525.Az

Dayandur Sevgin "Xoş gəldin, 55 yaşım" kitabını təqdim edib


 

Dayandur Sevgin "Xoş gəldin, 55 yaşım" kitabını təqdim edib<b style="color:red"></b>

Ötən gün Yazıçılar Birliyində şair Dayandur Sevginin 55 illiyinə həsr olunmuş tədbir "Xoş gəldin 55 yaşım" kitabının imza günü keçirilib. Tədbirdə ilk çıxış edən Xalq şairi Fikrət Qoca 55 yaşın cavanlıq yaşı olmasa da, hələ qocalıq dövrü olmadığını vurğulayıb. D.Sevginin şeirlərini yəndiyini deyən F.Qoca ona qarşıdakı illərdə sevilən şeirlər yazmağı arzu edib.

Tədbirin moderatoru, tənqidçi Əsəd Cahangir çıxışında bildirib ki, sözün yaxşı mənasında tərifdə qənaətcil olan Fikrət Qoca kimi Xalq şairinin təqdirini qazanmaq uğurdur: "Fikrət müəllim hər şairin şeirini yənmir. Dayandurun şeirləri haqqında fikir bildirməsi, yəqin ki, yubilyarı da sevindirir". Ə. Cahangirin fikrincə,  D. Sevginin poeziyasını ən qısa şəkildə belə səciyyələndirmək olar: "Sadəlik, təbiilik, yatilik, çoxəsrlik milli poeziya ənənələrinə bağlılıq, sevginin tərənnümü, gözəlliyin vəsfi, taleyin cəmiyyətin şair qəbinə vurduğu zərbələrin ağrısından  doğan dərd…"

"Vektor" Nəşrlər Evində çap olunmuş kitabın redaktoru önsözün müəllifi, alim-şair Elçin İsgəndərzadə çıxışında yubilyarla tanışlığından söhbət açıb: "20 il əvvəl Dayandurla ilk rastlaşıb görüşdüyümdə elə bildim ki, bir insanın yox, sadəliyin, zəhmətin, halallığın əlini sıxıram. Mənə elə gəlir ki, Dayandur çağdaş cəmiyyətimizdə nadir insanlardan biridir ki, 55-in üzünə bir insan olaraq çox qürurla, alnıaçıq, üzüağ baxa bilir. Bu, insan ömrünün çox çətin şərəfli bir məqamıdır. 20 ildir rəğbət bəslədiyim  Dayandur Sevgin mənim müşahidə düşüncəmə görə, insanlığımızın saflıq etalonlarından biridir. "Xoş gəldin 55 yaşım" kitabını oxuyanların buna bir daha şahid olacağına inanıram".

Tədbirdə çıxış edənlər Dayandur Sevginin poeziyasının məziyyətlərindən, həm şairin insani keyfiyyətlərindən danışıblar.

Sonda çıxış edən yubilyar qonaqlara minnətdarlığını bildirib oxucular üçün kitab imzalayıb.

S.MÜRVƏTQIZI

 





15.05.2014    çap et  çap et