525.Az

Özbək ədəbiyyatının təbliğinə Ramiz Əskər töhfələri


 

Özbək ədəbiyyatının təbliğinə Ramiz Əskər töhfələri<b style="color:red"></b>

Çağdaş Azərbaycan filologiyasında Türk xalqları ədəbiyyatının araşdırılması yönündə ən məhsuldar fəaliyyət göstərən alimlərdən biri də Bakı Dövlət Universiteti Türkologiya kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Ramiz Əskərdir. Ramiz müəllimin tədqiqatları, tərcümə işləri nəinki hazırkı elmi yaradıcılıq prosesini canlandırır, həm də gələcək araşdırmalar üçün əsaslı zəmin rolunu oynayır, yeni tədqiqat işləri üçün sanballı istinad nöqtəsi formalaşdırır.

Ramiz Əskər əksər türk dillərindən tərcümələr edib və bu tərcümələrin nəticəsi kimi bir sıra monoqrafiya qələmə alıb. Onun yaradıcılıq yolunda özbək ədəbiyyatına dair tədqiqləri xüsusilə diqqət çəkir. Belə ki, Ramiz Əskər dahi özbək şairi və mütəfəkkiri Əlişir Nəvayinin 580 illik yubileyi münasibətilə onun 13 kitabını Azərbaycan dilinə tərcümə edərək çap etdirib. 2020-ci ildə "Əlişir Nəvayi və onun xəmsəsi" (Bakı: Füyuzat, 2020, 96 s.), "Özbək ədəbiyyatı tədqiqatları" (Bakı: Füyuzat, 2020, 192 s.) kitabları çapa hazırlanıb. Daha sonra Nəvayinin 5 cilddən ibarət xəmsəsini orijinaldan çevirərək nəşr etdirib: "Əlişir Nəvayi. Heyrət ül-əbrar" (Bakı: Ecoprint, 2021, 480 s.), "Əlişir Nəvayi. Fərhad və Şirin" (Bakı: Ecoprint, 2021, 624 s.), "Əlişir Nəvayi. Leyli və Məcnun" (Bakı: Eco-print, 2021, 400 s.), "Əlişir Nəvayi. Səb'ayi-səyyar" (Bakı: Ecoprint, 2021, 520 s.), "Əlişir Nəvayi. Səddi-İskəndəri" (Bakı: Ecoprint, 2021, 740 s.)

 

Elə həmin il Nəvayinin risalələrinin iki kitab halında tərcümə və nəşrini həyata keçirib: "Əlişir Nəvayi. Məhbub ül-qülub" (Bakı: 2021, Füyuzat, 262  s.), "Əlişir Nəvayi. Beş risalə" (Bakı: Füyuzat, 2021, 328 s.)

Professor Ramiz Əskər bu böyük şair haqqında daha üç kitab qələmə alıb: "Əlişir Nəvayi: şəxsiyyəti və sənəti" (Bakı: Füyuzat, 2021, 404 s.) "Əlişir Nəvayi. Seçilmiş əsərləri" (Bakı: Füyuzat, 2021, 504 s.), "Əlişir Nəvayi. Əsərləri" (Bakı: "Red N Line" MMC, 2021, 576 s. + 56 s. rəngli miniatür.)

2022-ci ilin fevralında isə müəllifin Nəvayi haqqında son kitabı çapdan çıxıb: "Əlişir Nəvayinin lirikası" (Bakı: Füyuzat, 2022, 320 s.)

Azərbaycan alimi müxtəlif illərdə xarici ölkələrdə keçirilən elmi konfranslara qatılaraq Nəvayi haqqında məruzələrlə çıxış edib. Nəvayi ilə bağlı elmi araşdırmalarına və tərcüməçilik fəaliyyətinə görə Ramiz Əskər Özbəkistanın "Turan" Elmlər Akademiyasının akademiki, Nəvayi şəhərinin Fəxri vətəndaşı adlarına layiq görülüb, 2021-ci ilin sonunda isə Beynəlxalq Türk Akademiyasının "Əlişir Nəvayi" qızıl medalı ilə təltif edilib.

Ramiz Əskər özbək ədəbiyyatı ilə bağlı bu əsərləri də Azərbaycan dilinə çevirərək çap etdirib: "XX əsr özbək şeiri antologiyası" (Bakı: MBM, 2009, 96 s.), "Zəhirəddin Məhəmməd Babur. Seçilmiş əsərləri" (Bakı: MBM, 2011, 328 s.), "Zəhirəddin Məhəmməd Babur. Baburnamə" (Bakı: BXQR, 2011, 432 + 32 s. rəngli miniatürlər.), "Sultan Hüseyn Bayqara. Divan" (Bakı: MBM, 2011, 248 s.), "Xasiyyət Rüstəm. Məcnun söyüd" (Bakı: Füyuzat, 2020, 130 s.)

Ramiz Əskər özbək ədəbiyyatı qarşısında müstəsna xidmətlərinə görə 2011-ci ildə Babur adına  Beynəlxalq mükafata layiq görülüb.

Görkəmli Azərbaycan alimi, professor Ramiz Əskərə bu istiqamətdəki dəyərli fəaliyyətində yeni-yeni uğurlar arzu edirəm!

 





15.02.2022    çap et  çap et