525.Az

Gəncədə şəhidin adını daşıyan küçədə xatirə guşəsi açıldı


 

Gəncədə şəhidin adını daşıyan küçədə xatirə guşəsi açıldı<b style="color:red"></b>

Gəncədə Vətən müharibəsi şəhidi Mirhüseyn Seyidzdənin igidliyini vəsf edən mərmər lövhənin, Azərbaycan və Türkiyənin bayraqları, ölkəmizin xəritəsi və digər elementlərdən ibarət kompozisiyanın açılışı böyük izdihamla keçdi. Ümumşəhər xarakterli tədbirdə Gəncə şəhər icra hakimiyyəti başçısının müavini Adil Tağıyev, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Milli Məclisin Gəncədən seçilmiş deputatları, şəhid yaxınları, qazilər, Mirhüseyin Seyidzadənin oxuduğu məktəbin müəllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsinin yad edilməsi ilə başlayıb. Sonra şəhidin xatirə lövhəsi üzərindən örpək götürülüb, önünə tər gül dəstələri düzülüb.

Tədbir iştirakçıları çıxışlarında bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz işğalçı Ermənistanı diz çökdürdü, möhtəşəm Qələbə qazanaraq xalqımızın 30 illik torpaq həsrətinə son qoydu, 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü, qüdrətini dünyaya nümayiş etdirdi.

Çıxışlarda uşaqlıqdan Vətənə, torpağa bağlı olan Mirhüseyin Seyidzadənin keçdiyi döyüş yolundan, erməni işğalçılarına qarşı döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışılıb.

Öz doğum günündə əziz xatirəsi bu cür şərəflə yad olunan Mirhüseyin ailənin tək övladı idi. Qəhrəman şəhid döyüş yoldaşları ilə birgə 14 gün müddətində düşmənə ağır zərbələr endirib. Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə şəxsi şücaət göstərib.

Mirhüseyin Seyidzadə Vətən müharibəsində Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Mirhüseyin Seyidzadə ölümündən sonra "Vətən uğrunda" medalı, "İkinci dərəcəli Vətənə xidmətə görə" ordeni, 3-cü dərəcəli "Rəşadət" ordeni, Cəbrayılın, Qubadlının, Laçının azad edilməsinə görə medalları ilə təltif edilib.

Mirhüseyn Gəncənin qədim İmamlı məhəlləsinin köklü seyid nəslinə mənsubdur. Nəslin nümayəndələri öz dürüstlüyü, sadəliyi və vətənsevərliyi ilə tanınıblar. 1991-ci il təvəllüdlü Mirhüseyn peşəkar hərbçiliyi seçmiş, Azərbaycan Sülhməramlı Qüvvələrində xidmət göstərmişdir.

"Bütün şəhidlərimiz, Azərbaycanın bütün ata və analarının balasıdırlar. Bu igidlərimiz ölkəmizin dörd bir tərəfindəki portretlərindən öz təmiz baxışları ilə hər gün bizlərə baxaraq gülümsəyir, dəyərlərimizin Vətənimizin qədrini bilməyə səsləyirlər" - deyə, şəhidin atası Miryunis Seyidzadə bildirib.

Şəhidin valideynləri həmçinin Vətən uğrunda canlarından keçmiş igidlərimizin xatirəsinin əziz tutulmasına, onların yaxınlarının qayğılarına son dərəcə həssaslıq göstərilməsinə görə, ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Mərasimdə məktəblilər Vətənə, qəhrəmanlara həsr olunan şeirlər səsləndiriblər.

Sonra tədbir iştirakçıları şəhidin məzarını da ziyarət ediblər.

Zakir MURADOV,

Gəncə

 





15.02.2022    çap et  çap et