Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında insan kapitalı və səmərəli sosial müdafiə sistemi: Uğurlar və perspektivlər" layihəsi çərçivəsində növbəti tədbir Quba şəhərində keçirilib.
İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Abidov tədbirin hamı üçün çox böyük əhəmiyyət kəsb edən bir mövzunu əhatə etdiyini bildirib: "Əlbəttə ki, ölkəmizin inkişafına xidmət edən bütün proqram və layihələr hər birimiz üçün önəmlidir. Son dövrlərdə ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaradıb. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində Quba rayonunda da çox mühüm işlər görülüb və görülməkdə də davam edir. Son iki il ərzində rayonumuzda sosial-iqtisadi, ictimai-siyasi sahədə böyük irəliləyişlərə nail olunmuşdur. 160 minə yaxın əhalisi olan Quba rayonunda təhsilin, mədəniyyətin, səhiyyənin inkişafını təmin etmək, insanların rifah halının yüksəldilməsi, gənclərin məşğulluğunun təmin olunması, turizmin inkişafı, kənd təsərrüfatının bütün sahələrinin genişləndirilməsi və digər sahələr diqqət mərkəzində saxlanılıb. Bura yeni məktəblərin tikintisi, bir sıra kəndlərdə tibb məntəqələrinin yeni binalarla təmin olunması, uşaq bağçalarının yenidən qurulması, rayonun əksər idarə və müəssisələrinin yeni inzibati binalarla təchiz olunması, həmçinin böyük bir layihə olan su kanalizasiya sisteminin yenidən qurulması, eyni zamanda tikintisi hələ nəzərdə tutulan bir çox obyektlər də daxildir".
BMAM sədri, layihənin rəhbəri Rufiz Qonaqov bildirib ki, Layihə Bakı şəhərində Yasamal və Binəqədi rayonlarını, Sumqayıt, Gəncə və Quba regionlarını əhatə edir. Artıq Yasamal və Binəqədi rayonlarında, eləcə də Sumqayıt şəhərində ictimai müzakirələrimiz başa çatıb. Onun sözlərinə görə, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası regionların tarazlı inkişafını təmin edir: "Prezident İlham Əliyevin 2011-ci il noyabrın 29-da "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı verdiyi sərəncam görülən işlərin sürətlənməsinə və səmərəliliyinin artmasına zəmin yaratdı. Konsepsiyanın əhatə etdiyi bütün sahələr məhz bu yüksəlişə hesablanıb. Bu konsepsiya Azərbaycan dövlətinin yeni böyük uğurlarının başlanğıcıdır. Bütün sahələrlə yanaşı, insan kapitalının inkişafı, səmərəli sosial müdafiə sisteminin qurulması bu konsepsiyada xüsusi əhəmiyyət daşıyır. Ölkə əhalisinin iş yerləri ilə təmin olunması üçün kompleks tədbirlər planı həyata keçirilir. Hazırda 60-a yaxın dövlət proqramı, strategiya və konsepsiya fəaliyyətdədir ki, bunlar da ölkəmizin ictimai həyatının bütün sahələrinin inkişaf etdirilməsində mühüm əhəmiyyətə malikdir. Belə ki, son illər ərzində Azərbaycanda işsizliyin və yoxsulluğun azaldılması istiqamətində əsaslı nailiyyətlər əldə edilib. 2004-2008 və 2009-2013-cü illəri əhatə edən Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramının qəbulunun müvəffəqiyyətlə icra edilməsi nəticəsində 40 mindən artıq yeni müəssisə yaradılıb. 2003-cü ildən bu günədək Azərbaycanda 1 milyon 200 min iş yeri açılıb ki, onların 800 mindən çoxu daimi iş yeridir. Əgər 2003-cü ildə ölkəmizdə işsizliyin səviyyəsi 49 faiz təşkil edirdisə, 2013-cü ildə bu rəqəm 5.2 faiz səviyyəsinədək düşüb".
Quba rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Aynur Yəhyayeva İnkişaf Konsepsiyası çərçivəsində Quba rayonunda görülən işlərdən və qarşıda həyata keçiriləcək fəaliyyətlərdən söz açıb. Şöbə müdirinin sözlərinə görə, Quba rayonunda son illər görülən abadlıq-quruculuq işləri ilə yanaşı rayon əhalisinin rifah halının yaxşılaşdırılmasında da irəliləyişlər qeydə alınıb: "Yerli QHT-lərin fəaliyyətinin müsbət istiqamətdə aktivləşməsi və dövlətin göstərdiyi diqqət rayonun ictimai-siyasi palitrasında vətəndaş cəmiyyəti quruculuğunun möhkəmlənməsinə geniş perspektivlər açır".
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli bildirib ki, konsepsiya kompleks şəkildə bütün istiqamət və sahələri əhatə edir: "Konsepsiyanın əsas müddəalarından biri də müasir təhsil sisteminin formalaşdırılması, gender bərabərliyinin təmin olunması və ailənin inkişaf etdirilməsi, gənclərin potensialının və idmanın inkişafı, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, ətraf mühitin qorunması və ekologiya məsələləridir. Vətəndaş cəmiyyəti ildən-ilə inkişaf edir. QHT-lərin, mətbuat vasitələrinin təkcə sayı deyil, keyfiyyəti də müsbət mənada sürətlə dəyişir. İdmana olan diqqət və qayğı, gənclərlə bağlı həyata keçirilən layihələr bütünlükdə cəmiyyətimizin inkişafına stimul verir. Bu da onu göstərir ki, yaxın gələcəkdə biz indiki inkişaf rəqəmlərinin daha da yüksələcəyini görəcəyik".
Tədbirin sonunda şəhər ictimaiyyətinin nümayəndələri, QHT rəhbərləri, media nümayəndələri və başqaları çıxış etdilər.
AQİL
çap et