Gəncə şəhər icra hakimiyyətinin təşəbbüsü ilə Milli Elmlər Akademiyasının (AMEA) Gəncə bölməsində Mirzə Şəfi Vazehin həyat və yaradıcılığını əks etdirən veb-sayt hazırlanıb.
Bu yaxınlarda istifadəyə veriləcək "3w.mirzashafi.az" saytı 7 bölmədən ibarət olacaq. Burada Mirzə Şəfi Vazehin həyat və yaradıcılığı, onun hikmətli sözləri, xələfləri və sələfləri haqqında ətraflı məlumat veriləcək. Eyni zamanda, sayta daxil olmaqla şairin ana yurdu olan Gəncə, həmçinin onun yaratdığı "Divani hikmət" məclisi haqqında məlumat əldə etmək mümkün olacaq.
Saytın ana səhifəsində dahilərin gəncəli müdrik haqqında dediyi sözlər, biblioqrafiya bölməsində isə Vazeh haqqında yazılan kitab və biblioqrafiyalar barədə məlumat yer alacaq. Musiqi bölməsində isə dahi şairin şeirlərinə bəstələnmiş musiqilərin notları yerləşdiriləcək.
AMEA-nın Gəncə Bölməsinin akademik katibinin müavini Samir Pişnamazzadənin verdiyi məlumata görə, sayta Mirzə Şəfinin əlyazmaları da yerləşdiriləcək: "Bunun nəticəsində alimlər, dissertantlar, eləcə də tələbələr oradan istədikləri materialı asanlıqla əldə edə biləcəklər. Veb-sayt Azərbaycan dili ilə yanaşı, ingilis, fransız və alman dillərində fəaliyyət göstərəcək".
S.ABDULLAYEVA
çap et