arxasında hansısa bir jurnalistin də ola biləcəyi heç düşünüldümü?! Heç ürəyinizdən tikan çıxaran bir sözü üçün özü eşitməsə də, ekranın bu birisi başında da olsa, “ay sağ ol” deyib alqışladınızmı onu?! Heç olmasa, qınadığınız müğənni qədər keçmədimi könlünüzdən?! Siz işdən sonra, evinizdə - divanda rahat oturub televizora baxdığınız saatlarda onların ən gərgin iş saatları olur, bilirsinizmi?! Sakit, təmkinli, ciddi və ya əyləncə dolu hər bir ekran işinin arxasında qaçan jurnalistləri, rejissoru, montajçını, operatorları, işıqçını, qrim ustasını görə bilirsinizmi?! Bəlkə də HEÇ yox.. 

Görməsəniz belə, bu haqda heç kim, heç onların özləri də deməyib sizə. Amma o dördbucaq  qutudan görünən qədər rahat, gözəl, işıqlı, hamar deyil televiziya həyatı - televiziyaçı həyatı. Onlarda da məhdud əmək haqqına sığışdırılan sosial problemlər, ailə məsələləri, ev-uşaq, məişət sıxıntıları, işdən sonra həllini gözləyən neçə-neçə şəxsi problemlər var ki, jurnalistlərin olmayan “işdən sonrası”nı gözləyir illərdir..  Əvəzində müsahibəyə razı müsahib, bir günlük əziyyətin sonunda “yaxşı material idi” iltifatı, işdən zəng gəlmədən ötüşən istirahət günü, evdə keçən bayram axşamı, qüsursuz efir, yaddaqalan cümləsi qazancdır jurnalistə. 

Həkimin, polisin səngər qazıb, döyüşdüyü KORONAVİRUS müharibəsində gizli əsgər idi jurnalist! Onları göstərən, özü görünməz olan! Amma bu bəladan qaçmaq şansı olmayan! Bu döyüşdə özü də yaralanıb, insanların sağlamlığı uğrunda həlak olan həkim kimi, jurnalist də yaralandı, ya sağaldı, ya da o da həlak oldu.. İnsanların təhlükə barədə ən son məlumatları zamanında ala bilməsi, qorunması, sağ qala bilməsi uğrunda hər il dünyada 50-200 arası jurnalist fəaliyyəti dövründə həyatını itirir. 1991-ci ildən bu günə qədər dünyada 2970 nəfərdən artıq jurnalist fəaliyyət başında həyatını itirib. 10 minlərlə jurnalist təhdidə, xəsarətalmaya məruz qalıb. 2020-2021-ci illərdə təqribən 400 nəfərdən artıq jurnalistimiz COVİD-ə yoluxub, onlardan 16 nəfər həyatını itirib. Bəlkə də, ölümünə qədər onların adlarını ya bir dəfə eşitmiş, ya da heç tanımamışsınız. Amma onlar ölənə qədər “tamaşaçı üçün” xidmət etmişdilər. Tamaşaçı üçün ilhamlanmış, onlar üçün həvəslənmiş, onlardan gözləmiş, onlar üçün gözləmişdilər. “Yoluxsa, elə birinci koronavirus xəstəsindən müsahibə alan yoluxar” dediyiniz bütün jurnalistlər, ən təhlükəli koronavirus xəstələrinin düz yanından reportaj hazırladıqdan sonra, həyəcanla, “görən mən də yoluxdum?” şübhəsi ilə günlərini gərginlik içərisində yaşayan, özündən keçib, evdəkiləri üçün narahat olan insanlardır! Amma bunu qətiyyən ekrana yansıtmayan fədakarlardır!

Əsrin ən çətin günlərində qələm və mikrafonla silahlanmış əsgər kimi xalqın xidmətində dayandı O! Onlar- jurnalist və operator ikiliyi! Bir gündə modul tipli xəstəxanadan skafandrla zirehlənmiş jurnalisti sabah ən qızğın döyüşlər gedən cəbhələrdə, kaska geyinib tarazlanmış gördük! Ən ağır reanimasiya otaqlarında, ən təhlükəli dağıntıların, ən faciəvi hadisələrinin kəndarında gördük onları! Yoruldular bəlkə də, amma hiss etmədiniz! Gözünün yaşını silib qarşınıza çıxdığı anlar da oldu! Amma bilmədiniz! Sizə ekran vasitəsilə təqdim etdiklərini o gözü ilə görürdü, yaşayırdı! Və sizə təhlükəni çatdıran ONLAR - jurnalist və operatorlar özləri o təhlükənin içində idilər! 

Koronavirusla mübarizədə, pandemiya şəraitində polis və həkimin xidmətini ictimaiyyətin diqqət mərkəzinə gətirən, bu səssiz döyüşçüləri xalqa daha çox sevdirən, rəğbətini birə-beş artıran jurnalistlərin öz əməyi “sağ ol”a möhtac idi bir kənarda. Onların “odda yanmaz, suda batmazlığını” kim deyib ki?! Onların heç zaman xəstələnməyəcəyini, hətta ölməzliyini kim söyləyib?! Sadəcə, informasiya çatdıran subyektdirmi jurnalist?! Onun enerjisi hansı tükənməz mənbədən qaynaqlanır?! O, işçidir. Sadəcə, peşəsi jurnalist olan bir insandır. Yorula bilən, kədərlənən, gülmək istəyən, bəzən hər şeydən qaçıb dinclik istəyən, səhər işinə axşam evinə tələsən siravi insandır o. Maaş gününü gözləyən, parıltısız, bər-bəzəksiz yaşayan adi olan qeyri-adi insandır jurnalist. 

Hər kəsin görüb, az adam tanıdığını, çoxunun da yanlış tanıdığı televiziya 66 ildir gördüyünü sizə də göstərir. Hətta bəzən sizin görmədiklərinizi də. Yorulmadan, usanmadan, zaman-məkan fərqinə varmadan. Bu gün günlərini, illərini televiziyaya bağlayan, günəşi görməyib ekranla isinən, hər şeyə obyektivdən baxan, kiçik uğura sevinən, illərin yorğunluğunu bir izləyici diqqəti ilə unudan TELEVİZİYAÇI, 66 YAŞIN MÜBARƏK!
 

 





14.02.2022    çap et  çap et